Nazirlik Əvəz Zeynallının adından saxta sənəd tərtib edib

Baş redaktorun məhkəməsində ilginc faktlar ortaya çıxdı

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi davam etdirildi. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən məhkəmə prosesində Vergilər Nazirliyinin Bakı Vergilər Departamentinin hüquqşünası Səxavət Rzayev nümayəndə qismində izahat verib.
S.Rzayev izahatında vergi ödəyicisi Əvəz Zeynallının sahibi olduğu “Xural” qəzetində səyyar vergi yoxlaması aparıldığını bildirdi. Yoxlama zamanı Ə. Zeynallının 7100 manat məbləğində vergidən yayındığının müəyyən edildiyini bildirdi. Daha sonra dövlət ittihamçısı Ramazan Hadıyev nümayəndəyə sualları olmadığını bildirdi. Ə.Zeynallı S.Rzayevə sual vermək istəyinə dövlət ittihamçısı etiraz edərək “Zərərçəkənə sual vermək olmaz. Səxavət Rzayev burada zərərçəkən – Vergilər Nazirliyinin nümayəndəsi qismində iştirak edir. Nazirlik hüquqi şəxs olduğundan nümayəndəsi iştirak edir. Bu baxımdan nümayəndə burada izahat vermək səlahiyyətinə malikdir. Iş üzrə suallara cavab verə bilməz”. Hakim baş redaktora izahat ətrafında sual vermək səlahiyyəti olduğunu bildirdi: “Səyyar vergi yoxlaması barədə suallar yaranarsa, vergi yoxlamasını həyata keçirən şəxsin məhkəməyə dəvət olunması barədə vəsatət verə bilərsiniz, yaxud məhkəmə özü bu barədə qərar qəbul edə bilər”.
Səxavət Rzayev Əvəz Zeynallının bir sıra suallarına cavab verə bilmədi. Öncə Əvəz Zeynallı vergi yoxlamasının hansı sənədlər üzrə aparılması barədə sual verdi. Səxavət Rzayev yoxlamanın “Ekspress Service” mətbəəsindən əldə edilən arayışlar üzrə keçirildiyini bildirdi.
Ə.Zeynallı:
– Siz vergi yoxlamasında göstərmisiz ki, “Xural” qəzeti 2008-ci ildən 2011-ci ilədək 2100 nüsxə ilə nəşr edilib. Hardandır sizdə bu rəqəmlər?
S.Rzayev:
– Biz “Ekspress” mətbəəsindən aldığımız arayış üzrə ortaq rəqəm çıxarmışıq.
Ə.Zeynallı:
– Burada ciddi qanun pozuntusuna yol verilib. Bildirirəm ki, Vergilər Nazirliyi “Xural” qəzetinin son 1 ayda gündəlik nəşrə başladıqdan sonra olan tirajı bütün illərə şamil edərək hesablayıb. Bizim tirajımız hər nömrə üzrə hesablanmayıb. Siz hər qəzet nüsxəsi üçün necə qəpik hesablamısız?
S.Rzayev:
– 40 qəpik
Ə.Zeynallı:
– 2008-ci il üzrə qəzetimizin satışı neçə qəpikdən hesablanıb?
S.Rzayev:
– 40 qəpikdən.
Ə.Zeynallı:
– “Xural” qəzeti 2008-ci ildə 30 qəpikdən satılıb. Vergilər Nazirliyi sadəcə sifariş əsasında yoxlama həyata keçirib və daha çox vergi borcunun çıxarılması naminə qanunsuzluq edib. Vergilər Departamentinin sənədində həbs edildiyim və harada saxlanılmağım barədə məlumatlı olduğunuzu bildirmisiz. Belə olan halda səyyar vergi keçirilməsi barədə mənə niyə məlumat verməmisiz?
S.Rzayev:
– Bu barədə suala cavab verə bilmərəm. Bu suala yoxlamanı həyata keçirən şəxsə ünvanlayarsınız.
