Hakimiyyət sabiq rektorun 5 saatlıq videonu yayacağından ehtiyat edir
Fəaliyyəti dayandırılmış Beynəlxalq Azərbaycan Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin YAP-çı deputat Gülər Əhmədova ilə bağlı yaydığı rüşvət videosu gündəmin əsas mövzusu olaraq qalır. Xatırladaq ki, bu video yayılandan sonra Bakı şəhər prokurorluğu faktla bağlı cinayət işi başlayıb. Rüşvət videosunda adıkeçən Sevinc Babayeva M.Ə.Sabir adına şəhər kitabxanasının direktoru vəzifəsindən çıxarılıb. Eyni zamanda YAP Gülər Əhmədovadan, deputat isə mandatından imtina edib. Ehtimal olunur ki, yaxın günlərdə Gülər Əhmədova və Sevinc Babayevanın həbsilə bağlı qərar veriləcək.
Maraqlıdır ki, Elşad Abdullayev bundan əvvəl dəhşətli faktları ictimailəşdirib. Sabiq rektor qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı Ilham Əliyevə ünvanladığı və ötən ilin sentyabrında “Azadlıq”da dərc olunan məktubda yazıb: “Qardaşım Mahir Abdullayevlə bağlı cinayət, məkan və zaman etibarilə 13 oktyabr 2003-cü ildə müğənni Mətanət Isgəndərlinin mənzilində baş verib. Cinayətin icraçıları isə müğənni və bacısı Təranə, Sənan Ibrahimov, Qulu Cəfərov, skripkaçı Asif, Mətanətin sürücüsü Teymur, prodüsseri Ələddin, mühafizə xidməti rəhbəri Fazildir. Metal alverçisi olan Arzu Kazımovla DIN-in 1-ci müavini general Zahid Dünyamalıyev Mahirin qaytarılması üçün 3 milyon dollar alıb. KQB əməkdaşları general Hilal Əsədovla polkovnik Akif Çovdarov Mahiri geri qaytarmaq üçün 2 milyon dollar alıb. Hazıra qədər alınan pul və Mahir geri qaytarılmayıb. Akif Çovdarov etiraf edib ki, Rusiyanın Sverdlovsk şəhərində birgə meşə materiallarının istehsalından Mahirə 72 min dollar borcu var. Hələ 2003-cü ilin yanvarında Akif Çovdarov Mahiri oğurlamaq istəyib. Belə ki, müğənni Mətanət Isgəndərli Sverdlovska konsertə gedərək Mahiri də ora dəvət edib. Mahir bundan şübhələndiyi üçün Moskva şəhərinə gələrək tələbə yoldaşı, FSB-nin polkovniki Nicatı da özüylə Sverdlovska aparıb. Nicatın işlədiyi yerdən ehtiyat edən Çovdarov Mahiri oğurlamır. Mahirlə Çovdarovun qohumu Qulu Cəfərov tanış olaraq Bakıya taxta-şalban göndərirlər. Onlar faizini ödəmək ərtilə Mahirdən külli miqdarda pul alırlar. Akif Çovdarovun taxta-şalban zavodunda Mahirin onunla, Nicatla, Qulu Cəfərovla, Namiqlə 42 fotosu var və onları məhkəmə-istintaqa təqdim edə bilərəm. Mahiri Mətanət aldadaraq Sverdlovska gətirməklə orda saxlamaq istəyib. Həmin dövrdə Akif Çovdarov axtarışda olub, Bakıya Binəqədi rayon polis idarəsinin rəisi rəhmətlik Ələmdar Tağıyevin pasportuyla gəlib-gedib. Lakin qalmaqallı siyasi qətllərdə fəal iştirak etdiyinə görə 2003-cü ildən Azərbaycan MTN-nində böyük vəzifəyə irəli çəkildi. Cəmiyyətdə banda başçısı Hacı Məmmədovun cinayətinin fəal üzvü, bir medalın iki üzü kimi təqdim edilir”.
Elşad Abdullayev Ilham Əliyevə bu məktubunda bildirib ki, qardaşının tapılması ilə bağlı hüquq-mühafizə orqanlarının yüksək rütbəli zabitləri, müxtəlif hökumət nümayəndələri, deputatlarla apardığı danışıqların hamısının videoçəkilişi var. Amma bu Elşad Abdullayevin ictimailəşdirdiyi bu faktlar araşdırılmadı. Gülər Əhmədova olayı ilə bağlı isə dərhal müəyyən addımlar atıldı. Nə baş verdi ki, hökumət YAP-çı deputat barədə rüşvət videosuna ciddi reaksiya verdi? Ilk ağla gələn bu videonun davamı ilə bağlı Elşad Abdullayevin söylədikləridir. Sabiq rektor mətbuata açıqlamasında deyib ki, Gülər Əhmədova ilə bağlı video əslində 5 saatlıqdır. Elşad Abdullayev hələlik bunun 16 dəqiqəsini yaymağa üstünlük verib. Lakin Respublika Prokurorluğuna bu video tam olaraq göndərilib. Bu isə o deməkdir ki, hökumət videoda daha nələrdən danışıldığından məlumatlıdır. Bu barədə “Azadlıq”a da ilginc xəbər daxil olub. Xəbərdə deyilir ki, vidonun sonrakı hissələrində Gülər Əhmədova hakim ailə üzvlərinin adlarını hallandırıb. Əslində hakimiyyət də daha çox videonun sonrakı hissələrindən narahatdır və bu baxımdan ilk yayılan video ilə bağlı dərhal tədbirlərə görülməyə başlayıb. Bu tədbirlər Elşad Abdullayevi sakitləşdirmək, videonun sonrakı hissələrinin yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Namiq