“Mən vicdan məhbusuyam”

Vaqif Axundovun həbs etdirdiyi baş leytenant təcridxanadan “Azadlıq”a məktub yazdı

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşı ötən ay həbs edilən baş leytenant Asif Lətifov saxlanıldığı Bakı Istintaq Təcridxanasından “Azadlıq”a məktub ünvanlayıb. Həbsindən danışan Asif Lətifov bildirir ki, o, XDMX-nin rəhbəri Vaqif Axundovun sifarişilə həbs olunub.
Baş leytenant bildirir ki, o, çalışdığı qurumda korrupsiya faktlarını açdığına görə, generalın hədəfinə gəlib. Vaqif Axundov əvvəlcə onu işdən çıxarıb. Asif Lətifov bu qanunsuzluğa etiraz etdiyi üçün Hərbi Prokurorluqda onun barəsində qondarma ittihamlarla cinayət işi başlanıb.
Avqustun 29-da isə baş leytenantı Hərbi Prokurorluğa çağırıblar. Oradan isə Hərbi Məhkəməyə apararaq barəsində 3 ay həbs-qəti imkan tədbiri seçiblər: “Mən iş yoldaşımın gülləsini gizlətməkdə ittiham edirlər. Halbuki mən həmin gülləni tapmışam və Xüsusi Dövlət Mühafizə Xidmətinin Müfəttiş Təşkilat Idarəsinin rəis müavini Müşfiq Məmmədova  təhvil vermişəm. Özü də bu hadisə 2 il əvvəl baş verib. Niyə o zaman məni məsuliyyətə cəlb etmirdilər? Əgər əməlimdə cinayət tərkibi var idisə məni həmin vaxt həbs edərdilər. Mən Vaqif Axundovun qanunsuz əməllərinə qarşı çıxışlar etməyə başlayandan bu məsələ yada düşdü və məni həbs etdilər. Bütün bunlar onu göstərir ki, mənim təqsirim yoxdur, sadəcə haqqımı tələb etdiyimə görə Vaqif Axundovun hədəfinə gəlmişəm. Barəmdə həbs-qətimkan tədbiri seçiləndə əlillik dərəcəm nəzərə alınmadı. Elə etdilər ki, sanki mən qəti cinayətkaram. Amma mən cinayətkar deyiləm. Mən özümü vicdan məhbusu hesab edirəm və sona qədər hüquqlarımın bərpası uğrunda mübarizə aparacam”.
17 il XDMX-də xidmət edən Asif Lətifov  barəsində 228.1.9 (odlu silah saxlamaq və gəzdirmə) və 232.2.3 (vəzifə səlahiyyətindən sui-istifadə etməklə odlu silah və partlayıcı qurğular tələb etmək) maddələrilə cinayət işi başlanıb. Işə bərpa iddiası ilə ölkə daxili məhkəmə instansiyalarını keçən Asif Lətifov Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşırdı.

Hikmət