Elşad Abdullayev çarpaz atəş altında

Əliyevçi rejimin başı üzərində qorxunc kabus dolaşmaqdadır – Elşad Abdullayev kabusu. Keçmiş Beynəlxalq universitetin keçmiş rektoru, Ali Attestasiya Komissiyasında hüquq komissiyasının keçmiş sədri, hüquq elmləri doktoru, YAP üzvü, bugünkü emiqrant Elşad Abdullayev əliyevçi rejimin cinayətlərini açıb tökən çıxışlardan, başqa cür desək, audio yazılardan VIDEO yazılara keçib. E.Abdullayevin bütünlüklə faktlara söykənən çıxışlarını indiyərək “yalan” adlandıran recim yetkililəri indi çıxış yolunu videomaterialın “montaj” adlandırılmasında görür. Televiziya işçisi olaraq bildirirəm: ortada olanlar montaj deyil, kriminal rejim faktları, 19 illik kriminal rejim epopeyasından FRAQMENTAL süjetlərdir!
Rejim E.Abdullayevi hər yandan vurub susdurmaq üçün DÖVRƏLƏMƏ kampaniyasına baş vurub. Bir yandan Gülər deputat yaxınlarını, o biri yandan rejim əlaltılarını, agentlərini DÖVRƏYƏ qoşub. Ortaya E.Abdullayevi rüşvətxor, dələduz kimi tanıyan çeşidli adamcığazlar, tanıdığımız-tanımadığımız jurnalistlər çıxarılır. Bunlar E.Abdullayevin ortaya qoyduğu, 19 illik sürəc içində korrupsiya-soyğunçuluq yoluyla Azərbaycanı kütləvi yoxsulluğa-yolsuzluğa gətirib çıxarmış KRIMINAL rejim faktlarına göz yumaraq yalançı etik norma – qadına sayğı görsənişləri sərgiləyirlər. Özünün düşkün istəklərindən dolayı illərlə Şərə, Şər rejiminə qulluq yolu tutanların hansı cinsdən – qadın, kişi, orta – olmasının ayrıca önəmi ola bilərmi?!
E.Abdullayev ardıcıl olaraq ortaya dövlət orqanaları, bu orqanların başında duranlarla bağlı DƏHŞƏTLI kriminal faktlar qoydu. Baxan olmadı. Özünün dediyinə görə, o, Respublika Prokurorluğuna nələrsə göndərib – yenə baxan olmayıb. Indi ortaya çıxardığı video görüntüləri iki ay qabaq Respublika Prokurorluğuna göndərib. Yenə susqunluqla üzləşib. Onu susqunluqla bezdirib susduracaqlarını düşünüblər. Alınmayıb. Indi əlaltı-agentlərə hücum komandası veriblər. Ancaq özlərinin düşünülməmiş, yanlış siyasətləri ilə onlar indi Elşad Abdullayevi gerçək bir reytinq ustasına çeviriblər. Ölkənin bütün orta, ali məktəbləri rüşvət içində batıb gedirkən bunlar keçmiş rektor Elşad Abdullayevin rüşvətxor olduğundan danışırlar. “Vaşinqton Post” qəzeti dövlət başçısının 75 milyon dollarlıq Dubay oğurluğunun, B.Britaniya Parlamenti 48 milyard dollarlıq başqa bir oğurluğunun üstünü açırkən bunlar E.Abdullayevin “bir belə pulunun” hardan olduğunu soruşurlar. Bütün bu sayaq düşünülməmiş sorular hakimiyəti daha da gözdən salır. Bütünlüklə rüşvətə bürünmüş BDU, Iqtisad, Tibb universitetlərinin deputat rektorlarından da nəsə soruşmaq olar. Ən azı: “Mandatı neçəyə almısız?”- deyə. Lap elə Gülər deputat keçmiş rektordan soruşunca indiki rektorlardan – deputat yoldaşlarından soruşsun E.Abdullayevdən soruşduğunu, ancaq bir az ayrı cür: “Universitetlərdə yığılan bir belə pullar hara gedir?”.
Hansısa “jurnalist” Internetlə yaydığı yazısında E.Abdullayevin Beynəlxalq universitetdə 15 il rüşvət bazarı açdığını bildirir. Demək, E.Abdullayev 15 il universiteti bazara çevirib, PA başda olmaqla dövlət qurumlarında bunu bilən olmayıb. Onda bu nə oyuncaq hakimiyət, bu nə oyuncaq dövlətdi belə?! Bütün universitetlərdə MTN-in yerli qurumu var. 15 illik bir bazarın içində oturub, bundan soraqsız olub – onda bu nə Milli Təhlükəsizlik Nazirliyidi belə?!
E.Abdullayevi qanunsuz çəkilişlər aparmaqda suçlayırlar. “Nə tökərsən aşına…”. Əliyevçi KQB hakimiyətinin etdikləri indi özünün qabağına çıxır. Bu hakimiyət indi özü öz priyomundan yıxılır. Yıxan da başqaları deyil, YAP-ın …SIMASIZ QULDURLAR PARTIYASININ öz yetirmələridir. Kimlərsə Gülər deputata cinayət işi açılmalı olduğunu deyirlər. Tək E.Abdullayevin ortaya qoyduğu çoxsaylı faktlardan göründüyü kimi, cinayət işi bir kimsəyə yox, bütöv bir rejimə açılmalıdır.