Tbilisidə Saakaşvilinin istefası tələb olundu
Gürcüstanda həbsxanalardakı zorakılıq hallarına qarşı etirazlar davam edir. Ötən gün minlərlə insan Tbilisi küçələrinə çıxaraq dustaqlara divan tutulmasına qarşı etirazını ifadə edib.
Aksiya iştirakçılarından Nino Kvarasxeliya jurnalistlərə bildirib ki, baş verənlərə görə hökumət və şəxsən prezident cavab verməlidir. Etirazçılar ölkə vətəndaşlarını qarşıdan gələn parlament seçkilərində müxalif namizədlərə səs verməyə çağırıb.
Tbilisinin mərkəzindəki Azadlıq meydanında keçirilən aksiyanın əsas təşkilatçısı “Gürcü arzusu” müxalifət koalisiyası olub. “Lent.az”ın xəbərinə görə, aksiya zamanı şəhərdə nəqliyyatın hərəkəti dayandırılıb, mərkəzdə olan 6-7 metro stansiyası bağlanıb. 4 istiqamətdən Azadlıq meydanına yürüş edən 10 minlərlə mitinq iştirakçısı meydanda birləşərək, hazırkı prezident Mixail Saakaşvilinin istefasını tələb edib.
Mitinqdə müxalifət lideri Bidizna Ivanişvili çıxış edərək, Mixail Saakaşvilinin siyasətini kəskin tənqid edib. O bildirib ki, partiyası qalib gələrsə, Gürcüstanda kiçik də olsa, biznesin qurulmasına şərait yaradacaq, ölkənin inkişafına nail olacaq. Rusiyaya meylli siyasətçi hesab olunmasına baxmayaraq, Bidizna Ivanişvili Gürcüstanın demokratikləşməsinə, Qərbə inteqrasiyasının gücləndirilməsinə nail olacağını deyib.
Yerli jurnalistlər mitinqdə 100 minə yaxın insanın iştirak etdiyini xəbər verirlər.