“Video ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəyik”

Ədalət Yusibov: «Videogörüntü bu hakimiyyətin rəhbərliyi altında keçirilən bütün seçkilərdə saxtakarlıqla bağlı ortaya qoyduğumuz faktların sübutudur»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasındakı rüşvət qalmaqalı ilə bağlı video bir sıra məqamları qabardır.
Əvvəla onu qeyd etmək lazımdır ki, baş verən hadisə parlamentin legitim olmadığını təsdiqlədi. Elə bir neçə il əvvəl parlament seçkilərindəki saxtakarlığa görə hüquqları pozulan namizədlərin biraraya gələrək Ictimai Palatanı təssis etməsinin də səbəbi məhz bu idi. Müsahibimiz Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, KXCP sədrinin müavini Ədalət Yusibovdur. Ə.Yusibovdan öncə hazırda gündəmdə olan məsələyə münasibətini öyrəndik:

– Baş verən hadisə Azərbaycanda seçkilər yolu formalaşdırılmalı olan orqanların tərkibinin necə müəyyənləşdirildiyini ortaya qoydu. Dəfələrlə baş verən seçki saxtakarlığı ilə bağlı siyasi partiyalardan MSK-ya, Respublika Prokurorluğuna şikayətlər olsa da onlar birmənalı şəkildə rədd edilib. Ictimai Palatanın yaranma səbəblərindən biri də 2010-cu ildə keçirilən parlament seçkilərinin kütləvi şəkildə saxtalaşdırılması idi. Həmin dönəmdə etirazlar təkcə səslərin oğurlanması ilə bağlı deyildi. Eyni zamanda ayrı-ayrı dairələrdə seçicilərə pul paylanması, vahid siyahı üzrə namizədləri birinci şəxsin müəyyənləşdirməsi ilə bağlı olan fikirlər rəsmi qayda da inkar edilirdi. Gülər Əhmədova ilə Elşad Abdullayev arasında olan videonun yayılması 93-cü ildən bu günə kimi hazırkı rejimin rəhbərliyi altında keçirilən bütün seçkilərdə tərəf olaraq iştirak edərək saxtakarlığa dair ortaya qoyduğumuz faktların sübutudur. Normal cəmiyyətlərdə belə fakt ortaya çıxardısa seçki orqanlar istefaya gentməli idi. Gürcüstanda bu yaxınlarda həbsxanalarda işgəncə faktları ortaya çıxdığına görə iki nazir istefaya getmişdi.
Ona görə hazırkı situasiyada hakimiyyət məsuliyyətini anlayıb istefaya getməli idi.

Video saxtalaşdırmanı sübut etdi

– Sabah Ictimai Palata hazırda müzakirə predmeti olan məsələ ilə bağlı növbəti dinləmə təşkil edəcək. Gülər Əhmədovanın əməli ilə bağlı beynəlxalq təşkilatlara müraciət oluna bilərmi? Buraya Azərbaycanda seçki saxtakarlığını təsdiq edən başqa faktlar da əlavə edilə bilərmi?
– Bu məsələ Koordinasiya Şurasının toplantısında müzakirə olunub və alahiddə qərarlar qəbul olunub. Koordinasiya Şurası bu biabırçı fakta münasibətini bəyanatla bildirdi. Sentyabrın 29-da təşkilat mövzu ilə bağlı geniş dinləmələrin keçirilməsini hədəfləyib. Dinləmələrdə ekspertlərin, hüquqşünasların iştirakı gözlənilir. Biz həm Azərbaycanın aidiyyəti orqanlarına, həm də beynəlxalq təşkilatlara müraciət etməyi düşünürük. Video süjetin beynəlxalq təşkilatlara seçkilərin saxtalaşdırılmasının faktı kimi təqdim olunması nəzərdə tutulub. Bu nümunə ilə indiyə qədər seçkilərdə hüquqları pozulan namizədlərin Avropa Məhkəməsinə ünvanladığı müraciətlərin haqq olduğu təsdiqini tapmış olacaq.

– Ortada ciddi faktın olmasına baxmayaraq hakim partiya təmsilçilərinin, hüquq-mühafizə orqanlarının məsələyə münasibəti adekvat deyil. Bunu necə qiymətləndirirsiniz?
– Bu hakimiyyətdən istənilən addımı gözləmək mümkündür. Çünki bu hakimiyyətin mahiyyəti tamamilə ortadadır. Hakimiyyətin gördüyü ən ciddi addım Gülər Əhmədova ilə bağlı ola bilər. Amma bu qədər faktdan sonra belə Gülər Əhmədovanın haqlı çıxarılmasına bir cəhd oluna bilər. Lakin istisna deyil ki, Gülər Əhmədovanın cəzalandırılması da realdır. Çünki açıq görünür ki, Gülər Əhmədova respublikanın birinci şəxsi də daxil olmaqla bir neçə şəxsin adını çəkir. Bu faktı gizlətmək yox, Azərbaycanın hüquqi cəmiyyətə çevrilməsi, Avropa standartlarına uyğunlaşdırılması üçün məsələnin üstünə sərt şəkildə gedilməlidir. Əsil günahkarlar ortalığa çıxarılıb, cəzalandırılmalıdır.

