İslamafobiya haqqında…

Yaxud niyə hər kəs siyasi Islamdan bu qədər qorxur?

Hikmət Hacızadə, “FAR CENTRE” təşkilatının prezidenti

Əvvəli ötən sayımızda

Maraqlıdır ki, bəzi dindar fəallar son repressiyalarda Azərbaycanın demokratik cameəsi tərəfindən lazımınca müdafiə edilmədiklərindən şikayətləndilər. Əslində, demokratlar dini ekstremizmin miqyasından özlərini itirmişdilər. Bütün dünyada olduğu kimi, bizim ölkədə də islamofobiya yayılır.
Dindarların konstitusion hüqularının pozulması qeyri-qanunidir, qeyri-demokratikdir və ictimai sabitliyi pozur. Lakin bütün problemlər sadəcə repressiyalarda deyil. Dərin problem ondadır ki, islamçılar – siyasi islamçı fəallar – respublika dəyərlərinə zidd olan təbliğat aparırlar. Və çox məyusedicidir ki, biz cəmiyyətdə mötədil müsəlmanla ekstremist müsəlman arasında az fərq görürük. Çox təəssüf ki, ekstremistlər öz opponentlərini təhdid edəndə və qətlə yetirəndə müsəlman demokratlar susur. Hətta bu gün mövcud rejimin repressiyaları altında belə, siyasi islamçılar cəmiyyətdə yaratdıqları qəzet qalmaqalları, telefon təhdidləri, internet mesajları, qətllər, qorxutmaqla  ölkədən qaçırmaq hallarıyla xof yaradırlar. Insanlar dinlə bağlı açıq danışmaqdan, fikirlərini ifadə etməkdən qorxmağa başlayıblar. Ali məktəblərdən birində tələbələr ateist olduğunu bəyan edən bir tələbə yoldaşlarından dekana şikayət ediblər.
Cəmiyyət də düşünür ki, işdir, islamçılar bu avtoritar rejimin təzyiqindən xilas olarlarsa onda nə baş verər? Bəziləri məhz belə fikirləşir ki, “ən yaxşısı, qoy islamçılar repressiya altında qalsınlar, belə halda, bütün cəmiyyətimiz repressiya olunsa belə, biz buna dözərik, təki ”talibanlar” gəlməsinlər”.
Radikal islamçılar açıq-açığına məqsədlərinin şəriət qanunları əsasında idarə edilən Islam dövləti olduğunu bəyan edirlər. Lakin biz hamımız anlamalıyıq ki, şəriət prinsipləri respublika ideyası olan – “Bütün insanlar (kişilər və qadınlar və s…) azad, ləyaqət və hüquqlarına görə bərabər doğulurlar – ideyaya ziddir!
Insanın toxunulmaz, ayrılmaz haqları var ki, bunu onun əlindən nə dövlət, nə cəmiyyət, nə də ümmət ala bilər. Şəriətdə müsəlmanın müsəlman olmayandan daha çox haqqı olması, kişinin qadından çox haqqı olması, kişinin qadını döyməsinin məqbul olması, dindən çıxan adamın öldürülməsinin haqq sayılması, Islam dəyərlərinin təhqir edilməsinə görə qətlin haqq sayılması – bütün bunlar respublika dəyərləri ilə ziddiyyət təşkil edir.
Dialoq zamanı dindarlara bu məsələni deyəndə deyirlər ki, qadını döymək olar, amma çox bərk yox və s. Bəs burada qadının şəxsi ləyaqəti necə oldu? Görünür, bu məsələni onlar müzakirə etmirlər. Qadın döyüldüyünə görə özünü xöşbəxt saymalıdır ki, demək onun qayğısına qalan var.
Dindar radikallar məclisi istədikləri kimi idarə edirlər, müsəlman demokratlar isə susurlar. Jurnalist Rafiq Tağının ölümündə biz müsəlman fəalların mütləq çoxluğundan aydın bir etiraz eşitmədik. Ən qətiyyətli bəyanatı tanınmış müsəlman demokratı Ilqar Ibrahimoğlu (Cümə icmasının imam camaatı) “Bizim yol” qəzetinə müsahibəsində verərək dedi ki, “Bu qətl insaniyyətə, dövlətçiliyə və Islama qarşıdır”.
Beləliklə, islamçıların mütləq çoxluğu susursa, ictimai şüurda mötədil və radikal müsəlmanlar eyniləşdirilir. Insanlar belə düşünməyə başlamışlar ki, onların arasında elə bir fərq yoxdur, sadəcə, radikallar daha açıq və səmimidirlər.
…Və əlbəttə, bütün dünyada arası kəsilməyən terror aktları da islamofobiyanın yayılmasında öz təsirini göstərir. Yalnız Israil və onların müttəfiqləri partladılmır. Biz, islamçıların hər kəsi necə partlatdıqlarını görürük! Sünnülər şiələri, şiələr sufiləri, vəhhabilər isə hər kəsi ard-arda…
Dindar fəallar hər yerdə – Avropada da, bizim ölkəmizdə də anti-Islam qanunvericiliyinə qarşı qəzəblə etiraz edirlər. Lakin bu kimi etirazlarla islamofobiyanı dayandırmaq mümkün deyil. Islamofobiya o vaxt bitəcək ki, mötədil müsəlman fəallar islam ektremizminə qarşı qətiyyətlə çıxış edəcəklər və dinimizi azadlıqla birləşdirə biləcəklər. Bəzi başqa dinlərdə olduğu kimi, dini məhz azadlıqla, dözümlülüklə – respublika dəyərləri ilə birləşdirəcəklər!
Istərdik ki, bütün problemləri hansısa bir mötəbər müsəlman şurası ilə müzakirə edək. Lakin belə bir şura yoxdur! Islamda başında papaq dayanan Roma katoliklərinin kilsəsi kimi həyatda demokratik islahatlar edəcək gücdə olan bir təsisat yoxdur.
Indiki vəziyyətdə bizə gözləmək və bir gün müsəlman demokratların dini eksterimizmi pisləyən, orta çağ şəriət qaydalarından imtina edən qətiyyətli və mötəbər bir icmasının peyda olacağına inanmaq düşür.

