Rüşvət videosu ilə təsdiqlənən seçki cinayəti müzakirə olundu: “İlham Əliyev cavab versin!” (VİDEO)
Ictimai Palata ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə YAP-çı deputat Gülər Əhmədova arasında rüşvətlə mandat sövdələşməsinə dair yayılmış video ilə dünən ictimai dinləmə keçirdi. Müsavat Partiyasının qərargahında keçirilən dinləmədə müxalifət partiyalarının sədrləri, ziyalılar, hüquqşünaslar, iqtisadçılar, QHT rəhbərləri, ictimai-siyasi fəallar iştirak edirdi.
“Bu, dələduzluq yox, dövləti cinayətdir”
Dinləmədə ilk çıxış edən Koordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbər olub. O, məlum hadisəni dələduzluq yox, dövləti cinayət kimi qiymətləndirib: “Bu hadisə hakimiyyətin təqdim etdiyinin əksinə, sadəcə dələduzluq məsələsi deyil. Bu, dövləti cinayətdir. Bizim tələbimiz parlamentin təcili buraxılması və yeni seçkilərin keçirilməsidir. Bu, hakimiyyət üçün ən düzgün yol olar”.
I.Qəmbər çıxışında xalqı baş verənlərə etiraza da səsləyib: “Əgər söhbət konstitusion cinayətdən gedirsə, buna bütün xalq etiraz etməlidir. Xalqın gələcəyi oğurlanırsa, o, ayağa qalxmalıdır. Hər yerdə xalqa çatdırmalıyıq ki, bu rejimə ”get” deməyin, “istefa” deməyin vaxtıdır. Xalq hazırdırsa, biz bunu etməyə hazırıq”.
“Sussaq, vətəndaş yox, köləyik”
Sonra vəkil Aslan İsmayılov çıxış edərək cəmiyyət bu məsələyə səssiz qalmamalı olduğunu bildirib: “Həm Ictimai Palata, həm QHT-lər həm də vətəndaş cəmiyyəti nümayəndələri video çıxan gecə dərhal münasibət bildirməli idi. Çünki bundan böyük biabrıçılıq ola bilməz. Əgər biz indi də susacağıqsa, onda boynumuza almalıyıq ki, köləyik, vətəndaş deyilik. Hamı bilməlidir ki, bizim aqibətimizlə məşğul olanlar kimlərdir. Mən hesab etmirəm ki, bu, oliqarx oyunudur. Belə təhlükəli oyuna heç bir oliqarx girişməz. Bu cinayət işi ilə bağlı artıq nə baş verəcəyi mənə bəllidir. Cinayət işinin açılması da heç kimin deyil, məhz sosial şəbəkələrin işidir. Bu işi Bakı Şəhər Prokurorluğuna göndəriblər, halbuki bu, respublika əhəmiyyətlidir. Bu səbəbdən də bu iş Respublika Prokurorluğunda olmalıdır. Mən onun vəkili olsaydım, çalışardım ki, Gülər etdiyi cinayət qədər cəzalandırılsın, ondan artıq deyil”.
A.Ismayılovun fikrincə, bu olay cəmiyyətin bütün təbəqələri üçün son imkandır: “Xəstəlik məsələsi də bir oyun idi. Bu hadisə hamı üçün son imkandır. Həm iqtidar, həm müxalifət, həm də digərləri üçün. Bu məsələ gündəmdən düşməməlidir. Bütün KIV-lər münasibətini ortaya qoymalıdır. Hakimiyyət rəy verəndən sonra mövqe bildirmək lazım deyil”.
A.Ismayılov bu faktın üstünün açılmasında, cəmiyyətin hadisə barədə məlumatlandırılmasında oynadığı rola görə “Azadlıq” qəzetinə xüsusi minnətdarlıq ifadə edib: “Bütün məhrumiyyətlərə baxmayaraq ilk andan məsələnin üzərinə düşən ”Azadlıq” qəzeti kollektivinin işini yüksək qiymətləndirirəm və onlara təşəkkür edirəm”.
IP üzvü Səxavət Əlisoy isə təklif edib ki, bu hadisə ilə əlaqədar beynəlxalq təşkilatlarla görüş küçirilsin.
IP üzvü Aydın Şükürlü qeyd edib ki, baş verənlər hakimiyyətin xalqa qarşı törətdiyi cinayətdir, eyni zamanda onun özünün ifşasıdır.
