Dünyanın gəlmiş-keçmiş ən böyük sərkərdəsi Makedoniyalı Iskəndərin belə fəth edə bilmədiyi Bərdədə təxminən 1500 ildən sonra qəribə bir olay yaşandı. Ana Vətən partiyasının sədri, Fəzail Ağamalı, heç anadan olduğu Gədəbəydə heç kəsin tanımadığı sütül bir cavan uşağın əlindən tutub rayon mərkəzinə gətirdi…
Əynində “iranski” jaket, “kóevenşik” şalvarı olan bu gənc, ilk dəfə ayaq basdığı Bərdənin yeni deputatı olacaqdı, qalib dönəcəkdi.., Sezarın təbirincə desək… – “Veni, vidi, vici”( gəldim, gördüm və qalib gəldim) deyəcəkdi…
Bakıdan rayonun müvafiq qurumları “işdən hali” idilər və tutduqları postla vidalaşmamaq üçün can-başla “işə” girişmişdilər. Rəqibin bərdəli, ölkənin və onun hüdudlarından kənarda tanınan tarixçi alim olması belə heç bir rol oynamırdı. Rejim qərar vermişdi, nəyin bahasına olursa, Nüşabənin diyarından bərdəlilərin yox, özünün istədiyi namizədi çıxararaq Makedoniyalı Iskəndərin, haqq dünyasında hökmdar Nüşabəyə “ilişməsinə” bəhanə verməliydilər. Səhiyyə, təhsil və polis şöbəsinin xüsusi canfəşanlığı sayəsində, Bərdədə doğulub boya başa çatmış, BDU-nun professoru, Avropanın ən tanınmış demoqraflarından biri, həyatında bir dəfə də olsun rüşvət almamış (mən bunu bütün məsuliyyətimlə deyirəm, müəllimim olub – X.Ə.) Kərim Şükürov bütün məntəqələrdə qalib gəlsə də, Bərdəyə ilk dəfə ayaq basan Zahid Oruc “qalib” elan olundu.
Bir dəfə də olsun seçicilərlə görüş keçirə bilməyən Zahid Orucun necə qalib gəlməsinin detallarına varmaq istəmirəm, yazını yazmaqda məqsədim artıq eyni üsullarla 3-cü dəfə seçilən deputatın öz böyüyünün üzünə ağ olması deyil, rejimin seçki cinayətinə təkrar-təkrar nəzər salmaqdı. Aydındır ki, Zahid Oruc, Elşad Abdullayev kimi pul verib seçilmədi, fəqət onun seçki prosesi də cinayətdir, özü də sübut olunmuş cinayət. 2005-ci ildə onunla alternativ olmuş daha bir bərdəli alim, tanınmış iqtisadçı Nemət Əliyev bunu Avropa Məhkəməsində sübut etdi. Bütün bu haqq-hesablardan sonra, üç dəfə seçildiyin partiyanı YAP-a birləşdirmək, sənə doğma atandan görmədiyin dəstəyi verən Fəzail Ağamalını fikirləşməmək isə, razılaşın ki, mənəviyyata aid olan məsələdir. Yəni Zahid Oruc kimiləri artıq inanıblar ki, nə qədər rejim ayaqdadır, onlar ölənədək seçiləcəklər və bunu yuxarıdan həll edirlər, artıq ilk təkanı verən F.Ağamalılara ehtiyac yoxdur. Onun haqlı olduğunu Gülər Əhmədova ilə bağlı videosüjetdə əyani olaraq gördük. Bu videoda YAP-ın (xalqın yox – X.Ə.) üç dəfə etimad göstərib, MM-də oturtduğu qadın iyrənc bir sövdələşmə edirdi. Öz adından yox, hakimiyyətin təpəsində oturanların adından…
Iqtidar hazırda Gülər Əhmədova ilə Elşad Abdullayevin videosunu əlahiddə hal kimi ört-basdır etməyə çalışır. Guya bu yeganə hal olub və ayıq-sayıq iqtidar buna imkan verməyib. Həqiqət isə budur ki, Elşad müəllim videodan göründüyü kimi, aldadılıb, vasitəçi xanım dələduzluq edərək pulu mənimsəməyə çalışıb və buna nail olub. MSK arxivləri və opponentlərinin açıqlamaları göstərdi ki, ona son anadək “yaşıl işıq” olub. Sadəcə Gülər Əhmədovanın acgözlüyü, yəni pulun böyük hissəsinin məniməsi Elşad Abdullayevin Milli Məclisdə oturmasını əngəlləyib.
Bəli, müxalifətin bütün ifşaedici faktlarına məhəl qoymayan rejim bir videogörüntüyə yenik düşdü. Elə Gülər Əhmdovanın son dəfə namizəd olduğu dairədən gizli kamera ilə çəkilmiş görüntülərdə, gənc müəllimənin topa-topa bülletenlərlə nələr etdiyini açıq-aşkar gördük. Bu, iki il əvvəl törədilmiş cinayət idi, amma hakimiyyət buna reaksiya vermədi. Yüzlərlə belə cinayət cəzasız qaldı. Rejim konkret videosövdələşmədə də, inadından dönməyəcəkdi, amma işə Avropalı deputatların, xüsusən də hollandiyalı parlamentarilərin qarışması hakimiyyəti etiraf etməyə vadar etdi.
…Artıq heç kəsə sirr deyil ki, Azərbaycanda parlament seçkiləri necə keçirilir. Buna öz xalqına qarşı törədilən cinayətdən başqa ad vermək olmaz. Buna laqeyd qalmaq, özü bir cinayətdir…
Həmkarımız Azər Qaraçənlinin “mediaforum” saytında bir yazısını oxudum, dəhşətə gəldim. Tanrının yeni peyda olmuş “elçisi” yazır ki, bütün bunları halal şəkildə etmək lazım imiş. Yəni hüquq-mühafizə orqanlarından cavab gələnədək(!) gözləmək lazım imiş. YAP Azər müəllimin halal çağırışını “eşitməyib” məlum qərarı verəndən sonra o yenidən “zühur edib”, “mən Gülər Əhmədovanı müdafiə etməmişəm”(?) bəyanatından sonra mən də … Tanrını gördüm. Doğudan da çox qəzəbli idi. Aşağıdakı misraları pıçıldayaraq, Onun könlünü almağa çalışdım:
Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar.
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz…

Barmağını kəssə də Fəzail, səsini çıxarma Zahid!
•