Gülər kim? Gülər nə?.. Gizir oğlu Mustafa bəy!

Gülər Əhmədova. Uzun illərin YAP-çı …yaraşıqlı deputat xanımı. Illərdən bəri yük altına girib qulluq etdiyi rejim bu yaraşıqlı xanımı çooox yaraşıqsız günə qoydu. Gözümüzdən saldı, eybəcərləşdirdi. Lənətə gəlsin bu rejimi! Ölkədə gözəllik qoymadı, gözəlləri gözdən saldı. Aldı – satdı, satdı – aldı. Verdiyi mandatı da verdirib, verdi. Indi bu verdirib verməyin dartışmalarından biri dartışma obyektinə çevrilib. Çanaq da Gülər xanımın başında çatlayıb. Başlıca “verməlisən!” deyənlər qıraqda qalıb, Gülər xanımın “verməlisən!” deməyi qınaq obyektinə çevrilib. Gülər xanım verdirəcəyi mandat üçün 500 min manat istəyir. Ancaq deputat mandatını 2005-ci ildə üç milyon manata, 2010-cu ildə 5 milyon manata satan başlıca – BAŞ alverçi qıraqda qalıb.
Bir daha demək gərəkir: 2005-ci ildə deputat mandatı 3 milyon manata satılırdı. Gülər xanım niyə Elşad Abdullayevdən 2 milyon istəyib – burası bəlli deyil. Onun 2 milyonun üstündən milyon yarım istəməyi o çağkı BAŞ qiymət baxımından anlaşıqlı olardı – 3 milyonu BAŞın, 500 mini araçının, başqa cür desək, Gülər xanımın. Görünür, araçı ilə mandat alan arasında anlaşılmazlıq olub; antikorrupsiya bu anlaşılmazlığın nədənini araşdırsa, ortaya çox ilginc faktlar çıxara bilər. Ancaq… antikorrupsiyanın belə superkorrupsiya işləri ilə nə işi?!
PA-nın sözçüsü Əli Həsənov yenə danışdı – korrupsioner rejimin daha bir korrupsiya faktını malalamaq üçün. Onun ortadakı açıq korrupsiya faktını dəyərləndirməsi belədir: “E.Abdullayev kimi neqativ insanların qeyri-qanunu, dolayı yollarla hakimiyət orqanlarına yol tapmaq istəyinin qarşısı alınıb”. Yalandır! E.Abdullayevin yanlışı, rejim başında duranların monopoliyaya aldığı kriminal biznesə əl uzatması oldu. Bunadək PA da, DIN də, MTN də E.Avdullayevin etdiklərinə göz yumurdu. Hər biri çağında payını aldığına görə!
Ə.Həsənov bildirir: “Əyri yollarla vəzifə almaq və yaxud seçkili orqanlarda təmsil olunmaq istəyən insanların niyyəti baş tutmayıb, tutmur, tutmayacaq…”. Bunlar, ölkəni demokratiya platformasıəndan çıxaran, əliyevçi korrupsiya ideologiyasına uyğun olaraq regional hakimiyət formalaşdıran, deputat mandatını, ən başlıcası, milli maraqları ALVER obyektinə çevirərək bütün seçkiləri saxtalaşdıran bəlli bir qruplaşmanın xalqa sırımağa çalışdığı AĞ yalandır.
PA-da müşavirin müşaviri oluş Nemət Pənahlı H.Əliyevin kökündə korrupsiya dayanan gizli deputat siyahısının üstünü açmışdı. “Vaşinqton Post” qəzeti oğul Əliyevin 75 milyon dollarlıq Dubay oğurluğunun üstünü açmışdı. Böyük Britaniya parlamaenti lap bu yaxınlarda ata-oğul Əliyevlərin bircə ofşor zonalardakı 48 milyard dollarlıq oğurluğunun üstünü açdı. Parlamentin açıqlamasına görə, 1993-2010-cu illərdə Azərbaycandan TƏKCƏ ofşor zonalara bir belə pul ötürülüb. Ə.Həsənov kimilərinin dediklərinə inansaq, bütün bu pulları Azərbaycandan Elşad Abdullayev çıxarıb. Görünür, buna görə Respublika Prokurorluğu E.Avdullayevə cinayət işi açıb. E.Abdullayevə indi bir iş qalır: “Kapital”ı yazdığını boynuna almaq. Doğrudan da, Marksda o baş hardandı, elə bir fundamental əsər yaradaydı.
Qazı Azərbaycandan alan Gürcüstanın ən ucqar dağ yerlərində belə, evlərdə qaz yanır. Bakının 180 km-dəki Sabirabadın hər yerinə bu gün qazsızlıq üzündən oduna çevrilən meşələr daşınır. Ölkə üçün, millət üçün, dövlət üçün bundan da böyük cinayət ola bilərmi?! Bax, bu fakta görə də E.Abdullayevə cinayət işi açılmalıdır. Dünya bazarındakı qiymətlərə uyğun olaraq (116,86 – 118,30 arası) hər gün Azərbaycana BIRCƏ neftdən 90 milyon dollardan artıq pul gəlir. Hər gün! Doğal resurslardan yoxsul Gürcüstanın ən ucqar dağ yerlərində də bütün yollar asfaltlaşdırılb… Sabirabadın yolları darmadağındır! Sorunlu kimdir? E.Abdullayev!