İbrahim İbrahimli: «Dünyada gedən proseslərin qarşısında Qəzzafi, Bəşər Əsəd, Hüsnü Mübarək dayana bilmirsə, Ilham Əliyev heç dayana bilməz»
Dünyada gedən demokratik proseslər Azərbaycanın yerləşdiyi bölgəyə də təsirsiz ötüşmür. Artıq hakimiyyət təmsilçiləri də bunun fərqindədir. Ötən bir ildə bir neçə ölkədə diktatura rejimlərinin devrilməsi digər avtoritar rejimləri də narahat etməkdədir. Lakin Azərbaycan hakimiyyəti nəinki bu proseslərdən nəticə çıxarmaq istəyir, əksinə, təkbaşına mübarizə aparmaq niyyətini açıqlayır.
Ölkə başçısı Ilham Əliyev Bakıda Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində hər bir ölkənin öz maraqlarını müdafiə etmək zorunda qalacağını və Azərbaycanın buna hazır olduğunu deyib. O, təkbaşına mübarizə aparmağın yollarını, üsullarını bildiklərini də açıqlayıb. Ölkə başçısının sözlərinə görə, Azərbaycan özündən qat-qat böyük qüvvələr qarşısında öz maraqlarımızı təmin edir, heç kimin qarşısından geri çəkilmir.
Bu tip açıqlamalar digər rəsmilərin də dilindən səslənir. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da dövlət başçısının fikirlərini təkrarlayaraq ölkənin təkbaşına mübarizə aparmaq gücündə olduğunu deyib.
Ilham Əliyevdən qüdrətli diktatorlar olan Hüsnü Mübarək, Müəmmər Qəzzafinin davam gətirə bilmədiyi proseslərin qarşısında Azərbaycan kimi kiçik ölkə təkbaşına dayana bilərmi?
Azərbaycanda gedən proseslərin dünyada baş verənlərin tərkib hissəsi olduğunu deyən Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimli Əliyev hakimiyyətinin bu proseslərdən təcrid olunmasını mümkünsüz hesab edir. Bu tip danışanların son aqibəti isə bəllidir: “Əliyevin indi danışdıqlarını ötən il Hüsnü Mübarək, Ben Əli, Qəzzafi danışırdı. Onların faciəvi taleyinin şahidi olduq. Azərbaycan hakimiyyəti özünü nə qədər beynəlxalq aləmdən təcrid etməyə cəhd etsə də, qloballaşan dünyaya inteqrasiyanın qarşısını almağa çalışsa da, buna nail ola bilməyəcək”.
I.Ibrahimlinin fikrincə, dünyada gedən proseslər artıq elə səviyyəyə çatıb ki, onu ləngitmək mümkün deyil. Ancaq hakimiyyət bunu qəbul etmək istəmir: “Dünyada açıq cəmiyyətlərlə qapalı cəmiyyətlər arasında demokratiya uğrunda savaş gedir. Bu prosesin qarşısını almaq mümkün deyil. Suriyadan sonra proseslər Irana keçəcək və Azərbaycanın sərhəddinə daha da yaxınlaşacaq. Bu da hakimiyyət daxilində narahatçılıq yaradıb”.
I.Ibrahimlinin sözlərinə görə, ölkə başçısı yaxın ətrafının narahatçılığını aradan götürmək üçün bu tipli bəyanatlarla çıxış edir: “Əgər dünyada gedən proseslərin qarşısında Qəzzafi, Bəşər Əsəd, Hüsnü Mübarək dayana bilmirsə, Ilham Əliyev heç dayana bilməz. Bu boş, demaqogiya xarakterli çıxışlardan başqa bir şey deyil”.
Fizzə