(Parisdən Azərbaycan düşüncələri)
Vəzifədüzəltmə sektoru
Vəzifədüzəltmə Azərbaycanda ayrıca sektordur və buranın öz dəllalları var. Həm də burada hamı dəllaldır, vəzifəni alan da, satan da, vasitəçi də. Gülər Əhmədovanın “prezidentin siyahısını pozdurmuşam” deməsindən öncə də bunu hamı bilirdi. Şanlı ölkəmizdə ən adi vəzifələr belə satılır. Böyük vəzifələr də böyük pula satılır. Azərbaycanda deputatların prezident siyahısı ilə seçilməsi də təzə söhbət deyil. 2000-ci ildə Nemət Pənahlı belə bir siyahı çıxarmışdı. Hamı mandatı bu siyahı ilə alır. Indi bəzi deputatlar elə danışırlar ki, guya cəmi bircə nəfər yaman deputat varmış – Gülər Əhmədova, onu da təmizlədilər.
Pulu batanlar…
Eyni zamanda bu illərdə biz hey eşidirdik ki, kimlərsə vəzifəyə, deputatlığa getmək üçün N qədər pul verib, amma nə kürsünü alıb, nə də verdiyi pulu. Birincisi, rəqabət var – bizim ölkədə bu kürsülər çox gəlir gətirir, ikincisi, dələduzluğun əsas mərkəzi siyasi hakimiyyətə köçdüyündən, orda da kimsə kiminsə pulunu atır. Böyük iddiası olanlar və pulu böyüklərdə ilişənlər səsini çıxarmır, amma bu cür kiçik və orta səviyyəli işlərə aid hətta çox sayda məhkəmə dartışmaları var.
İlham Əliyev Fransadakı siyahıda
Biz indi burada Ilham Əliyevin gülərpozan yırtıcılar siyahısından danışırıq, amma onun da öz adı mütəmadi olaraq Fransada bir yırtıcı siyahısına salınır. Qərargahı Parisdə olan Sərhədsiz Reportyorlar Təşkilatı dünyada söz azadlığını müdafiə edən ən mötəbər qurumlardandır. O təşkilatın siyahısı var: mətbuatın düşmənləri; mətbuat yırtıcılar. Ilham Əliyev də bu siyahıya düşüb.
Gülər Əhmədovanın videosundakı həqiqətlər də bu siyahının mənası ilə tam uyğundur. Ölkəmizdə o cür qanunsuzluqlar olmasa, oğurluqlar edilməsə, seçkilər saxtalaşdırılmasa, mətbuatı da boğmazdılar. Mətbuatı ona görə boğurlar ki, hər şey xəlvətdə qalsın. Xalq bilməsin. Baxın, xalqın çoxunun hələ də Gülər Əhmdovanın videosundan xəbəri yoxdur. Hətta çox seçicilər bilmir ki, onların deputatı ilə nə baş verib. Çünki bunu yazan 3 qəzet var, onları da xalq lazımınca ala bilmir. Əhalinin böyük hissəsi hətta qəzet tapa bilmir almağa. Ölkə əhalisinin 47 faizi kənddə yaşayır, fəqət bircə kənddə də qəzet satılmır. TV-lərin heç biri o videonu vermir. ITV hələ susub və göstəriş gözləyir.
Məsələ təkcə bu videoda da deyil. Xalqın biləcəyi çox şey var. Bu ölkəni idarə edənlərə TV-nin efirində 5-6 tutarlı sual versən, onların kimliyi bəlli olar. Onların Gülər Əhmədovadan heç bir fərqinin olmadığı ortaya çıxar.
