Baş redaktorun məhkəməsində maskalar yırtıldı

Rüxsarə Axundova: “Mən heç bir ifadəmdə Əvəz Zeynallının hədə-qorxu və şantaj yolu ilə Gülərdən pul istədiyini deməmişəm”

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam etdirildi. Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə iclasında Gülər Əhmədovanın şahidi qismində Rüxsarə Axundova ifadə verməyə dəvət edilmişdi.
Əvəz Zeynallı Gülər Əhmədovaya suallar vermədiyinə görə, onun istintaqa atdığı 4 şahidin heç birindən əvvəlcədən ifadə almağın düzgün olmadığını dedi və israrla R.Axundovanın məhkəmədə ifadə verməsinə qəti etiraz etdi. Baş redaktorun vəkillərinin də israrlı tələblərinə baxmayaraq dövlət ittihamçısı Ramazan Hadıyev və hakim Ramella Allahverdiyeva məhkəməyə gətirdilən şahidlərin bir-birilə əlaqədə olmamasını əsas gətirərək, onun dinlənməsini zəruri hesab etdilər. Zeynallı Əhmədovanın bu ilin 2 iyulunda məhkəmədə şahid qismində ifadə verərkən Axundovanın da qanuna zidd olaraq zalda oturduğunu hakim və prokurora xatırlatdı. Ancaq bu da Rüxsarə Axundovanın ifadə verməsinə mane olmadı.
Ötən ilin oktyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə (KQMI) çağırılarkən Respublika Uşaq Təşkilatının sədr müavini vəzifəsində çalışdığını deyən şahid Gülər Əhmədova ilə 19 illik rəfiqə olduğunu, uşaqlarının bir yerdə böyüyərək tərbiyə aldığını, bütün sirr və söhbətlərinin bir olduğunu məhkəmənin diqqətinə çatdırdı. Onun verdiyi ifadəyə görə, o Əvəz Zeynallı ilə cəmi bir dəfə “Xural”ın redaksiyasına Gülər Əhmədova ilə gedib və baş redaktoru da ordan tanıyır. Orda olarkən Ə.Zeynallının G.Əhmədova haqda müsbət yazılar yazdığını və bunun müqabilində özünə qarşı “diqqət” gözlədiyini, ancaq heç bir “diqqət”in olmadığını baş redaktorun dilindən eşidib. Bu hadisədən bir neçə gün sonra isə Rüxsarə Axundova Gülər Əhmədovanın halının xarab olduğunu və bunun səbəbini soruşarkən Ə.Zeynallının ondan 10 min manat pul tələb etdiyini dedi.
Baş redaktor bu qədər professional “üzədurmanın” səbəbsiz olmadığını, Gülər Əhmədovanın ətrafında olanların hansı işlərlə məşğul olduqlarını, sifarişlər əsasında şər və böhtanla onu həbsə atdırmaq qədər gücdə olduqlarını söylədi: “Bu adamların nə qədər böhtançı və şantajçı olduğu fakt olaraq cəmiyyətə açıqlanır, əsas şahid deputat mandatından məhrum edilir, üzvü olduğu partiyanın sıralarından qovulur, deputat mandatı ilə 1 milyon manatlıq alver etdiyi üçün haqqında dələduzluq faktı ilə cinayət işi qaldırılıb. Ancaq yenə şər əməllərindən əl çəkmirlər. Rüxsarə xanım siz öz qulağınızla eşitmədiyiniz bir şeyi olmuş hadisə kimi necə danışa bilirsiniz? Heç vicdanınız titrəmirmi?”.
Rüxsarə Axundovanın “Xural”da dərc olunan anonslarla bağlı verdiyi ifadəyə uyğun olaraq Ə.Zeynallı sual ünvanladı: “Siz anonslar deyirsiniz. Neçə ifşaedici anons oxumuşdunuz bizim qəzetdə? Kənardan elə təsəvvür yaratmağa çalışırsınız ki, Əvəz Zeynallının işi-gücü qurtarıb Gülər barədə anonslar verir”. Məlum oldu ki, şahid cəmi bir dəfə belə bir anonsla “tanış olub”, məhkəmədə isə onu xatırlamır.
Məhkəmədə Rüxsarə Axundovanın məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ilkin ifadəsində ziddiyyətlərin olduğu üzə çıxdı.
Şahid ifadəsində Əvəz Zeynallının hədə-qorxu və şantaj yolu ilə Gülər Əhmədovadan pul istədiyini demədiyini vurğuladı.
Prokuror şahidin ifadəsindəki bu əsas məqama diqqətin çəkilməməsi üçün, “şahidə zorla heç nəyi danışdıra bilməzsiniz” kimi yönləndirici replika atdı. Prokurorun bütün şahidlərin vəkili qismində çıxış etməsi, onlara tərəfkeşlik nümayiş etdirməsinə Ə.Zeynallı etirazını bildirdi.
Yalnız bir şahid olduğu üçün məhkəmə 2 oktyabr, saat 14.00-a qədər təxirə salındı.

Ramin DEKO