İctimai Palata NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlının həbsinin pisləyir və gənc fəalın dərhal azadlığa buraxılmasını tələb edir.
Sentyabrın 29-u səhər saatlarında NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı yaşadığı evin önündə saxlanıb. Onu saxlayanlar özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim ediblər.
Daha sonra Z.Qurbanlının evində, paralel olaraq Müsbət Dəyişiklik Hərəkatının ofisində də axtarış aparılıb. Axtarış başlayandan az sonra Z.Qurbanlı ofisə gətirilib.
Ofisdən NİDA Vətəndaş Hərəkatına məxsus çap materialları, NİDA-ya məxsus hələ yayılmamış bukletlər götürülüb. Məlum bukletin üzərində İlham Əliyevin kölgəsi və “Mən 2013-cü ildə gedərəm, əgər, sən N!DA-çı olsan!” çağırışı yazılıb.
Z.Qurbanlının Yasamal rayon Polis İdarəsinə aparıldığı deyilsə də, idarədən gənc fəalın ora gətirilmədiyi deyilib. Gənc bloggerin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması ehtimaı da var. İstənilən halda, hazırda gənc fəalın harada saxlandığı məlum deyil və bu ictimaiyyətdə ciddi narahatlıq yaradır.
İlkin məlumatlar Zaur Qurbanlının ölkə başçısı İlham Əliyevlə bağlı hazırlanan bukletə görə saxlandığı qənaətini yaradır. Eyni zamanda İctimai Palata bu qanunsuz həbsin gəncləri ictimai-siyasi fəaliyyətdən çəkindirmək, ictimai diqqəti məlum rejimi ifşa edən video olayından yayındırmaq məqsədi güdməsi versiyalarını da nəzərə alır. İctimai Palata bəyan edir ki, bütün bu cəhdlər əbəsdir, nə gəncləri qorxumaq, nə də ictimai diqqəti yayındırmaq mümkün olmayacaq.
İctimai Palata Z.Qurbanlının həyat və təhlükəszliyindən narahatlığını bildirir, onun dərhal sərbəst buraxılmasını tələb edir.