“Prosesi ifşadan iflasa, iflasdan istefaya doğru aparmalıyıq”
Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli bildirib ki, bu, Hacı Məmmədov olayı və Əli Insanovla Fərhad Əliyevin məhkəmə prosesləri zamanı hakimiyyətin ifşasından sonra – Azərbaycanın son 20 illik tarixində baş verən üçüncü dövləti cinayətdir: “Bu, birbaşa dövləti cinayətdir, parlamentin qəsb olunması faktıdır, mövcud korrupsioner, kriminal rejimin ifşasıdır. Biz prosesi ifşadan iflasa və iflasdan istefaya doğru aparmalıyıq”.
Müzakirələrdə iştirak edən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli məlum videokadrı hakimiyyətdaxili mübarizənin təzahürü adlandırıb. Q.Əlibəyli qeyd edib ki, kadrda görünənlər siyasi korrupsiya, hakimiyyətin mənimsənilməsi, seçkilərin saxatalaşdırılması faktdır. Lakin hakimiyət məsələni xırda dələduzluğa yönəltmək istəyir. Əslində isə vəzifəli şəxs hakimiyyət səlahiyyətlərindən istifadə edib.
Vəkil Mənsum Bayramov bildirib ki, iş Respublika Prokurorluğundan alınıb Korrupsiyaya qarşı Mübarizə Idarəsinə verilməlidir: “Ortada dələduzluq faktı var. Bununla yanaşı, çoxsaylı başqa cinayətlərin əlamətləri də ortadadır. Seçki qanunvericiliyi pozulub. Qeyri-müəyyən ”kassa” məsələsi qabardlmalıdır. “Kassa” kimindir, nəyə xidmət edir?”.
IP üzvü İmamverdi Cəfərov bu hadisəni “təbii fəlakətə” bənzədib: “Biz iki ildir etiraz edirik, hökumət reaksiya vermir. Gülər Əhmədovanın saxtakarlığı bizim dediklərimizi sübut etdi. Indi sanki böyük bir bənddə deşik açılıb. Təzyiqi gücləndirməsək, bənd yarılmayacaq. Parlamentin buraxlılmasına nail olmalıyıq”.
“Kütləvi aksiyalara başlamaq lazımdır”
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı isə bildirib ki, prezident seçkilərinə qədər parlament seçkilərinin keçirilməsinə nail olmaq lazımdır: “Buna Ramiz Mehdiyev və Ramil Usubov, ATƏT və Avropa Şurası münasibət bildirməlidir. Seçkilərdən sonra Ilham Əliyevi təbrik edən beynəlxalq qurumlardan soruşmaq lazımdır ki, buna görəmi təbrik etmisiniz? Ən yaxın zamanda kütləvi aksiyalara başlamaq lazımdır. Bu məsələni qətiyyən adi dələduzluq və ya oliqarxlararası mübarizə kimi qələmə vermək düzgün deyil”.
“Gülər Əhmədova həm də çox qiymətli şahiddir”
Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib ki, Gülər Əhmədova cinayətkar olmaqla yanaşı, həm də çox qiymətli şahiddir: “Ortada ”kassa”, “seçicinin 1 nəfər, deputatlığa namizədlərin çox olması”, “alver” kimi faktlar var. Mən dünəndən bəri Gülərin həyatı ilə bağlı narahatam. Bir neçə dəfə insult keçirib xəbəri çıxdı. Daha sonra istefa məktubu. Yüzdəyüzÿəminəm, bu ərizəni Gülər Əhmədova yazmayıb. Ordakı cümlələr Gülərin halına, əhvalına uyğun deyil”.
P.Hüseyn məsələni diqqətdə saxlamaq üçün ictimai təhqiqat komissiyasının yaradılmasını təklif edib.
AXCP Gənclər Komitəsinin Əbülfəz Qurbanlı deyib ki, Ictimai Palata ilk növbədə “Parlament buraxılsın” kampaniyasına başlamalıdır: “Hadisəyə artıq bir neçə gündür düzgün qiymət verilib. Bizim əsas vəzifəmiz bu hadisənin gündəmdən düşməməsi olmalıdır. Ictimai Palata ”Parlament buraxılsın” kampaniyasına başlamalıdır. Bu, o vaxta qədər davam etsin ki, Milli Məclis buraxılsın. Müzakirələrlə yanaşı, aksiyalar da olmalı və bu aksiyalarda hamı iştirak etməlidir”.
