“Gülər Əhmədova Ramiz Mehdiyevi vurmaq üçün ifşa edilib”
Zərdüşt Əlizadə: “Marağı olan qüvvələr ölkəmizlə bağlı qərar qərar qəbul etsələr, Azərbaycan kardon qutu kimi əziləcək”
Hazırda Fransada mühacirətdə olan, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasındakı rüşvət qalmaqalı ilə bağlı video mətbuatın hələ də gündəmindədir. Ictimaiyyət nümayəndələri baş verən hadisəni birmənalı olaraq parlamentin legitim olmadığının təsdiqi kimi dəyərləndirirlər. Eyni zamanda baş verən olayı hakimiyyətin korrupsioner mahiyyətinin bir daha sübutu sayanlar da az deyil. Müsahibimiz politoloq Zərdüşt Əlizadə də bu fikirdədir:
– Burada təəccüblü heç nə yoxdur. Bir milyona mandatı ucuz satıblar. Bir balaca qabiliyyəti olan, amma ona sadiq olan adamlara hakimiyyət mandatı ucuz verir. Amma bəzi keyfiyyətləri olmayanlar isə bu statusa bir qədər baha yiyələnirlər.
– Sizin üçün hakimiyyətlə bağlı belə bir faktın açılması nə dərəcədə gözlənilən oldu?
– Hamının bildiyi sirrlər gözlənilməz deyil. Əgər hər hansı bir sirri ciddi cəhdlərlə qoruyurlarsa, onun açılması cəmiyyət üçün gözlənilməz ola bilər. Amma Gülər Əhmədova ilə bağlı baş verən cəmiyyətə məlum hadisə idi. Hamı çox gözəl bilir ki, nəinki deputat mandatı, icra başçısı, onun müavinləri və digər postların da öz qiyməti var.
– Maraqlı məqamlardan biri də budur ki, Elşad Abdullayevin vəkili Adil Ismayılov bu videonu və başqa sənədləri prokurorluq orqanlarına 2 ay əvvəl təqdim edib. Amma prokurorluq cinayət işini yalnız video görüntü ictimailəşəndən sonra başladıb. Bu yubadılmasının səbəbi nədir?
– Hakimiyyət xalqa qarşı dairəvi müdafiə istehkamları qurub. Cinayət işinin gec açılmasının səbəbi də məhz budur.
Videonun yayılması təsadüfi deyildi
– Gülər Əhmədova hakim partiyada Siyasi Şuranın üzvüdür. Onunla bağlı məlumatın açıqlaması təsadüf idi, yoxsa hakimiyyətdaxili qruplaşmalar arasında gedən savaşın təzahürüdür?
– Hakimiyyət daxilində müxtəlif qruplar olsa da, onların hamısının bir sahibi var: o da Ilham Əliyevdir. Amma bu qruplar öz aralarında vaxtaşırı savaşlar düzəldir. Bu baxımdan qruplar öz aralarında dalaşa bilərlər, bir-birinin cibini kəsə bilərlər. Amma sahibin üzünə ağ çıxmaq son həddir. Bu addım atıla bilməz. Bu video olayı isə isə hakimiyyət daxilində vaxtaşırı baş verən boğuşmanın təzühürüdür. Xəmiri yalan, əyrilik, satqınlıq, oğurluqla yoğrulan hakimiyyətin içərisindən kiminsə pak çıxması gözlənilməz olardı. Mən filan nazirin rüşvət almasını, qondarma şirkətlər vasitəsilə büdcə pulların mənimsənilməsini çox soyuqqanlılıqla qarşılayıram.
– Daha bir maraqlı məqam ondan ibarətdir ki, E.Abdullayev və A.Ismayılov mətbuata açıqlamasında bəyan ediblər ki, onlar prokurorluğa ilk müraciətlərində cavab almadıqlarını gördükdə Fuad Ələsgərova müraciət edirlər ki, o, tədbir görsün. Amma bu şəxsin də onlara kömək etmədiyini görüb, videonu ictimailləşdirirlər. Videoda Ramiz Mehdiyevin adının çəkildiyi və F.Ələsgərovun onun yerinə iddialı olduğu nəzərə alınarsa, bu təsadüfdürmü?
– Bəli, bu, ağlabatan fərziyədir. Bu ola bilər. Çünki hakimiyyətdə hamı bir-birinə qarşı kompromat yığır, hamı bir-birinin ayağının altını qazır. Əgər bu gün hakimiyyətdə olması hesabına 10 milyon oğurlayırsa, məqsədi odur ki, bir qədər çox, 15 milyon oğurlasın. Bu məqsədlə də hakimiyyət daxilində mübarizə gedir. Ona görə hakimiyyətdaxili qruplaşmalar vaxtaşırı bir-birini qaralamağa çalışırlar, bir şey tapmadıqda isə, ümumiyyətlə, cizgini keçərək qarşılarındakını şərləyirlər.
