Azərbaycana qarşı sərt sanksiya tələbi

Hovard Berman: “Azərbaycan NATO proqramından çıxarılsın”

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü, demokrat Hovard Berman sentyabrın 27-də ABŞ dövlət katibi Hillari Klintona məktub göndərərək Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramından çıxarılmasını və Azərbaycana silah göndərilməsinə son qoyulmasını təklif edib. Bu barədə xəbəri “Turan” yayıb.
“Bu məktuba balta ilə adam öldürən Ramil Səfərovun əfv edilməsi və ona mayor rütbəsinin verilməsi səbəb olub”, – konqresmenin nümayəndəsi Turan-a bildirib. Konqresmen məktubda Ilham Əliyevin bu qərarını “dəhşətli” adlandırır.
“Bu qərar ədalət mühakiməsini ələ salmaqdır, NATO-ya və
onun tərəfdaşlarına, həmçinin “Sülh naminə tərəfdaşlıq” proqramına məhəl qoymamaqdır.
“Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində bu dəhşətli qətl fonunda mən sizi NATO üzvləri adından Ilham Əliyevə ümumi etiraz bildirməyə çağırıram. Ikincisi, Ilham Əliyev öz qərarını dəyişməyənə və killeri cəza çəkmək üçün həbsxanaya və ya Macarıstana qaytarmayana qədər NATO-nu Azərbaycanı öz tədbirlərində iştirakdan kənarlaşdırmağa çağırıram”, – məktubda deyilir. Sonda konqresmen ABŞ-ı Azərbaycana silah göndərməyə son qoymağa çağırır və qeyd edir ki, ABŞ nəzərə almalıdır ki, Qarabağ münaqişəsinin dinc yolla nizamlanması “Azərbaycanın təcavüzünə” qarşı adekvat təhlükəsizlik tədbirlərini nəzərdə tutmalıdır.