“Seçkiyə müsbət rəy verənlərdən hesab sorulmalıdır”
IP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal son olaylarının əsasının 1993-cü ildən qoyulduğunu bildirib: “Çıxışlarda bu gün baş verən hadisə deyirik. Bu hadisə bu gün baş verməyib. 1993-cü ildən hakimiyyət devrilib və bu hadisə o vaxtdan başlayıb. Heç bir qanun işləmir və bu, 19 ildir davam edir. Hamı bilir ki, parlamentə seçkilər bu cür keçirlir və buna Ramiz Mehdiyev rəhbərlik edir. Bunu deyirdik, amma sübut etmək olmurdu. Bu video bunu sübut etdi”.
V.Mirkamalın fikrincə, demokratik düşərgə indiki hakimiyyətin vaxtında keçirilmiş bütün seçkilərlə bağlı onlara müsbət rəy vermiş qurumlardan bunun hesabını sormalıdır. O, yanvar ayına qədər vaxtından əvvəl parlament vəÿprezident seçkiləri keçirməyin tələb edilməsini də təklif edib.
“Bu saxtakarlıq mexanizminə hamı şahid oldu”
Çıxışlara IP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli yekun vurdu. Ə.Kərimli baş verənləri ölkə üçün çox mühüm hadisə kimi qiymətləndirdi: “Biz hamımız bilirdik ki, seçkilər saxtalaşdırılır, əvvəlcədən siyahılar hazırlanır, o siyahılara bəziləri qohumluq münasibətlərinə, bəziləri siyasi mülahizələrə, çoxları isə rüşvət müqabilində daxil edilir. Günün birində bütün bunları canlı olaraq videolentdə gördük. Azərbaycan cəmiyyəti həqiqətən də şok yaşadı. Baş vermiş hadisəyə çox böyük maraq yarandı. Azərbaycan televiziyaları susmağa çalışsa da, xalq baş verənlərdən xəbər tutdu. Yalnız ”youtube”da 20 mindən artıq azərbaycanlı bu videoya baxıb. Deməli, bu, azərbaycanlılar üçün çox böyük hadisədir. Hamı canlı olaraq bu saxtakarlıq mexanizminin şahidinə çevrildi. Hökumət əvvəlcə hadisəni görməməzliyə vurmaq istədi. Çox da təəccüblü deyil. Gəlin, xatırlayaq. Əliyevlərin hakimiyyətdə olduğu illərdə Azərbaycan hakimiyyəti nə qədər dəhşətli faktı belə görməməzliyə vurmağa çalışıb. Azərbaycan iqtisadçıları sübut ediblər ki, 9 il ərzində yalnız gömrük vasitəsilə dövlət büdcəsindən 10 milyardlıq mənimsəmə olub. Amma bununla bağlı bir nəfər də olsun cəzlandırılmayıb. Mən demirəm, prezident, hökumət, parlament, heç olmasa gömrük idarəsinin bir rəhbəri cəzalandırılıbmı? Jurnalistlərimiz araşdırıblar ki, ölkədəki bahalaşmanın birinci səbəbi inhisarla bağlıdır.
Inhisar olmasa, Azərbaycana dünyanın hər yerindən gətirilən mallar beş dəfə ucuz satılar. Hökumət bunun qarşısında susdumu? Susdu. Yolların çəkilməsi, məktəblərin tikintisi, avtovağzalın tikintisi ilə bağlı yüz milyonlarların, milyardaların mənimsənimləsi oldu. Kimsə istefaya getdimi və ya cəzalandırıldımı? Hacı Məmmədov məsələsində kimsə cəzalandırıldımı? Azərbaycan hakimiyyətində kimsə siyasi məsuliyyət daşıdımı? Xeyr!”.
“İllərdir cinayəti dövlət səviyyəsində ört-basdır ediblər”
Ə.Kərimli hesab edir ki, baş verən hadisə Azərbaycan xalqının kiçik də olsa uğurudur: “Azərbaycan hakimiyyəti baş verən bu rüsvayçılığı axıra qədər ört-basdır edə bilməyib. Əlbəttə ki, hökumətin daxilindəki qruplar bu hadisədən istifadə etməyə çalışacaqlar. Amma bunu aydın şəkildə bilməliyik ki, Azərbaycan hakimiyyəti və onun bütün qrupları bu cinayəti gizlətmək üçün mümkün olan hər şeyi edirlər. ”Azadlıq” radiosunda Elşad Abdullayevin vəkili açıq şəkildə bəyan edib ki, yeddi il ərzində bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, siyasi rəhbərliyə yüzə qədər müraciət göndərilib. Bizim bu gün gördüyümüz və şok olduğumuz bu videoları siyasi rəhbərlikdə və hüquq-mühafizə orqanlarında hamı görüb. Amma ört-basdır ediblər. Hətta Elşad Abdullayev bu sənədləri təqdim edəcəyini bildirəndə də susublar, cinayət işi başlatmayıblar. Cinayəti birbaşa dövlət səviyyəsində ört-basdır ediblər. O vaxt etiraf etdilər və geriyə addım atdılar ki, Azərbaycan xalqını kütləvi etirazlarını gördülər. Qəbul etməliyik ki, bu hadisə Azərbaycanda yeni bir dönəmin başlanğıcıdır. Nəhayət sübut olundu ki, Azərbaycanın ictimai-siyasi həyatına internet, sosial şəbəkələr öz damğasını vurub. Artıq Azərbaycan hakimiyyəti xalqla hesablaşmaya bilmir. Yüzminlərlə insan bu məlumatları bir-biriylə paylaşır, etirazını bildirir.
