Fırıldaqçılar 55 ailəyə 1 milyon 500 min manat ziyan vurublar
“IN Eksklüziv Servis” və “Safari-N” Məhdud Məsuliyyətli Cəmiyyətlər birləşərək 55 ailəyə 1 milyon 500 min manatlıq ziyan vurublar. Bu barədə “Azadlıq”da yazılıb. Belə ki, hər iki şirkət vətəndaşlardan mənzil almaq istədikləri binanın tikintisi üçün əvvəlcədən pulun müəyyən qismini alıblar. Onlara bildirilib ki, əvvəldən pulu ödəyənlərə müəyyən güzəştlər olacaq.
1 milyon 500 min manat necə mənimsənildi?
Ötən gün hüquqları pozulan vətəndaşların Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi keçirildi. Ancaq zərərçəkənlərin heç biri zala girmədi. Çünki onlar məhkəməni boykot ediblər. Səbəblərdən biri isə onların pullarını mənimsəyən “Safari-N” rəhbəri Imran Axundovu məhkəmənin zərərçəkmiş kimi tanımasıdır. Zərərçəkənlər iddia edirlər ki, məhkəmə Imran Axundovun tərəfini saxlayır: “Imran Axundov məhkəmədə ifadə verərkən məlum oldu ki, bu adamın, ümumiyyətlə, tikintidən anlayışı yoxdur. ”Bir mənzil neçəyə başa gəlir?” – bu kimi şeyləri bilmir”.
Vətəndaşlar deyirlər ki, 2006-cı ildə “IN Eksklüziv Servis” “Safari-N” MMC ilə birlikdə Yeni Yasamal yaşayış massivində çoxmərtəbəli yaşayış binasının tikintisinə başlayıb. Yeni yaşayış binası 12 mərtəbəli, 96 mənzilli olmalıydı. Bina tikilib başa çatmasa da, mənzillərin hər biri satılıb. “IN Eksklüziv Servis” binada özünə məxsus mənzilləri satdıqdan sonra “Safari-N” onunla müqaviləni pozur və mənzilləri yenidən başqa şəxslərə satıb”.
Aldadılan payçı Ramil Rüstəmovun sözlərinə görə, 55 ailə “IN Eksklüziv Servis” MMC-nin rəhbəri Ələkbər Zeynalova müqavilə əsasında 1 milyon 500 min manatdan artıq pul ödəyərək sözügedən şirkətdən binadan mənzil alıb: “Mənzillərin dəyərinin 85 faizini ödəmişik. Əvəzində müqavilə, maliyyə arayışı və ödəniş qəbzləri almışıq. 2008-ci il noyabrın 2-də mənzillər bizə təhvil verilməli idi. 2008-ci ilin may ayına qədər binanın 5 mərtəbəsi tikilib. Həmin ildən tikinti dayanıb”.
Ələkbər Zeynalov bir neçə il əvvəl paytaxtda Zorge bağının yanında olan ofisini bağlayaraq, aradan çıxıb. Bundan əlavə o, bir mənzili eyni vaxtda bir neçə adama satıb. Bununla yanaşı Imran Axundov da həmin mənzilləri başqalarına satıb.
Ələkbər Zeynalov 2007-ci ildə Səbirə Sadıqovaya satdığı 3 otaqlı mənzili 2009-cu ildə Süleyman Ağayevə də satıb.
Ramiz Məmmədova 43 min manata satdığı 1 otaqlı mənzili isə yenidən Hikmət Nəcəfəliyevə 17 min manata satıb. 3 otaqlı 548 saylı mənzili Vüqar Bayramova 53 min manata, Xəyalə Surxayevaya isə 20 min manata satıb…
Bütün alış-verişlərdə də vətəndaşlara maliyyə arayışı və ödəniş qəbzləri təqdim olunub.
Ələkbər Zeynalov indi həbsdədir. Imran Axundovun arxasında “şərurlu Isfəndiyar” kimi tanınan Isfəndiyar Axundov dayandığı üçün ona heç kim bata bilmir.
“IN Eksklüziv Servis” və “Safari N” MMC-lərin nə tikməyə səlahiyyətləri çatır?
Sən demə, hər iki MMC-nin birlikdə sözügedən ünvanda çoxmərtəbəli yaşayış binası tikmək salahiyyəti yox imiş. Çünki şirkətlər Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçərkən əsas fəaliyyətləri “daşınmaz əmlakın alqı-satqısı və xırda məişət tullantılarının toplanması və emalı” göstərilib.
