mahal ismayiloglu

“Yaxınlarda daha sensasiyalı olayların şahidi olacağıq”

mahal ismayiloglu“Gülər Əhmədova deputatların siyahısını dəyişdirmək səlahiyyətində deyildi…”

Mahal İsmayıloğlu: “İqtidar daxilində iç savaşlara start verilib”

“Məmur dövləti talaya bilər, qanunları poza bilər. Amma ailə büdcəsinə sədaqətlə ödəniş varsa, o adama toxunmurlar”

Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasındakı rüşvət qalmaqalı ilə bağlı video ikincini hakimiyyətin “qurban” verməsinə səbəb oldu. Ən azı G.Əhmədova ilə bağlı qəbul edilən qərarlar bunu deməyə əsas verir. Görünən odur ki, hakimiyyət G.Əhmədovaya qarşı qanunun tələblərini tam sərtliyi ilə tətbiq etmək niyyətində olmasa da, onu müdafiə etmək fikrindən də uzaqdır. Hazırda ictimaiyyətin böyük maraqla izlədiyi proseslərlə bağlı suallarımızı bu dəfə “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal Ismayıloğluya ünvanladıq.

– Mahal bəy, Gülər Əhmədova ilə bağlı ictimaiyyətə açıqlanan faktlar sizin üçün nə qədər gözlənilən oldu?
– Baş verən cəmiyyətimizdə 20 ilə yaxındır ki, hallanan və toplumun gözəl bildiyi hadisənin əyani sübutu idi. Bu hakimiyyətin dövründə keçirilən ilk parlament seçkisindən bu günə kimi bütün seçilən deputatlar əvvəlcə təyin edilib, sonra isə seçki deyilən bir prosedur ilə təsdiq olunublar. Xatırlayırsınızsa, hələ 95-ci il parlament seçkilərində Nemət Pənahov kimin seçiləcəyini elan etmişdi. Həmin siyahıda yalnız üç nəfərin adı sonradan təsdiqini tapan siyahı ilə üst-üstə düşmədi. Bu da təbiidir. Çünki sonradan bəzi dəyişikliklər edilə bilərdi.

– Elşad Abdullayev elan edib ki, onda hələ şokedici daha 5 saatlıq video görüntülər də var. Hakimiyyətin son reaksiyaları elan edilə biləcək faktlardan qorxmağın təzahürü ola bilərmi?
– Avtoritar rejimlərin öz xarakterləri var. Hazırkı hakimiyyət tutduğu mövqedən nə geri çəkiləndi, nə də Elşad Abdullayevə təklif edəndi ki, Azərbaycana qayıt gəl və universitetini idarə et. Digər tərəfdən, Elşad Abdullayev o qədər sadəlövh deyil ki, bu cür vədlərə inanaraq ölkəyə qayıdıb gələ. Ikinci mühüm bir məqam ondan ibarətdir ki, bundan sonra ortaya atılacaq videoların hazırkı effekti verəcəyini düşünmürəm. Çünki Gülər Əhmədovanın istefaya getməsi və onun ətrafında baş verənlər bütövlükdə hakimiyyətin strukturunu sarsıtdı. Düşünürəm ki, Elşad Abdullayev əlində olan videoların içərisindən ən baxımlısını seçərək Azərbaycana göndərib

Hakimiyyət prinsiplərinə görə Gülər Əhmədovanı qurban verdi

– Hüquq-mühafizə orqanlarının əlində korrupsiya və rüşvətlə bağlı kifayət qədər faktlar var. Amma Gülər Əhmədova ilə bağlı işə xüsusi “diqqət” yetirilir. Sizcə, bu “diqqət” hakimiyyət daxilində baş verən ciddi proseslərin təzahürü ola bilərmi?
– Elşad Abdullayev iki ay əvvəl prokurorluğa müraciət edib. Amma buna əhəmiyyət verməmişdilər. Hazırda isə vəziyyət o həddə çatıb ki, hakimiyyət özünü qorumaq məcburiyyətindədir. Hakimiyyətə daha ciddi zərbələr dəyməməsi üçün də Gülər Əhmədova qurban verildi. Lakin bunun davamı da ola bilər. Çünki bu cür olaylarda Gülər Əhmədova yeganə iştirakçı deyil. O da özünü qorumaq, ən azı cəzasının yüngüllüyünə nail olmaq üçün təpkilər edə bilər. Deyə bilər ki, mənim də arsenalımda nələr var. Gülər Əhmədova onları açıqlaya bilsə, təbii ki, o, gündəmi silkələyə bilər. Çünki deputatların siyahısını dəyişdirmək təkcə Gülərin səlahiyyətləri çərçivəsində həll olunan məsələ deyildi. Bu daha yüksək vəzifə səlahiyyətləri çərçivəsində, adı videoda bir neçə dəfə çəkilən Ramiz Mehdiyev səviyyəsində mümkün idi. Heç bir halda Gülər Əhmədova prezidentin təsdiq etdiyi deputatlar siyahısını dəyişdirə bilməz.

