Əli Ömərov: “Cinayət işi rüşvət faktı ilə bağlı başlanmalı idi”
“Azərbaycan qadını rüşvətin subyekti olmağı, rüşvətdə vasitəçi olmağı özünə daha çox şərəf sayar, nəinki dələduz qadın adı qazanmağı”
Baş Prokurorluqda Elşad Abdullayevin yaydığı Gülər Əhmədovanın rüşvət videosu ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin cinayət işinin bu maddə ilə açılması bəzi mütəxəssisləri qane etmir. Ekspertlər cinayət işinin məhz rüşvət faktı ilə açılmasını doğru sayır.
Keçmiş baş prokuror Əli Ömərov hesab edir ki, həm dələduzluqla, həm də rüşvət almaqla bağlı cinayət işinə başlanıla bilər. Lakin videoyazıda söhbət deputat seçilmək üçün tələb olunan rüşvətdən gedirsə, rüşvət faktı ilə bağlı cinayət işi başlanmalı idi: “Burda söhbət rüşvətdən gedir. Istintaq zamanı rüşvət faktı sübut olunmasaydı, məlum olsaydı ki, buna heç kim göstəriş verməyib ki, get kimdənsə pul al gətir ver mənə, onda dələduzluq cinayəti ilə tövsif etmək olardı. Azərbaycan qadının bu hala düşməsi mənim üçün də xoş hal deyil. Buna təəssüflənirəm. Ancaq söhbət ondan gedir ki, ortada şikayət var və şikayətdə də birbaşa yazılıb ki, deputat seçilmək üçün rüşvət vermişəm. Gülər Əhmədova da deyir ki, səni mən siyahıya saldırmışam. Ona görə də rüşvət faktı ilə bağlı cinayət işi başlanmalı idi”.
Ə.Ömərovun sözlərinə görə, Azərbaycan qadını rüşvətin subyekti olmağı, rüşvətdə vasitəçi olmağı özünə daha çox şərəf sayar, nəinki dələduz qadın adını qazanmağı: “Istintaq müəyyən etsə ki, doğrudan da Gülər Əhmədovaya kimsə kimisə deputat sedirmək üçün pul alıb gətirməyi göstəriş verib, onda Gülər Əhmədova rüşvətdə vasitəçi kimi cəlb oluna bilərdi. Yox, sübut olunsa ki, belə bir hal yoxdu, heç kim ona göstəriş verməyib, bunun öz təşəbbüsüdü, onda dələduzluq kimi tövsif olunmalı idi. Yəni bu işin mahiyyəti dəyişmir. Ancaq Azərbaycan qadını rüşvətin subyekti olmağı, rüşvətdə vasitəçi olmağı özünə şərəf sayar, amma dələduz qadın kimi tanınmağı istəməz. Bu çox pis addı”.
Ə.Ömərov cinayət işinin dələduzluq faktı ilə başlanmasında da problem görmür: “Bu qadının nə demək istədiyini başa düşə bilmədim. Əgər doğrudan da buna göstəriş verən varsa, o bu rüşvətdə vasitəçi kimi getməli idi. Dələduzluqla bağlı cinayət işinə başlanması da səhv addım deyil. Sabah istintaqda sübut olunsa ki, burda rüşvət var, onda da yenə istintaq orqanı bunu rüşvətə tövsif edə bilər. Burda elə bir ciddi problem yoxdu. Amma mən olsaydım, rüşvət faktı ilə cinayət işinə başlayardım. Sübut olunmasa, keçərdim dələduzluğa. Çünki bəlkə Gülər Əhmədova sabah ifadə verəndə deyər ki, mənim təqsirim yoxdu, mən kimdənsə asılıyam, məni məcbur ediblər, ortada vasitəçilik etmişəm. Bəlkə sabah doğrudan da o, belə bir şey var idi deyib etiraf edər. Onda bunun məsuliyyəti yüngülləşərdi, rüşvətdə vasitəçi kimi gedə bilərdi”.
Fizzə