Yekun

Göründüyü kimi, söz azadlığı problemləri yalnız hüquqi məsələ deyil, daha çox mental problemdir. Çünki axırda kağızda yazılmış qanun deyil, toplum və hakimlər qərara alırlar ki, hansı sözə görə kim və necə cəzalandırılmalıdır. Buna görə də bizim intellektuallar və liberal demokrat çevrəmiz ciddi və israrlı əmək sərf edərək, vətəndaşlara söz azadlığı sahəsində qeyri-ənənəvi tələblərin vacibliyini də izah etməlidirlər;
– Hakimiyyət “islam təhlükəsi” ilə yalnız repressiyalar və dindar çevrələrə sərt nəzarət tətbiq etməklə mübarizə aparmağa cəhd edir. Belə bir strategiya uğur gətirmir və gətirə də bilməz. Burada legitim demokratik hakimiyyət və dindar fəallarla geniş dialoq lazımdır;
– Ölkədə hazırda üstünlük təşkil edən dünyəvilik hərəkatı dindarlara qarşı şübhəli münasibətdən imtina etməli, dindarların etiqad və ibadət haqlarına insan haqları müstəvisindən yanaşılmalıdır;
– Dindar icmalar respublika dəyərlərinin başlıca prinsipini – “Bütün insanlar (kişilər və qadınlar və s…) azad, ləyaqət və hüquqlarına görə bərabər doğulurlar” – qəbul etməlidir. Onlar BMT-nin insan hüquqlarını dair bəyannamələrini, Respublikamızın Konstitusiyasını qəbul etmək üçün özlərində güc tapmalıdırlar;
– Həqiqi və mötədil müsəlmanlar digər müsəlmanlar tərəfindən həyata keçirilən zorakılığı və ekstremizmi, Quranda yetərli həddə mövcud olan dəlillərlə, fəal və açıq şəkildə  pisləməlidirlər;
– Son 20 ildə mediadan yox olmuş rasionalizm və elm təbliğatı əvvəlki səviyyəsinə qayıtmalıdır, yoxsa bizdə astronomiya yerinə astrologiya və çıldağ yayılır.
– Cəmiyyətdə “demokratik dövlətdə Islam” mövzusunda açıq, səmimi, hərdən emosional və xoşagəlməz müzakirələr keçirilməli və bütün fəaliyyətlər bu müzakirədən başlamalıdır.