– Bu sualı təsadüfən vermədim. Belə ki, Elşad Abdullayev elan edir ki, o bu materialları prokurorluğa iki ay əvvəl təqdim edib. Prokurorluq tədbir görmədiyinə görə eyni  materialları Fuad Ələsgərova verilib və bildirilib ki, bir nəticə olmasa onlar ictimailəşdiriləcək. Fuad Ələsgərovun adı isə tez-tez Ramiz Mehdiyevin postuna iddialılar sırasında hallanır. Ola bilərmi ki, Ramiz Mehdiyevin adının hallandığı videoya Fuad Ələsgərov bilərəkdən reaksiya verməyib?
– Diqqət yetirin: Gülər Əhmədova ilə bağlı baş verən hadisə ilə yanaşı daha bir hakimiyyət təmsilçisi rüşvətdə ittiham olunur. Həm Gülər Əhmədova, həm də Səməd Seyidovla bağlı sensasiyalı olayların ictimaiyyətə açıqlanması üçün dövlət başçısının razılığı olmalıdır. Onun razılığı olmadan heç bir dövlət məmuru obyektivlik xatirinə addım ata bilməzdi. Səməd Seyidovun rəhbərlik etdiyi müəssisə ilə bağlı yeyinti faktları ortaya qoyulubsa, bu, yuxarının razılığı ilə olub. Digər tərəfdən, heç bir təhsil ocağının rəhbərinin imzası olmadan 12 milyonluq vəsait mənimsənilə bilməzdi. Azərbaycanın avtoritar sistemi elə formalaşıb ki, heç kimə – ən yüksək post tutan məmura belə öz istədiyi addımları atmağa imkan vermir.

Fuad Ələsgərovdan Ramiz Mehdiyevə zərbə

– Gülər Əhmədova olayında ən böyük zərbə Ramiz Mehdiyevə dəydi. Ümumiyyətlə, hazırda hakimiyyət daxilində Ramiz Mehdiyevlə Fuad Ələsgərov arasında olan münasibətləri necə qiymətləndirərdiniz? Ramiz Mehdiyevin hazırda Qərbi Azərbaycan qruplaşmasına yanaşması necədir?
– Hazırda Prezident Admnistirasiyasında Qərbi Azərbaycan qruplaşması yoxdur. Çünki faktiki olaraq Prezident Admnistirasiyasında Qərbi azərbaycanlı qalmayıb. Yüksək post tutanlardan yalnız Fuad Ələsgərovdur. Amma bir müddət əvvəl aparatda Yusif Hümbətov, Akif Muradverdiyev var idi. Bu şəxslər daha çəkili idi. Amma heç bir insanın canından vəzifə iddiasını çıxarmaq olmaz. Nəzərə almaq lazımdır ki, Fuad Ələsgərov 20 ildən artıqdır Prezident Aparatında çalışır. Uzun müddətdir bu postda çalışan və heç bir kompromatla üzləşməyən bir insanın Prezident Administirasiyasının rəhbəri postuna iddia etməsi ağlabatandır.

– Hazırda cərəyan edən proseslərin qruplaşmalar arasındakı münasibətlərdəki gərginliyi artıracağı gözləniləndir. O da məlumdur ki, belə proseslərdə dövlət başçısının mövqeyi də əsas rol oynayır. Ilham Əliyev hansı mövqeyi seçə bilər? Qruplaşmalardan hansınınsa mövqeyi müdafiə edilə bilərmi?
– Ilham Əliyevin konkret kimin tərəfini tutacağını indidən söyləmək çətindir. Hadisələrin axını, xarakteri göstərir ki, videokompromatların ardı gələcək. Çünki bu metod Gülər Əhmədova məsələsində çox effektli oldu. Hakimiyyətdə bir-birinə qənim kəsilən, boğazını üzmək istəyən oliqarxlar var ki, onların belə videokompromatları əldə etmək üçün daha geniş maliyyə resursları var. Ona görə düşünürəm ki, indidən sonra bu cür metoda daha tez-tez müraciət edəcəklər və biz daha sensasiyalı olayların şahidi olacağıq.

