Fransalı casuslar keçmiş Liviya liderinin peyk telefonunun siqnalı müəyyənləşdiriblər
Liviyanın keçmiş lideri Müammər Qəddafi Fransa xüsusi xidmət orqanlarının casusu tərəfindən öldürülə bilərdi. Onun yerini tapmaqda isə fransızlara Suriya hakimiyyəti kömək edib. Bunun qarşılığında Dəməşqə qarşı beynəlxalq təzyiqlər azalmalıymış. ANS PRESS-in məlumatına görə, bu şok iddia ilə İtaliyanın “Corriere della Sera” qəzetinin müxbiri Tripolidən çıxış edib.
O bildirib ki, polkovnik Qəddafinin ölümü ilə bağlı rəsmi versiyaya əksər liviyalılar çoxdan inanmırlar. İtaliyalı jurnalist Qəddafinin öldürülməsi zamanı Keçid Milli Şurasının rəhbəri olmuş tanınmış siyasətçi Mahmud Cibrilin iki gün əvvəlki bəyanatını xatırladıb. “Qəddafini inqilabi briqadalara qarışan xarici casus öldürürüb”, – Mahmud Cibril Misir telekanallarından birinə müsahibəsində deyib.
“Corriere della Sera”nın iddiasına görə, Liviya paytaxtındakı Qərb diplomatik dairələrinin qeyri-rəsmi şərhi bundan ibarətdir ki, əgər Qəddafini həqiqətən xarici casus öldürübsə, yəqin ki, bu, fransalı casusdur. Qəzet xatırladır ki, NATO-nun əməliyyatları başladıqdan sonra Müammər Qəddafi Nikola Sarkozinin seçki kampaniyasının çoxmilyonlu maliyyələşməsi ilə bağlı detalları açıqlayacağını bəyan etmişdi. “Sarkozinin polkovniki susmağa mümkün qədər tez vadar etmək üçün bütün motivləri mövcud idi”, – jurnalist Tripolidəki Avropa diplomatik mənbələrinə istinadən yazıb.
İtaliya qəzetinin müxbiri Benqazidə topladığı məlumatları da açıqlayıb. Milli Keçid Şurasının xarici KİV-lərlə keçmiş əlaqələndiricisi Rami əl Obeydi ona Tripolini tərk edən Qəddafinin yerinin necə müəyyənləşdirildiyini də danışıb. O zaman hesab edilir ki, polkovnik bir qrup tərəfdarı ilə Liviyanın cənubuna qaçıb. Lakin əslində Liviya lideri Sirtdə idi. “Qəddafi İridium peyk telefonu ilə Bəşər Əsədə sığınmaq üçün Suriyaya qaçan sadiq tərəfdarları ilə əlaqə yaratmağa cəhd edib. Onların arasında televiziya təbliğatı ilə məşğul olan Yusif Şakir (hazırda Praqadadır) də olub. Fransa xüsusi xidmət orqanlarına Qəddafinin peyk telefonunun nömrəsini isə Bəşər Əsəd verib. O, bunun müqabilində Parisdən Suriyaya qarşı beynəlxalq təzyiqlərin yumşaldılması təminatını alıb.
Qəddafinin telefonunun yerini tapmaq isə NATO ekspertləri üçün uşaq oyunu qədər sadə olub.
Qeyd edək ki, Liviyada Müammər Qəddafinin edamında iştirak etmiş şəxslərə qarşı ov başlayıb. Qəddafinin sığınacağını hamıdan əvvəl tapan keçmiş qiyamçı Ümran Cümə Şaban bu günlərdə öldürülüb. Onlar keçmiş Liviya liderinin ələ keçirilməsində iştirak etmiş başqa üç nəfər müəmmalı şəraitdə ölüblər.
İnformasiya şöbəsi