Ə.Zeynallı:
– Cinayət işinin materialları ilə tanış olarkən diqqətimi bir sənəd cəlb etdi. Bu sənədi Vergilər Departamenti istintaqa təqdim edib. Bu sənədə əsasən guya mən 18 sentyabr 2011-ci il tarixində Vergilər Departamentinə müraciət edərək sahibkarlıq fəaliyyətimin 5 il müddətinə dayandırılmasını xahiş etmişəm. Həmin müraciət əsasında fəaliyyətim dayandırılıb. Bu məsələdən istintaq sənədləri ilə tanış olanda xəbərim olub. Bu sənədi mən yazmamışam bu sənəddəki imza mənə məxsus deyil. Səxavət Rzayev, adımdan bu saxta sənədi kim hazırlayıb və kim mənim yerimə saxta sənəd imzalayıb?
S.Rzayev:
– Mənim məlumatım yoxdur.
Hakim:
– Əvəz Zeynallı bu sənəd sizdə haradandır?
Ə.Zeynallı:
– Ramella xanım, bu sənədi siz mənə vermisiniz.
Hakim:
– Imza sizin deyil?
Ə.Zeynallı:
– Xeyr, mənim deyil və bu sənəddən, ümumiyyətlə, xəbərim yoxdur. Bu sənəd ona görə saxtalaşdırılıb ki, həmin dövrdə “Xural” qəzetinin gündəlik nəşrə keçməsi barədə qərar vermişdim. Mənim həbsimə qərar verən Ramiz Mehdiyev və onun komandası “Xural” qəzetinin gündəlik nəşrinin qarşısını almaq üçün bu saxta yollara əl atıb.
Hakim səyyar vergi yoxlamasını həyata keçirən şəxsin məhkəməyə gətirilməsi barədə qərar verildiyini elan etdi.
Daha sonra məhkəmədə şahid qismində Milli Dövlətçilik Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Əvəzoğlu dəvət edildi. Baş redaktor şahidin dindirilməsinin düzgün olmadığını hakimin diqqətinə çatdırdı: “Ramella xanım, siz keçən məhkəmə prosesində qərar qəbul etdiniz ki, əsas şahidlər dindirilmədən digər şahidlərin ifadəsi alınmasın. Hüseyn Əvəzoğlu əsas şahid Sabir Tanrıverdiyevin şahididir. Öncə Sabir müəllim ifadə verməlidir”.
Hakim:
– Hüseyn Əvəzoğlu, Sabir Tanrıverdiyev nəyə görə məhkəməyə gəlməkdən yayınır? Sizin və Sabir Tanrıverdiyevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar vermişik.
H.Əvəzoğlu:
– Sabir Tanrıverdiyev Milli Dövlətçilik Partiyasının sədri və Sumqayıt Maşın Bazarının sahibidir. Heç bir yerə qaçmayıb. Sadəcə Sabir müəllim biznes fəaliyyəti ilə bağlı Belarusdadır.
Hakim:
– Bizim üçün Sabir Tanrıverdiyev şahiddir. Sizin onunla əlaqəniz var?
H.Əvəzoğlu:
– Hər gün danışırıq və gələn həftənin ikinci günü Sabir müəllim Bakıda olacaq.
Hakim:
– Ona deyərsiz mütləq məhkəməyə gəlsin. Siz və Sabir Tanrıverdiyev gələn həftənin üçüncü günü məhkəmədə olmalısız. Əks halda polis vasitəsilə məcburən məhkəməyə gətiriləcəksiniz.
Növbəti məhkəmə prosesi 28 sentyabr (bu gün) saat 14:00-a təyin edildi.
Məhkəmənin sonunda Ə.Zeynallı jurnalist Əfqan Muxtarlının “Xural” qəzetinin və “Xural.com” internet portalının redaktoru təyin edildiyini bəyan etdi: “Media nümayəndələrinin nəzərinə çatdırıram ki, bundan sonra “Xural” qəzeti və mənimlə bağlı suallarınızı Əfqan Muxtarlıya verin”.

Ramin DEKO