İdarə rəisi kitabxana müdirini tapa bilmədiklərini dedi; Nazir isə onun barəsində əsəbi danışdı
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deputat Gülər Əhmədova ilə eks-rektor Elşad Abdullayev arasındakı qalmaqalda adı keçən kitabxana direktoru Sevinc Babayevanın məsələsinə münasibət bildirib.
“Modern.az”a açıqlamasında nazir kitabxana direktorunun ətrafında baş verən proselərlə maraqlanmadığını və bu barədə geniş məlumata malik olmadığını deyib.
“Mən adını çəkdiyiniz qadını tanımıram. Nazirlik strukturunda işləyənlərin hamısını tanımağa borclu deyiləm ki..”- deyə Ə.Qarayev əsəbi şəkildə vurğulayıb.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev isə APA-ya açıqlamasında deyib ki, Sevinc Babayevanın yerinə artıq məsul şəxs təyin edilib.
İdarə rəisinin sözlərinə görə, ötən gün Sevinc Babayevanın evinə nümayəndələr göndərilib, lakin o evdə olmayıb: “Sevinc Babayevanın yaşadığı binanın mühafizəçiləri nümayəndələrimizə bildiriblər ki, o, üç gündür evə gəlmir, harada olduğunu da heç kim bilmir. Hər halda biz onun ortaya çıxacağı müddətə kimi müqaviləni qüvvədə saxlayacağıq. Sonra isə müqaviləyə xitam veriləcək. Onun yerinə isə artıq məsul şəxs təyin edilib. Kitabxana başsız qala bilməz”.