Bundan başqa, yaranmış problemləri kökündən həll etmək üçün Şərurlu Isfəndiyar 2008-ci ildə “IN Eksklüziv Servis” MMC ilə bağladığı müqaviləni cıraraq, yenisini tərtib edib. Yeni müqavilədə isə “Safari N”in tikdirdiyi binada “IN Eksklüziv Servis”in 25 faiz paya sahib olduğu yazılıb: “Müqavilələrdə saxtakarlıq faktları aşkar şəkildə görünür. Belə ki, 2008-ci ilin müqaviləsindəki bəndlərə dəyişiklik olunub. Bundan əlavə, ”Şərurlu Isfəndiyar” bəyan edib ki, “IN Eksklüziv Servis” MMC-nin rəhbəri olan Ələkbər Zeynalovun 2006-cı il müqaviləsinə əsasən mənzil satmaq hüququ yoxdur. Burada belə nəticəyə gəlmək olar ki, Zeynalov həmin 1 bloklu binadan mənzili satmaq səlahiyyətini qarşılıqlı razılıq əsasında həyata keçirib”.
Zərəçəkənlər deyirlər ki, Korrupsiyaya Qarşı Mübarizə Idarəsi “Şərurlu Isfəndiyar”ın bu saxta müqaviləsi əsasında hər kvadratmetri 200-250 manat olmaqla vətəndaşlara mənzil satıb onları aldatması faktını araşdırmayıb: “Isfəndiyar Axundov bizə dedi ki, bina tikilməyəcək, siz 8-10 nəfər qalmısınız, gətirin hər kvadratmetrinə 200 manatdan verin, ev verməyə baxaram. Nəhayət, çoxsaylı müraciətlərimizdən sonra baş prokuror Zakir Qaralovun qəbuluna düşdük. Sonra Korrupsiyaya Qarşı Mübarizə Idarəsində Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə ”Safari N” firması barədə cinayət işi açıldı. “Safari N” MMC-nin rəhbəri Imran Axundov hələ də həbs olunmayıb. Istintaq idarəsində bizə deyilir ki, “Şərurlu Isfəndiyar”ın yanına gedək, problemimizi o həll edəcək. O isə öz evlərimizi təkrarən 1 kvadratmetrini 550 manatdan özümüzə satmaq niyyətindədir”.
Hakim İmran Axundovun müdafiəçisi rolunda…
Ramil Rüstəmov deyir ki, məhkəmədə Imran Axundov tikintini özünün apardığını, Ələkbər isə hər ayın sonu tikinti və maliyyə hesabatının ona verdiyini etiraf edib: “Biz digər suallar vermək istəyəndə hakim Eynulla Vəliyev bildirdi ki, Imran zərərçəkəndir sual vermək olmaz. Hakim Imran Axundova verdiyim suallara aldığım cavabların saxtakarlıqları üzə çıxardığımı görəndə, tez Imran Axundova oturmağı göstəriş verdi. Bizim sual vermək hüququmuz var ədalətli araşdırmanı həyata keçirmək üçün istənilən sayda sual verə biləcəyimizi deyəndə hakimi məhkəmənin başa çatdığını dedi”.
Zərərçəkən Hikmət Nəcəfəliyev 2009-cu ildə hər iki şirkətlə müqavilə bağlayaraq, 16800 manat pul ödəyərək mənzil alır. Pulun ödənilməsi barədə onu qəbz verilib. Sonradan məlum olub ki, bir il əvvəl onun mənzili başqa bir adama satılıb: “Uzun proseslərdən sonra Korrupsiyaya Qarşı mübarizə Idarəsində işi aparan müstəntiq Elnur Cəfərov mənə təklif etdi ki, Isfəndiyarla görüşüm ona 15200 manat ödəyim. Daha sonra dedi ki, 8100 manat ödəyim həmin ünvanda sənədlə mənə ev versinlər. Məndə bu təkliflə razılşamadığım üçün indi buradayam”.
“IN Ekskluziv” MMC-nin icraçı direktoru olmuş Ruslan Rəhimov bizimlə söhbətində bildirdi ki, Əlkəbər Zeynalovun mənzil satmağa icazəsi vardi: “Vergiylə bağlı bütün səlahiyyətlər ”Safari N” MMC yerinə yetirməliydi. Ancaq sonradan məlum oldu ki, hər şey bizim üstümüzə atılıb. Biz vergini də vermişdik, üstəlik, iki ilin pulunu da bizdən almışdılar. Indi isə məlum olur ki, bunlar qeydə alınmayıb. Istintaq zamanı bunlar niyə üzə çıxmayıb. Plana görə 20 mərtəbəli bina tikilməli idi. Sonradan layihə dəyişdirildi 12 mərtəbəli oldu. Hazırda orada tikinti işləri gedir, bina 20 mərtəbəli olacaq. Imran Axundovun heç nədən başı çıxmır. Məhkəmədə hakim ona sual edir ki, 4 mərtəbə üçün nə qədər vəsait lazımdır? Cavab verir ki, 2 milyon manat. Halbuki 2 milyon manata 20 mərtəbəli bina tikmək olar. 4 mərtəbli bina üçün 450 min manat yetərlidir. Imran Axundov hər şeyi Ələkbər Zeynalovun üstünə atır”.
Ramin DEKO