Rüşvət videosu Mehdiyevi də “apara” bilər

ramiz mehdiyevRəqibləri “Gülər Əhmədova olayı” ilə onu istefaya göndərmək istəyir

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasındakı rüşvət qalmaqalı dramatik həddə çatıb. Elşad Abdullayevin yaydığı videodan sonra prokurorluq faktla bağlı cinayət işi başlayıb. Hakim Yeni Azərbaycan Partiyasının(YAP) rəhbərliyi Gülər Əhmədovanı dələduz adlandırıb. Onun əməllərinin YAP-a ləkə olduğu bəyan edilib. Deputat isə mandatdan imtina barədə Milli Məclis rəhbərliyinə müraciət ünvanlayıb. Gülər Əhmədovanın müraciətinə oktyabrın 1-də baxılacaq. Bəzi mülahizələrə görə, o, mandatı ləğv olunandan sonra məsuliyyətə cəlb edilə bilər.

Elşad Abdullayevin müraciətlərinə niyə laqeyd yanaşılıb?

Yəqin, hər kəs razılaşar ki, bu olay hakimiyyətə ciddi zərbə vurub. Bizcə, bu mübahisə predmeti olmamalıdır və ya ola bilməz. Hakimiyyət özü də ağır zərbə aldığının fərqindədir. Bu halda ortaya sual çıxır: Niyə “yuxarılar” əvvəldən Gülər Əhmədova ilə bağlı videonun hakimiyyətə ciddi zərbə vuracağını nəzərə almayıb? Axı hakimiyyətdə belə videonun mövcudluğu barədə məlumat olub. Həm Elşad Abdullayev, həm də vəkili Adil Ismayılov mətbuta açıqlamalarında bildiriblər ki, video iyul ayın sonlarında Respublika Prokurorluğuna göndərilib. Lakin prokurorluq göndərilən materialı araşdırmaqda maraqlı görünməyib. Bu baxımdan video Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova göndərilib. Elşad Abdullayev şöbə müdirinin diqqətinə onu da çatdırıb ki, göndərdiyi materiallar araşdırılmasa, məsələni ictimailəşdirəcək. Bəs şöbə müdiri hansı səbəbdən rektorun göndərdiyi materiallara və onun zəruri qeydinə laqeyd yanaşıb və bununla faktiki olaraq videonun ictimaləşməsinə “yaşıl işıq” yandırıb? Hakimiyyətdaxili mənbə bunun təsadüfi olmadığını iddia edir. Mənbənin sözlərinə görə, Fuad Ələsgərovun videonun ictimailəşməsinə şərait yaratması Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə bağlı olub. Şöbə müdiri bu addımı ilə PA rəhbərini pis vəziyyətdə qoymağa çalışıb. Ramiz Mehdiyevin komandasının üzvü olan Gülər Əhmədova ilə bağlı bu videonun yayılması əlbəttə ki, ilk növbədə PA rəhbərinə böyük zərbədir. Hələ biz videoda Ramiz Mehdiyevin də adının hallandırıldığını demirik. Mənbə bildirib ki, PA rəhbərinin yaxın ətrafında belə düşünürlər ki, videonun ictimaləşməsi məqsədli şəkildə təşkil edilib. Fuad Ələsgərovun doğrudan da bu məsələdə maraqlı olduğunu iddia etmirik. Amma Ramiz Mehdiyevin komandasının belə düşünməsi də əsassız deyil.

Mehdiyevin komandasında Fuad Ələsgərovdan şübhələnirlər

Məsələ burasındadır ki, Fuad Ələsgərov hakimiyyətdəki Qərbi Azərbaycan klanının söz sahiblərindən biridir. Bu klanla Ramiz Mehdiyevin rəhbərlik etdiyi Naxçıvan klanı arasında isə hər zaman ziddiyyətlər mövcud olub. Bundan əlavə Fuad Ələsgərovla Ramiz Mehdiyev arasında şəxsi ədavət var. Bu ədavətin bir səbəbi PA rəhbərinin postuna iddialılar sırasında şöbə müdirinin adının hallanmasıdırsa, başqa bir səbəbi vaxtilə Daxili Işlər Nazirliyinin(DIN) istintaq idarəsinin rəisi vəzifəsində çalışan, hazırda Ismayıllının polisinə rəhbərlik edən Nizami Qocayevin həbsilə bağlıdır. Nizami Qocayevin adı akademik Ziya Bünyadovun qətlində hallandırılırdı. Doğrudur, onu bu hadisəyə görə həbs etməmişdilər. Amma hər halda həbs etmişdilər. Özü də daxili işlər naziri Ramil Usubovun kabinetində. O, zaman Qərbi Azərbaycan klanının ağsaqqalarından sayılan, Fuad Ələsgərovun mərhum atası, sabiq spiker Murtuz Ələsgərov bu həbsin arxasında Ramiz Mehdiyevin dayandığını düşünürdü. Və elə Nizami Qocayevin həbsinə görə də PA rəhbəri ilə aralarında ziddiyyət yaranmışdı. Bu ədavət indiyə qədər davam edir. Bu baxımdan Fuad Ələsgərovun ələ düşən fürsətdən yararlanması tamamilə mümkündür.

PA rəhbərinin istefası gündəmə gətirilir

“Gülər Əhmədova olayı” ilə bağlı redaksiyamıza daxil olan digər məlumatlarda isə bildirilir ki, hazırda Ramiz Mehdiyevin hakimiyyətdəki əleyhdarları, bu sırada xüsusilə Paşayevlərin adı çəkilir, PA rəhbərinin istefası məsələsini gündəmə gətirməyə çalışırlar. Ramiz Mehdiyevi 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədləri üçün böyük təhlükə hesab edən Paşayevlərin çoxdankı arzularının reallaşması üçün var-güclərilə hərəkətə keçidikləri iddia edilir.
Bu məsələdə bir maraqlı məqam da Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevin baş verənlərdən sonra hələ də vəzifədə saxlanılmasıdır. Azərbaycan hakimiyyətinin təcrübəsində belə hala rast gəlinməyib. YAP iqtidarının idarəetmə metoduna görə, Elsevər Abdullayev ən yaxşı halda işdən çıxarılmalı, ən pis halda isə hansısa ittihamla həbs edilməli idi. Amma bu baş vermədi. Bu fakt da “Gülərqeyt əməliyyatı”nda hakimiyyətdəki maraqlı qüvvələrin rol oynaması barədə şübhələri artırır.

Namiq Cəfərli