Heykəlləri yıxın

O zaman bütün cinayətlər ifşa olunacaq

Ayəndə Mürsəliyeva

Keçmiş rektor Elşad Abdullayev mətbuata şok gorüntülər yaydı. Bu görüntülər Azərbaycanda qanunverici hakimiyyətin, parlamentin hansı cinayətkar yollarla formalaşdrıldığını təsvir edir.  Şok, bu görüntülərdə adi bazar sövdələşmələrini andıran rüşvət faktı ilə bağlı deyil, əlbəttə. Zatən, korrupsiyanın ən yüksək və ən dəhşətli həddə qədər irəlilədiyi Azərbaycan üçün, bu sayaq faktlar şok yarada bilməz. Şok ondan ibarətdir ki, ölkənin siyasi hakimiyyəti özunün bütün prinsipləri və mahiyyəti üzrə bu cinayətin tərkib hissəsinə çevrilib.

Əslində, Elşad Abdullayevin partlatdığı bu “bomba”lar o qədər də yeni deyil. Keçən il, təqribən elə bu ərəfələrdə “Azadlıq” qəzeti sabiq rektorun dəhşətli cinayət faktları ilə zəngin olan açıqlamalarını dərc edirdi. Bu, adam oğurluğu, dövlətin ən yuxarı mərtəbələrinə qədər boy ata bilən kriminal, rüşvət və korrupsiya faktları ilə zəngin olan açıqlamalar idi.
Xatırlayırsınızsa, o zamanlar da əks arqumentlər səslenir, hətta sosial şəbəkələrdə belə müzakirələr o səmtə əyilirdi ki, “Elşad Abdullayev özü də cinayətkardır” və sairə.
Amma bu, arqument ola bilmezdi, axı. Və indi də bu müzakirələrin gedişində belə bir arqumentdən yararlanmaq arqumentsizlikdir. Elşad Abdullayev cinayətkar ola bilər, illər uzunu hansısa qanunsuzluqlar törədə bilərdi. Dövlətin borcu idi ki, on ildən artıq davam eden,- hər halda, bu cür təqdim edilir- bu cinayətlərin qarşısını alsın. Almayıblar. Əksinə dövlət üçün mühüm əhəmiyyət daşıdığı kimsədə şübhə doğurmayan adamlar onunla ortaq olub. Elşad Abdullayev prezidentin əmisinin şəriki olub. İndi onun hansısa cinayətlər torətdiyini təkidlə vurğulayanlar bu faktı arxa plana keçirə bilməzlər.

Mən hesab etmirəm ki, deputat Gülər xanım bu prosesdə aparıcı rol oynayır. Hətta Gulər xanım Əvəz Zeynallını şərləyəndə də bunu öz istəyi və öz təşəbbüsü ilə etdiyinə az inanmışam. Bu xanım həmin mütəşəkkil cinayətlərin törədildiyi və bu gün Elşad Abdullayevin, sabah bir başqalarının dili ilə ifşa olunacaq mühitin çarəsiz insanlarından biridir. Yoxsa, her hansı sıradan bir millət vəkili nə qədər məsuliyyətsiz adam olmalıdır ki, bu boyda danışıqların altına girsin. O, Elşad Abdullayevlə danşıqlara göndərilib.
Egər hər hansı araşdırma və ya istintaq aparılacaqsa, bu yazıq qadını həqiqətləri gizlətməyə məcbur edəcəklər. Həm də ən arqumentsiz şəkildə.

Çox gülməli məsələlərdən biri də budur ki, yayılan faktları kiminsə şəxsi toxunulmazlığı, Konstitusiyon haqqının pozulması kimi də şerh edirlər. Amma həm unudurlar ki, bu, heç bir halda, heç kimin şəxsi həyatı ilə bğlı məsələ deyil,  həm də eyni qayda şərlənərək həbs edilən Əvəz Zeynallının nümuməsində bu, heç kimin əlində arqumentə çevrilə bilmirdi. Üstəlik, o audio yazılarda Əvəz Zeynallının səsi belə yox idi. Hanşısa boş kaseti ortalığa atıb “bax, sən bu sözləri söyləmisən” dəyərək adamı hələ də həbsxanada çürüdürlər.

Amma bu materiallarda söz də var, söhbət də, üstəlik, qanunverici hakimiyyəti bazara çıxaran dövlət rəhbərlərinin adından aparılan alver faktı da. Bu, ifşadır. Şübhə etmirəm ki, bundan sonra hər ay bu cür ifşa materialı peyda olacaq və Azərbaycanın hakimiyyətini zəbt edən qrupun bütün mahiyyəti bütün dünyada bu qayda ilə ortalığa çıxacaq.

Sadəcə olaraq, bu müzakirələrdə fəlakətlərin mənbəyindən yayınmaq olmaz. Elşad Abdullayevin də, bundan sonra ortalığa çıxacaq insanların da şexsi keyfiyyətlərini dartışmağa heç lüzum yoxdur. Onlar bu sistemin adamlarıdır və bu sistem onları ozündən kenara atdıqca, bu cür bəyanatların da səslənəcəyi şübhəsizdir. Elşad Abdullayev Harvardın, Oksfordun rektoru deyildi ki… O, prezidentin əmisi ilə şərik işlədilən bir Azərbaycan universitetinin rektoru idi. “Ailə”nin biznes təsərrüfatının tərkib hissesi olan bir struktura rəhbərlik edirdi. Bu təsərrüfat sisteminin bütün həlqələrində bu sayaq işləklər var və hamısı da ortalığa çıxacaq.
Heykəllər yxıldıqca çox həqiqətlər aşkar olacaq. İndi hələlik yalnız iki heykəl yıxılıb – Kanadada. Yıxılası heykəllər qədər aşkar ediləsi cinayətlər isə lap çoxdur.