Milli Məclisin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ağır qətl törətməkdə ittiham olunan qardaşı oğlu Rəşad Mirələmov barəsindəki həbs-qətimkan tədbiri dəyişdirməsi barədə məlumat yayılıb. Məlumatı yayan “Bizim Yol” qəzeti adını gizli saxladığı mənbəyə istinad edib. Qəzet yazır ki, mənbənin sözlərinə görə, Rəşad Mirələmovun guya ruhi xəstə olması əsas gətirilərək, onu ruhi-əsəb dispanserinə yerləşdiriblər.
Qəzet məlumatla əlaqədar Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov və R.Mirələmovun əmisi Hüseynbala Mirələmovdan mövqe öyrənə bilmədiklərini də qeyd edib.
Xatırladaq ki, iyulun 17-i gecə saat 3 radələrində Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində Mirələmovun qardaşı oğlu – Mirələmov Rəşad Əlirza oğlunun odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan güllə yarası alıb. Ramal Bayramov aldığı xəsarətdən vəfat edib. Mirələmov Rəşad həbs edilib.