İlham Əliyev qruplaşmaları vuruşdurmaqla özündən asılı hala salır
– Hakimiyyətlə bağlı daha bir korrupsiya faktı Səməd Seyidovun rəhbərlik etdiyi təhsil ocağı ilə əlaqəlidir. Səməd Seyidovun hədəf seçilməsi nəylə bağlı ola bilər. Çünki hakimiyyəti beynəlxalq aləmdə təmsil edən bir şəxsin hədəf seçilməsi əslində iqtidarın maraqlarına uyğun olmamalıdır?
– Hakimiyyət proseslərə yüz faiz nəzarət edə bilmir. Bu cür proseslərə hakimiyyətdaxili qruplaşmalar nəzarət edir. Onlardan bəziləri müxtəlif KIV-ləri almaqla təbliğatlarını qururlar. Bu rejim daxilində toxunulmaz şəxslər yalnız ailə üzvləridir. Onlar barəsində heç bir tənqidi fikir söyləmək olmaz. Amma hakimiyyətdaxili qruplaşmalar bir-birinə qarşı oyun qaydalarından kənar da hərəkət edə bilərlər. Istisna deyil ki, bu cür davranış hakimiyyət başında oturanın maraqlarına uyğundur. Çünki nə qədər bu qruplaşmalar bir-birini ləkələsələr, bir o qədər bu insandan asılı olurlar.
– Sizcə, baş verən proseslərdə Gülər Əhmədovanın aqibəti necə olacaq? Hakimiyyətin addımlarından belə görünür ki, Gülər Əhmədova qurban veriləcək?
– Bu bir o qədər əhəmiyyətli deyil. Çünki parlamentdə xalqın seçdiyi insanlar yoxdur. Bu adamlar Prezident Administirasiyasından təyin olunmuş şəxslərdir.
Heydər Əliyevin vaxtı vəzifə təyinatı “açıq bazarı” xatırladırdı
– Eks-spiker vurğulayıb ki, deputat mandatı 200 minlə 2 milyon arası satışa çıxarılır. Eyni zamanda da dövlət vəziflərinə də pul ilə yiyələnmək olar. Bu məqamı siz də vurğuladınız?
– Elə deputatlar var ki, pul vermədən biliyinə, savadına görə Milli Məclisə düşüblər. Heç olmasa parlamentdə bir neçə nəfər bilikli, ağıllı adam olsun deyənə bu siyahıya salınır. Məsələn, yüz faiz əminəm ki, Rasim Musabəyov bir qəpik pul verməyib. Amma bəzi adamlar da var ki, onları parlamentə salıblar ki, müxalifət rolunu oynasınlar. Ulu öndərin vaxtında vəzifəyə təyin olunmaq açıq bazar idi. Kim çox pul verirdisə, vəzifəyə yiyələnirdi. Amma sovet vaxtı müəyyən məhdudiyyətlər var idi, restoran müdiri raykom katibi ola bilməzdi. Amma Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə vəzifəyə təyinatı açıq bazar elan etdilər və gömrükdə, vergidə xeyli pul toplayan adamlar başqa vəzifəyə getdilər.
– Gülər Əhmədova ilə bağlı açıqlanan fakt birinci deyil. Bundan əvvəl seçki pozuntuları ilə bağlı faktların doğruluğu Avropa Məhkəməsində təsdiqini tapıb. Hazırda yaranmış situasiyada beynəlxalq aləmin baş verənlərə diqqətini cəlb etmək üçün hansı addımlar atılmalıdır?
– Hakimiyyətin gözünü pul tutduğundan o, reallıq hissini itirib. Ona görə onun mahiyyətinin ifşa olunması vecinə deyil. Hakimiyyətdəkilər elə bilir ki, bunlar dünyanın ən qüdrətli adamlarıdır və onlara zaval yoxdur. Onların kimsə qulağından tutub silkələməyənə qədər bu insanlar özlərindən xeyli razı olacaqlar. Hüsnü Mübarək yanvarda ağlına gətirməzdi ki, onu bir ay sonra devirəcəklər və ya Tunisdə inqilab baş verəndə Qəzzafi düşünmürdü ki, eyni aqibət onu da gözləyə bilər. Qəzzafi deyirdi ki, mənim xalqım şad-xürrəm yaşayır. Amma yeddi ay sonra xalqı onu devirib, qətlə yetirdi. Bütün diktatorları bu aqibət gözləyir. Çünki diktatorlarla xalq arasında əlaqə olmur. Bizim hakimiyyətdə tənqidi fikir səsləndirilə bilərmi? Səsini çıxaranı dərhal qolundan tutub çölə atırlar və bütün var-dövlətini əlindən alırlar. Ona görə tənqidi fikir səsləndirilməyən rejimlərdə bu cür faciəvi sonluq qaçılmazdır. Azərbaycanda hazırda vəziyyət olduqca təhlükəlidir. Hələlik Azərbaycanda marağı olan qüvvələr ölkəmizə dəymirlər. Bu dövlətlərdən hansısa biri başqa qərar qəbul etmək istəsə, Azərbaycan kardon qutu kimi əziləcək.
Xəyal