Əli Kərimli: “Tövsifdə bilərəkdən yanlışlığa yol veriblər ki, prosesi yalnız Gülər Əhmədova ilə yekunlaşdırsınlar”
AXCP sədri Əli Kərimli YAP-çı deputat Gülər Əhmədovanın olduğu rüşvət videosu ilə cinayət iş başlanmasına münasibət bildirib. “Yeni Müsavat” qəzetinə müsahibəsində Ə.Kərimli deyib ki, olaydan dolayı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işinin başlanması cinayət əməlinin səhv tövsif olunduğunu göstərir: “Başa düşüblər ki, cinayəti gizlətmək mümkün olmayacaq, cəmiyyətin təpkisini də nəzərə alıb cinayət işi başlayıblar. Amma bu maddə ilə cinayət işinin başlanması düzgün tövsif deyil. Burada birbaşa rüşvət almadan söhbət gedir. Buna görə də 178.3.2-ci maddə ilə yanaşı rüşvət alma maddəsi ilə də cinayət işi başlanmalı idi. Videoda 500 min manat rüşvətin alınması təsdiq olunur və orada əlavə 500 min manat rüşvətin alınmasından söhbət gedir. Məqsəd dələduzluq maddəsi ilə cinayət işini lokallaşdırmaqdır”.
Ə.Kərimli G.Əhmədovanın deputat toxunulmazlığının götürüləcəyini də istisna etmədi: “Əlbəttə onun deputat toxunulmazlığı götürülə, cinayət məsuliyyəti də yarana bilər. Amma əvvəldən güman olunurdu ki, hakimiyyət çalışacaq ki, prosesi lokallaşdırsın. Çünki bu cinayəti gizlətmək artıq mümkün deyil. İndi prosesi lokallaşdırıb dövlət rəhbərliyini prosesdən kənarda saxlamağa çalışırlar. Tövsif məsələsində atılan addım da məhz buna xidmət edir. İstəyirlər ki, rüşvətin ötürüldüyü yuxarı instansiyalar məsuliyyətdən uzaqlaşdırılsın. Bu olayın genis siyasi mənası arxa plana keçirilsin. Çünki bu olayda bütövlükdə söhbət dələduzluqdan yox, rüşvət alma, həmin rüşvəti özündə yuxarı instansiyalara ötürməklə ölkə parlamentinin formalaşmasından gedir. Bu dövlət rəhbərliyinin iştirakı ilə siyasi korrupsiyadır. Ona görə də tövsifdə bilərəkdən yanlışlığa yol veriblər ki, prosesi yalnız Gülər Əhmədova ilə yekunlaşdırsınlar. Təbii ki, biz buna imkan verməyəcəyik”.