Mən hansısa səs-küylü ictimai, siyasi hadisə baş verəndə daha çox adamların davranışına baxıram – kim özünü necə aparacaq? Bəli, belə hadisələr zamanı insanların özünü necə aparmasından çox şey asılıdır. Belə hadisələr həm də keçmiş xidmətlərindən asılı olmayaraq, məhz indi kimin kim olduğunu göstərmək açısından çox qiymətlidir.
Adi vaxtlarda çox gurultulu azadlıq nitqləri söyləmək olar. Olar və asandır. Əsas odur ki, həlledici situasiyalarda da eyni ruhu qoruya, eyni mövqeni sərgiləyə biləsən.
Əslində Azər Qaraçənlinin “Azadlıq nitqləri” heç adi vaxtda da azadlıq nitqləri deyildi. Mən orada köləliyə, güclə hesablaşmağa, razılaşmağa çağırışlar hiss eləmiş və yazmışdım. Buna görə hətta onunla “Azadlıq” radiosunda polemikaya da çıxdıq.
Indi də “mediaforum” saytının baş redaktoru olan həmkarımız məlum video qalmaqalı ilə bağlı növbəti “yazılı nitq” icad edib, guya hamı Mersinə gedərkən o tərsinə gedib. Yazıb: “Mən iki xanımın cinayətinin üstünü açan kişinin videosunu rədd eləyirəm. Mən bunu sübut kimi qəbul eləmirəm, çünki bu sübut namərd yolla əldə olunub. Mən o seçki cinayətini cəzaya layiq bilmirəm, çünki bu cinayətin üstü əxlaqa zidd yolla açılıb”.
Sözü çox fırlatmayacam, birbaşa yazacam: Qaraçənlinin bu məntiqi əslində video qalmaqalına “yeni və fərqli münasibət”in göstəricisi deyil, bu, rejim üçün ağır situasiyalarda onun köməyinə qaçmağın “yeni və fərqli” üsuludur. Özünü rejimin xeyrinə danışmayıbmış kimi göstərib rejimin xeyrinə danışmağın təzə yoludur.
“Mediaforum”un hörmətli baş redaktoru Azərbaycanda deputat mandatının halal, mərd, əxlaqlı yolla qazanılmadığını göz önünə sərən videonu bir kənara qoyub, o videonun haram, namərd, əxlaqsız yolla lentə alınmasının təəssübünü çəkir. Onun bütün niyyəti isə yazısındakı bir cümlədə gizlənib: “Əxlaqsız yolla əldə olunmuş sübut rədd olunmalıdı”. Yəni amandı dəyməyin Gülər Əhmədovaya! O pis heç nə etməyib, əsl cinayətkar onu “əxlaqsız yolla” çəkəndir!
“Mediaforum”un hörmətli baş redaktoru bunu açıq, birbaşa yazsaydı, inanın, şəxsən mənə heç bir isti-soyfuğu olmazdı. Amma qulların dili olan Ezop dilinin arxasında gizlənib, bəzəkli, dolayı cümlələrlə Gülər Əhmədovanı və onun timsalında rejimin mandat bazarlıqlarını göyçək göstərməyə çalışmaq sadəcə, ikrah doğurur.
Bir halda ki, “Mediaforum”un hörmətli baş redaktoru “əxlaqlı yol” arzusundadır, onda bu gün yazdığı yazını Gülər Əhmədova Əvəz Zeynallının səsini gizlicə yazdırıb tutduranda (üstəlik, hazırki videodan fərqli olaraq o səsyazısında Əvəz bəyə başıaşağılıq gətirəcək heç nə yoxdur!) niyə yazmırdı? “Cinayətin üstü qanuni, ən başlıcası, əxlaqlı yolla açılmalıdı” kimi cümlələri onda niyə qurmurdu?
Niyə “əxlaqlı yol”, “halal ifşa”, “kişi kimi mübarizə” Azər bəy Qaraçənlinin yadına məhz indi düşüb – indiyədək opponentlərini gizli videolarla gözdən salmağa çalışan rejimin özü qazdığı quyuya düşəndə, çətin suallar qarşısında qalanda, tupikə dirənəndə?
Bir daha deyirəm, “Mediaforum”un hörmətli baş redaktoru illah ki, rejimi düşdüyü şokdan çıxarmağa çalışan bir yazı yazmaq fikrində idisə, bunu birbaşa da edə bilərdi. Buna görə qınanardımı, təqdirmi qazanardı – bu artıq başqa mövzudur.
Amma əsl mövqeyini malalayaraq, onu qulağa xoş gələn ifadələrlə, bəzəkli-düzəkli cümlələrlə gizləyərək, Ezop dilinə sığınaraq dolayı yolla, oxucunun başını aldatmaqla, “hakimiyyət pisdir, amma guya ondan sonra gələnlər yaxşımı olacaq?” janrında, özünü hakimiyyətin əl-üzünü yumayan kimi göstərib əslində hakimiyyətin əl-üzünü yumağa hesablanmış bir üslubda ifadə etməyə çalışmağın heç bir bəraəti yoxdur. Bu, yolverilməzdir. Bu, qul təfəkkürünün nişanəsidir.
Bu, hətta haqqında danışılan videonun məzmunu, ordakı bazarlıqlar qədər pisdir.
***
Yaşasın azad və açıq söz!
Ezop dilinə ölüm!

Ezop dilinə ölüm!
•
•