Bu məsələdə hökuməti müdafiə etməyə heç kim tapılmadı. Hökumət bu ümumxalq etirazından qorxdu, panikaya düşdü. Düşündü ki, sosial şəbəkələrdə od püskürən onminlər küçələrə çıxsa, necə olacaq? Ona görə də cinayət işi açmağa məcbur oldular. Yoxsa əllərindən gələni edərdilər ki, işi ört-basdır edilsin. Amma indi də bu cinayət işini dələduzluq maddəsi ilə qaldırıblar. Əgər bu məsələ yalnız dələduzluq kimi nəzərdə tutulsa, o deməkdir ki, bu, həmin işi görməyə səlahiyyəti olmadığı halda bir nəfər şəxsin Elşad Abdullayevi aldadaraq pul almasıdır. Guya Gülər Əhmədova bu işi tək görüb, heç kimlə əlaqəsi olmayıb və heç kimdən göstəriş almayıb. Prokurorluq bununla o biri instansiyaları qorumağa çalışıb. Bu, birbaşa mütəşəkkil cinayətkar dəstə tərəfindən rüşvət almaqdır. Həmin o mütəşəkkil cinayətkar dəstə də ifşa olunmalıdır. Bu iş dələduzluqla tövsif oluna bilməz. Bu, sistem cinayətidir, dövlət səviyyəsində həyata keçirilmiş cinayətdir. Ona görə də bizim Respublika Prokurorluğuna ciddi sorğularımız olacaq. Prokurorluq artıq bu videonun həqiqiliyini təsdiq edib. Onlardan tələb edəcəyik ki, həmin bu videorolikdə Gülər Əhmədovadan başqa qrupların da siyasi korrupsiya ilə məşğul olduğu müəyyən edilsin. Ikincisi, həmin videomaterialda bütün Azərbaycan xalqının danışdığı iş adamlarının, məmurların məcburi olaraq ödənişlər etməyə məcbur edildiyi kassadan söhbət gedir”.
“Ümummilli kassa” məsələsi aydınlaşdırılmalıdır”
Ə.Kərimli deyir ki, Azərbaycan cəmiyyətində hamı bu barədə bilirdi, danışırdı, amma sübut yox idi: “Bu ”ümummilli kassa” məsələsi aydınlaşdırılmalıdır. Kimdir Azərbaycanın bütün nazirlərindən, qurumlardan, iş adamlarından xərac toplayan? Bu əməliyyat hansı əsaslarla aparılır? Bu cinayət açılmalıdır.
Hakim partiyanın Siyasi Şurasının üzvü, millət vəkili təsdiq edir ki, Fərhad Əliyevlə, Əli Insanov onlara qarşı irəli sürülən ittihamlara görə yox, siyasi motivlə həbs olunublar. Biz bu məsələlərlə bağlı prokurorluğun qarşısına tələblər qoyacağıq.
