Siyavuş Novruzov “91-lər”i aşağıladı

“Bir müraciətə imza atıb deyə əlindən tutub, qabağa aparası deyillər ki”

YAP-ın qurucularından olan “91-lər”in təmsilçisi Tofiq Vəliyev övladının təhsil haqqını ödəmək üçün qızıl dişlərini  satdığını açıqlamışdı. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Bizim Yol”a açıqlamasında məsələyə münasibət bildirib. S.Novruzov deyib ki, Tofiq Vəliyevin müraciətinə baxılacaq. Amma bununla belə, YAP təmsilçisi bir məqama toxunmaq istədiyini əlavə edib:
“Əvvala onu deyim ki, Tofiq Vəliyev hazırda Azərbaycan Nəşiryyatında işləyir. Yəni ki, o işsiz deyil. Bu insanın fəaliyyəti də YAP tərəfindən qiymətləndirilib. O vaxtilə, uzun müddət Bakı Şəhər Icra Hakimiyyətində çalışıb. Yəni ki, xidmətlərinin müqabilində dəyərləndirilib”.
YAP rəsmisinin sözlərinə görə, partiyanın 600 mindən artıq üzvü olduğu üçün hər birinin problemi ilə maraqlanmaq asan məsələ deyil: “Insanın özü gərək təşəbbüskar olsun. Bir müraciətə imza atıb deyə əlindən tutub, qabağa aparası deyillər ki? Hər bir şəxs özü öz potensialını dəyərləndirməli və buna uyğun da özünə iş yeri müəyyən etməlidir”.  Tofiq Vəliyev isə qəzetə açıqlamasında bildirib ki, Ağdamın icra başçısı Nizami Sadıqov və YAP rəhbərliyindən ona telefon zəngləri edilib: “Artıq partiya rəbərliyində hər kəs məlumatlıdır. Ümid edirəm ki, problemimlə maraqlanan olacaq”.
S.Novruzovun fikirlərinə gəlincə, T.Vəliyev bunları deyib: “91-lər”i YAP-ın 600 min üzvü ilə müqayisə etmək doğru deyil. Biz bu partiyanı quran insanlarıq. Mənim Nəşiriyyatda çalışmağıma gəlincə, bir ildən artıqdır ki, oradan maaş almıram. Başqa bir şey əlavə etmək istəmirəm. Mən oturub, cavab gözləyirəm”.