Digər tərəfdən, Ilham Əliyevin adının mətbuat yırtıcıları və düşmənləri siyahısında olması, deputat mandatı satmaqdan da ağır bir işdir. Bizim hakimiyyət isə Gülər kimi adamları qabağa verib, bu siyahıları erməni fitvası sayır. Illərdir Sərhədsiz Reportyorları bizim iqtidar ermənipərəst adlandırır. Amma Fransa parlamenti erməni genosidinin inkarını kriminallaşdırmaqla bağlı qərar çıxaranda buna ilk etiraz edən də həmin təşkilat oldu. Bu təşkilat yalnız söz azadlığı üçün çalışır – həm də təmənnasız və qərəzsiz. Mən Parisdəki qərargahında bu təşkilata ölkəmizin azad fikirli insanları adından təşəkkür etdim.
Azərbaycanın ÜTT-dən yayınması
Istənilən Avropa ölkəsində Azərbaycanla münasibətləri müzakirə etməli olsan, qarşı tərəf bunun üçün Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” Proqramını əsas götürəcək. Yəqin bilirsiniz ki, bu proqrama əsasən Azərbaycan və daha 5 ölkə assosiativ üzvlük sazişini imzalamalıdır. Belarus bu sazişi imzalamaqdan açıq şəkildə imtina edir. Azərbaycan isə hələ müxtəlif bəhanələrlə bundan yayınır. Avropalı diplomatlar bunun səbəblərini izah etməkdən yayınırlar, müstəqil ekspertlər, politoloq və jurnalistlər isə açıq şəkildə deyirlər: bu prosesi hakimiyyətiniz ləngidir, azadlıq havası, dəyişmə, Avropa dəyərləri onlara maraqlı deyil.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatından yayınması xüsusən dəhşətli görünür onlara: belə bir şansdan necə qaçmaq olar? Avropalılar soruşur ki, Fransa, Almaniya xeyrini bilmir bu təşkilata girəndə? Bəlkə başqa dövlətlər bilmir? Onlar deyir ki, Azərbaycan çox şey itirir bununla!
İlham Əliyev Parisdə də ÜTT-yə qarşı çıxdı
Həmin günlərdə Parisə Luvr muzeyinin yeni şöbəsinin açılışına gələn Ilham Əliyev Fransa şirkətlərinin Azərbaycanın ÜTT-yə daxil olması perspektivləri ilə bağlı sualına cavab verib. Bildirib ki, təşkilata erkən üzvlük Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı və kiçik və orta sahibkarlığın inkişafını ləngidə bilər. Səbəb də onu göstərib ki, Azərbaycan fermerlərə subsidiyalar verir, güzəştli yancaq, gübrə və s.
Amma bu sadəcə bəhanədir. Əmin olmanız üçün mütəxəssisin – tanınmış iqtisadçı Rövşən Ağayevin fikrini sizə təqdim edirəm: “Bəli, ÜTT rəqabətə davamlı məhsul naminə subsidiyalara məhdudiyyət qoyur. Amma bu məhdudiyyət istehsal olunan kənd təsərrüfatının məhsullarının ümumi dəyərinin 10 faizinə qədər ola bilər. Azərbaycanın isə açıq subsidiyaları həmin payın 5 faizini keçmir. ÜTT-yə daxil olsa, Azərbaycan yenə də həmin subsidiyaları verəcək, üstəlik, çox şey qazanacaq. Deyilənlər, bəhanədir”.
Bəs indi nə baş verir? Bir nümunə: 2008-ci ildə Azərbaycan 130 min ton alma ixrac etmişdi, amma 2011-də bu 46 min tona düşüb. Ölkəmiz rəqabətə davamlı kənd təsərrüfatı məhsulları istehsal etmədən bu sektoru inkişaf etdirə bilməz. Bunun üçün ÜTT-yə girmək vacibdir. Həm də təkcə buna görə yox, bütün başqa sahələrin əsaslı inkişafı üçün. Ən başlıcası, korrupsiyanın, monopoliyanın qarşısını almaq üçün bu gərəklidir. Elə bunu da istəmirlər. Geniş mənada, bu, ÜTT-dən yayınmaq deyil, Azadlıqdan, Həqiqətdən, Şəffaflıqdan yayınmaqdır.