Aktyor Rasim Balayev Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvü Nigar Yaqublunun həbsinə münasibət bildirib. Sentyabrın 28-da “Media forum” saytına danışan Rasim Balayev deyib ki, məhkəməyə kimi xanımın azadlıqda olması daha doğru olardı: “Müsəlmançılıqdır. Belə olmaz. Nigar xanım məhkəməyə kimi azadlıqda ola bilərdi. Məhkəmədən sonra hər şey dəqiq bilinərdi. Həqiqətən qəzada cinayət əməlləri varsa, qanun cəzasını verəcəkdi. Həmçinin qanun onun məhkəməyə kimi kiminsə zaminliyində olmasına icazə verir.
Mənim qardaşım avtomobil qəzasında dünyasını dəyişib. Maşını idarə edən isə öz yaxın dostu olub. Biz şikayətçi olmadıq. Çünki bu, bir qəza idi, qəsdən olan bir şey deyildi. Dostu da icbari cəza aldı.
Ortalıqda çox ağır bir cinayət yoxdursa, bir xanımın həbsə salınması düzgün deyil. Adi bir vətəndaş kimi deyirəm ki, həmin xanımın məhkəməyə qədər azadlıqda olmasını daha doğru sayıram. Qəza qəsdən olan bir şey deyil. Çox asanlıqla o xanım azadlıqda saxlanıla və istintaq bu halda davam edə bilərdi. Amma məhkəməyə kimi bir xanımı həbsdə saxlamaq bizim mentalitetimizə uyğun deyil”.
Nigar Yaqublu sentyabrın 11-də tutulub. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.