Bu hadisələrin bir müsbət tərəfi də var. Nəhayət uzun illərdən sonra prokurorluq etiraf etdi ki, Cinayət Prosessual Məcəllənin 207-ci maddəsi işləməlidir. Bu maddədə göstərilir ki, KIV-də cinayət törədilməsi haqda getmiş məlumatlar araşdırılmalıdır. Biz hər gün qəzetlərdə onlarla cinayət haqqında məlumat oxuyuruq. Azərbaycan qanunvericiliyinə görə, hər bir cinayətin törədilməsi haqqında məlumatı prokurorluq orqanları 207-ci maddənin tələbinə uyğun olaraq araşdırmalıdır. Ya cinayət işi başlatmalı, ya da cinayət işini başlatmaqdan imtina haqda əsaslandırılmış qərar verməlidir. Indiyə qədər Azərbaycanda qəzetlərdə, televiziyalarda, internetdə əksini tapmış cinayətlərin çoxu araşdırılmayıb. Bu qəbildən olan məlumatları prokurorluğun yadına salacağıq. Nəinki Azərbaycanın, hətta dünyanın ən nüfuzlu KIV-ləri birbaşa dövlət başçısının övladları üçün Dubayda aldığı, qiyməti milyonlarla ölçülən villalarla bağlı məlumatları olub. Bu hadisədən sonra nə deyib araşdırmayacaqlar? Azərbaycanın bank sektorunun özəlləşdirildiyi ilə bağlı jurnalist araşdırması aparılıb və dövlət başçısının ailəsinin qanunsuz olaraq bir çox bankları özəlləşdirdiyi sübut olunub. Amma bununla bağlı prokurorluqda araşdırma aparılmayıb. Çovdar yataqları, offşor zonalara daşınan 48 milyard və bütün bu məsələlərlə bağlı prokurorluqdan izahat istəyəcəyik. Biz yaxşı başa düşürük ki, prokurorluq bu cinayətkar sistemin bir elementidir. Amma bu, məsələləri gündəmdə saxlamağın, hakimiyyəti ifşa etməyin bir yoludur”.
“Sistemli iş qurmaq niyyətindəyik”
Ə.Kərimli baş verənlərlə bağlı ölkə başçısından da izahat istəniləcəyini bildirir: “Biz Ilham Əliyevdən də izahat istəməliyik. Bütün bu seçki cinayətlərinin başında o özü dayanmırmı? Ona görə də bizim Ilham Əliyevdən, Ramiz Mehdiyevdən, Məzahir Pənahvdan, bütövlükdə bu cinayətkar şəbəkəyə rəhbərlik edən insanların hamısından izahat istəmək haqqımız var və biz bu izahatı istəyirik. Yalnız yazılı müraciətlərlə iş bitməyəcək. Biz sistemli iş qurmaq niyyətindəyik. Bir tərəfdən ölkənin hüquq-mühafizə orqanları ilə ciddi hüquq davası aparacağıq. Ikinci tərəfdən beynəlxalq təşkilatlara müraciətlər edəcəyik. Azərbaycan parlamentinin legitim olmadığını, xalqı təmsil etmədiyini mütəmadi vurğulayacağıq. Avropa Məhkəməsinə müraciətlərdə bu hadisəyə istinad edəcəyik”.
“Ümumxalq hərəkatı niyə də olmasın?”
AXCP sədrinin fikrincə, bu məsələ Azərbaycan xalqının kütləvi etirazına təkan verməlidir: “Ictimai Palata istənilən gün belə aksiyalara qərar verib onu reallaşdıracağıq. Heç kim narahat olmasın. Bir halda ki, baş vermiş hadisə bütün Azərbaycan xalqının mənafeyinə toxunub, xalqın seçmək hüququnu əlindən alıb buna etiraz üçün bütün Azərbaycan xalqının iştirakı ilə bir hərəkat niyə olmasın?! Bu yalnız Ictimai Palatanın, bu qurumda olan partiyalarınmı işidir? Biz xalqımızla açıq dialoq içindəyik. O cümlədən ölkədəki bütün ictimai-siyasi qüvvələrə buradan mesaj veririk. Xüsusən də vaxtaşırı Ictimai Palataya necə müxalifətçilik etmək olar mövzusunda mühazirə oxuyan dostlarımızı da meydana çağırırıq. Onlar da göstərsinlər ki, belə bir məqamda necə müxalifətçilik etmək olar. Biz bir yerdə hərəkət etmək istəyirik. Bizim özümüzü təsdiq etməyə ehtiyacımız yoxdur. Heç kim heç nə eləməsə də, biz qabaqda gedəcəyik. Amma niyə bu hadisədən Azərbaycanın bütün demokratik qüvvələrinin birləşməsi üçün istifadə etməyək. Niyə məqamdan istifadə edib Azərbaycan xalqının siyasi fəaliyyətdə olmayan, amma öz taleyinə də biganə qalmayan kəsimini küçələrə, meydanlara çağırmayaq?
Ictimai Palatanın bu istiqamətdə fəaliyyəti davam edəcək. Sizin hamınızı Ictimai Palatanın başlatdığı bu kampaniyaya dəstək verməyə çağırıram. Bu fəaliyyət saxta parlamentin buraxılması tələbilə ən müxtəlif, rəngarəng aksiyaların keçirilməsi davam etməlidir”.
Sonda IP məlum qalmaqalla bağlı prezident yanında Korrupsiya ilə mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə, Baş prokuror Zakir Qaralova və Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Idarəsinə müraciət qəbul edib.
Natiq