Cəmiyyət öz taleyinə biganə qalmamalıdır

– Gülər Əhmədova ilə bağlı video bir həftə ərzində artıq hakim partiya ilə bağlı ikinci dəhşətli faktdır. Bundan əvvəl Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi ali təhsil ocağında ciddi korrupsiya faktları aşkarlandı. Bu kimi ciddi faktlar beynəlxalq aləmdə necə qarşılanacaq?
– Azərbaycan hakimiyyətinin beynəlxalq imici çoxdan tükənib. Baş verənlərin beynəlxalq aləmə çatdırılması üçün Azərbaycanın demokratik qüvvələrinin, ictimaiyyətin üzərinə böyük vəzifə düşür. Hakimiyyətin sorumluğunun ortaya qoyulması üçün cəmiyyətlə siyasi partiyaların sıx iş birliyi yaranmalıdır. Cəmiyyət öz taleyinə biganə qalacaqsa, hansı faktın açıqlanmasından asılı olmayaraq vəziyyət dəyişməyəcək. Hakimiyyətə adekvat cavabı yalnız millət və onun aparıcı qüvvəsi olan müxalifət verə bilər.

Hədəfimiz real müxalif qüvvələrin bir araya gəlməsinə nail olmaqdır

– Hazırda mətbuatda diqqət mərkəzində olan daha bir məsələ KXCP-də baş verənlərlə bağlıdır. KXCP daxilində bir müddət əvvəl sədr müavinlərinin iştirakı ilə fraksiya yaradıldı. Bu addımın atılmasını zəruri edən səbəblər nədən ibarət idi?
– KXCP-də ölkədəki siyasi vəziyyəti zaman-zaman ciddi şəkildə müzakirə etmişik. Biz 2013-cü ilə Azərbaycanın həyatında ciddi dəyişikliklər ili kimi yanaşırıq. KXCP-nin sədr müavinləri bu dönüş ilinin hardan və nədən keçdiyini götür-qoy edərək, bu addımı atmağı qərara alıb. Hədəfimiz yalnız KXCP-nin içərisində demokratik mühitin formalaşdırılması ilə bağlı deyil. Eyni zamanda Azərbaycanda real müxalif qüvvələrin bir araya gəlməsinə nail olmaqdır. Bu yolda zərrə qədər köməyimiz olarsa, özümüzü xoşbəxt hiss edərik.

– Bu məsələni Mirmahmud bəylə müzakirə etmisinizmi?
– Konkret fraksiyanın yaradılması ilə bağlı Mirmahmud bəylə müzakirə aparmamışıq. Amma fraksiyanın yaradılmasının lazımlılığı ilə bağlı təxminən bir il öncə Idarə Heyətinin toplantısında fikir mübadiləsi aparılıb. O zaman hətta partiyadaxili fraksiyanın yaradılmasının özünü Mirmahmud bəy normal qarşılayıb.

KXCP gərəkən zamanda gərəkən yerdə olacaq

– Sədr müavinlərindən Qaya Əliyev bəyan edib ki, KXCP-ni hökumətyönlü təşkilata çevirmək istiqamətində rəhbərliyin cəhdləri var. Nə nəzərdə tutulur?
– Təbii ki, mən də istərdim ki, təmsil etdiyim təşkilat Azərbaycanda hakimiyyətə alternativ real güclərlə bir yerdə olsun. Ola bilsin Qaya bəy partiyanın güc mərkəzi ilə bağlı seçimində yanıldığı qənaətindədir. Ümid edirəm ki, nəinki bizim, ümumilikdə Azərbaycan xalqının arzusunu ifadə edərək KXCP gərəkən zamanda gərəkən yerdə olacaq.

– Yasamal rayon şöbəsi Qaya Əliyevi bir neçə gün öncə partiyadan çıxardığı barədə qərar qəbul edib. Belə bir addım başqa sədr müavinləri ilə bağlı atıla bilərmi?
– Təşkilati işlərdə subardinasiya qaydalarının gözlənilməsi hər bir şəxs üçün zəruridir. Əks təqdirdə özbaşnalığa yol açmasına gətirib çıxara bilər. Qaya Əliyev hələ sədrin sərəncamı ilə tutduğu postdan azad olunmayıb. Rayon təşkilatında bir özəyin qərarı ilə sədr müavinini üzvlükdən azad olunması bu gün normal qəbul oluna bilməz.

– Mirmahmud bəyin hazırda harada olması və mətbuatdan yayınmasının səbəbləri ilə bağlı mediada müxtəlif məlumatlar yayılır. Gerçək nədən ibarətdir?
– Mirmahmud bəy hazırda Bakıda, öz evindədir. Təəssüf edirəm ki, bəzi maraqlı dairələr Mirmahmud bəy barəsində bu cür məlumatların ayaq almasına müəyyən qədər rəva bilirlər. Əsl həqiqətin nədən ibarət olmasını təbii ki, Mirmahmud bəy iş başına qayıtdıqdan sonra özü deyəcək. Demokratik Birlik Fraksiyası artıq Mirmahmud bəylə bağlı mətbuat səhifələrində yayılmış məlumatlarla bağlı əks-reaksiya verib.

Xəyal