Hakimiyyətin yeni qurbanlıqları ola bilər

– Gülər Əhmədova ilə bağlı baş verən hadisə Səməd Seyidovun rəhbərlik etdiyi Dillər Universitetindəki korrupsiya faktını kölgədə qoydu. Bir həftə ərzində iqtidar təmsilçiləri ilə bağlı iki şokedici fakt açıqlandı. Bir qrup ekspert düşünür ki, baş verənlər seçki öncəsi münasibətlərin gərginləşməsinin təzahürüdür. Bu hadisələr arasında əlaqə görürsünüzmü?
– Baş verənlər tamahın, nəfsin hər şeydən üstün tutulduğu avtoritar rejimlərdəki idarəçilikdən doğan cəhətlərdir. Əgər bu cür hadisələr sivil görünən ali məktəbdə baş verirsə, görün digər strukturlarda nə baş verir. Bu da əslində qırılan zəncirin bir halqasıdır. Amma daha böyük halqalar qırıla bilər. Burada artıq söhbət 12 milyondan yox, daha iri məbləğlərdən gedəcək. Bu zaman hakimiyyət daha yeni etiraflara gedərək, növbəti qurbanlarını verə bilər. Hakimiyyət hazırda kriminal olaylarda adı hallanan adamın müdafiəçisi olmaq istəməz. Çünki belə bir müdafiəçi rolunda çıxış etmək bir il sonra keçirilən seçkilərdə ağır nəticələrlə yekunlaşa bilər. Ümumiyyətlə, hazırkı durumda seçkilərin öüzünü proqnozlaşdırmaq çətindir. Çünki iqtidar daxilində iç savaşlara start verilib.

– Səməd Seyidov hakimiyyəti beynəlxalq aləmdə təmsil edən bir şəxsdir. Səməd Seyidovun bu dərəcədə vurulması hakimiyyətin nə dərəcədə marağında idi?
– Biz bəzən baş verənlərə səthi yanaşırıq. Amma daxili qatlar var. Daxili qatlarda korrupsiyanın öz strukturu, mexanizmi var. Yəni istənilən vəzifəli adam yetərincə vəzifədə işləyirsə və orada gəlir varsa, o mütləq klanın büdcəsinə haqq ödəyir. Istisna deyil ki, Səməd Seyidov 12 milyonu öz ətrafı ilə mənimsəyəndə klan büdcəsinə ödəniş edilməyib. Məmur dövləti talaya bilər, qanunları poza bilər. Amma ailə büdcəsinə sədaqətlə ödəniş varsa, o adama toxunmurlar. Prinsip belədir. Kiminsə yaxşı, kiminsə pis işləməyi meyar deyil.

– Gülər Əhmədovaya qarşı ən sərt ifadələrlə çıxış edən YAP sədrinin müavini Əli Əhmədovun Elşad Abdullayevin qohumu olduğu barədə mətbuatda informasiyalar yayılıb. Bu üzdən bəziləri Əli Əhmədovun sərtliyini təsadüfi saymırlar?
– Onların qohum olub-olmadığını deyə bilmərəm. Amma Əli Əhmədovun açıqlamasında maraqlı bir məqam var idi. YAP-dan gələn bəyanatda da bu vurğulanır ki, guya Gülər Əhmədova Siyasi Şuranın üzvü olmayıb. Halbuki rəsmi saytda 89 nəfər Siyasi Şura üzvü arasında Gülər Əhmədovanın da adı var. Bu qədər yalan danışmağa nə ehtiyac var idi. Hətta Gülər Əhmədova qurban verilirdisə, onun Siyasi Şura üzvü olmasını danmaq nə verir ki? Gülər Əhmədova parlamentdə xüsusi fəallığı olan deputatlardan biri idi. Gülər Əhmədovadan bu dərəcədə imtina etmək çox adamlarda qorxu hissi yaradacaq. YAP-a sədaqətlə xidmət edən adamlar düşünməli olacaqlar ki, əgər onların fəaliyyətinin dəyəri budursa, belə fəaliyyət göstərməyə dəyərmi?..

Xəyal