Bu hakimiyyət korrupsiya və rüşvətin üzərində qurulub
Qurban Məmmədov: “Bir millət, bir xalq taleyinə biganə qalmayıb ayağa qalxmayınca dünya ona dəstək olmur”
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasındakı rüşvət qalmaqalını sübut edən video hazırda mətbuatda əsas müzakirə predmetidir. Videoda Milli Məclisə “seçkilərlə” bağlı mətbuatın dəfələrlə yazdığı məqamlar təsdiqini tapır. Qurban Məmmədovla müsahibəmizə öncə yayılan videoya hüquqi qiymət verməklə başladıq:
– Qanuna görə, Kütləvi Informasiya Vasitələrində yayılan cinayət xarakterli məlumatlar cinayət işi qaldırılması üçün əsasdır. Istənilən qəzetdə hər hansı cinayət işi ilə bağlı məlumat gedirsə, prokurorluq orqanları bu işlə məşğul olmalıdırlar. Ya o informasiyanı yayanı böhtançı kimi məsuliyyətə cəlb etməlidir, ya da məlumat doğrudursa, o zaman həmin şəxs məsuliyyət daşımalıdır.
Yayılan videoya gəlincə, burada qeyri-adi heç nə yoxdur. Azərbaycan parlamentinin saxta seçildiyinə dair “Azadlıq” qəzeti, müxalifət dəfələrlə bəyanat verib. Xalq bütün gerçəklikləri bilir. Rejim baxımından baş verənlərdə qeyri-adi heç nə görmürəm. Videodakı faktlar hakimiyyətin əməlləridir.
– Siz özünüz də parlament seçkilərində iştirak etmisiniz. Azərbaycanda parlament seçkilərinin saxtalaşdırıldığına və müxalifətdən olan namizədlərin qalib gəldiyinə dair Avropa Məhkəməsinin bir neçə qərarı olub. Bundan başqa, seçkilər zamanı müşahidə aparan təşkilatların rəyləri də bir çox namizədi qalib elan edib. Bu dəfə açıqlanan fakta beynəlxalq birlik necə münasibət bəsləyəcək?
– Beynəlxalq təşkilatların istənilən məsələyə münasibəti daxili ictimaiyyətin reaksiyasına adekvat olacaq. Hesab etmirəm ki, beynəlxalq təşkilatlar gəlib Azərbaycan xalqının yerinə ölkədə zəruri dəyişikliklərə imza atacaqlar. Azərbaycanda seçkilərin saxtalaşdırılması beynəlxalq təşkilatlardan daha çox bizə aydındır. Xalqımız öz taleyi uğrunda mübarizə aparmalıdır. Bir millət, bir xalq taleyinə biganə qalmayıb ayağa qalxmayınca dünya ona dəstək olmur. Avropa kənardan baxır və görür ki, Azərbaycan xalqı sakitcə yaşayır. Mitinq keçirilmir, etirazlar səslənmir, neftə də rahatca Avropaya axır. Belə olan halda nəyə görə Avropa qalxıb öz halından hələ ki, razı olan xalqın hüquqlarını müdafiə etməlidir. Dünya siyasətinin qaydası budur. Siyasət faktı qəbul edir. Ermənistan 20 faiz torpağımızı tutub. Sabah biz də gedib Qarabağı azad etsək dünya bizə alqış oxuyacaq ki, ərazi bütövlüyünü bərpa etdin.
Başqalarına baxanda Səməd Seyidov mələkdir
– Sizcə, YAP rəhbərliyə daxil olan bir şəxsi bu əməlinə görə cəzalandıracaq, yoxsa onun addımlarını pərdələməyə çalışacaq?
– YAP əxlaqından, şüurundan yanaşanda burada qeyri-adi nə var ki? Gülər Əhmədova öz partiyasının mənafeyi və maddi maraqları baxımından düzgün hərəkət edib.
– Maraqlıdır hakimiyyətin daha bir təmsilçisi də korrupsiya faktlarında adı hallanıb. Səməd Seyidovun rəhbərlik etdiyi təhsil ocağında ciddi korrupsiya faktları ortaya çıxıb. Bu məsələyə reaksiya necə ola bilər?
– Bəlkə də Azərbaycanda korrupsiya ilə ən az məşğul olan Səməd Seyidov olar. Azərbaycanda məgər korrupsiyaya qoşulmamış idarə qalıbmı? Digər idarələrdəki korrupsiya ilə Səməd Seyidovun adıyla bağlananı müqayisə etsəz, görərsiniz ki, o, mələkdir. Onun ətəyində namaz qılmaq olar.
Korrupsiya ilə mübarizə üçün siyasi iradə lazımdır
– Sizcə, Azərbaycanda adı korrupsiyada halanan şəxslərin korrupsiyaya qarşı mübarizəyə də rəhbərlik etməsi bir qədər təzadlı deyilmi?
– Ramiz Mehdiyevin adı Gülər Əhmədova ilə bağlı videoda çəkilirsə, o zaman Ramiz Mehdiyev də bu məsələ ilə bağlı araşdırma aparmalıdır. Bir də ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı duruma gəlincə, bu hakimiyyət korrupsiya və rüşvətin üzərində qurulub. Əgər hazırda rüşvəti götürsən, bu hökumət bir ay sonra çökər. Rüşvət almasa nəyə görə hansısa məmur bu hakimiyyətin cinayətinə ortaq olmalıdır. Rüşvət bu hakimiyyətin sementidir. Bu hakimiyyət xırda rüşvət alan müəllimi və həkimi hədəf seçir. Bu qanunlar sadə vətəndaşlar üçündür. Bizi həbs edib, adını da qoyacaqlar korrupsiyaya qarşı mübarizə. Ona görə bu vəziyyətdən təccüblənmirəm. Bu, rejimin mahiyyətindən irəli gəlir. Azərbaycan xalqı taleyinə sahib çıxana qədər bu davam edəcək.
– Sizcə, ölkədə korrupsiyaya qarşı mübarizə hardan başlamalıdır?
– Azərbaycan korrupsiyaya qarşı mübarizə aparmaq üçün siyasi iradə ortaya qoyulmalıdır. Bir gün ondan sonra korrupsiya azalacaq. Bunu rəhmətlik Elçibəy vaxtilə demişdi. Mixail Saakaşvili də bəyan etmişdi ki, o rüşvət almadığına görə ölkədə korrupsiya yığışıb. Söhbət ondan gedir ki, əgər ölkədə korrupsiya bu səviyyədə tüğyan edirsə, deməli, buna siyasi iradə razılıq verib. Yoxsa bu tərzdə kim rüşvət ala bilər.
– Azərbaycanda korrupsiya daha çox hansı sahələrdə yayılıb?
– Azərbaycanda elə bir idarə yoxdur. Rüşvətin başında Gömrük, Vergi, Reyster Idarəsi, Bələdiyyələr, Icra hakimiyyətləri gəlir. Hazırda korrupsiya hətta eybəcər formada orta məktəblərə yeridilib. Azərbaycanda bu rejim davam etdikcə, millətin korrupsiya və rüşvətdən can qurtarmaq ümidi yoxdur.
Xəyal