Almaniyada rus casusları ifşa olundu

Onlar Avropa İttifaqı və NATO-ya aid məxfi sənədləri Rusiyaya ötürürmüşlər

Almaniyada Rusiya lehinə casusluq edən şəbəkə ifşa olunub. Alman prokurorlar bildiriblər ki, ifşa olunan şəbəkənin 2 üzvünün Almaniya, Avropa İttifaqı və NATO-ya aid məxfi məlumatları Rusiyaya ötürdüyü sübuta yetirilib. Federal prokurorlar Andreas və Heydrun A. kimi tanınan şəxslərin casusluq maddəsi ilə ittiham olunduqlarını açıqlayıblar.

Aparılan araşdırmalardan sona bəlli olub ki, cütlük Almaniyada 20 ildən artıq casusluq faəliyyəti göstərirmişlər. Onlar bu müddət ərzində Rusiyadan aldıqları göstərişlərə əsasən topladıqları məlumatları müəyyən olunmuş adamlara radio vasitəsiylə ötürürlərmiş. Bununla yanaşı casus şəbəkə əldə etdikləri məxfi material və gizli əşyaları əvvəlcədən müəyyənləşdirdikləri yerlərdə rus xəfiyyələrə çatdırırlarmış.

Rəsmilərin bildirdiyinə görə 2008-ci ildən 2011-ci ilə qədər onlar həmçinin Almaniya xarici işlər nazirliyindəki xəfiyyələri vasitəsilə Avropa İttifaqı və NATO-ya aid sənədlər əldə edirdilər. Ötürdükləri məlumatlara görə onlara illik 125 000 dolları ödənilib. Polis əslən Cənubi Amerikadan olan cütlüyü bir il əvvəl həbs edib. Rəsmilər onların SSRİ və Berlin Divarı dağılmamışdan əvvəl Almaniya ərazisinə Avstriya vətəndaşları qismində daxil olunduqlarını müəyyənləşdiriblər.