Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilə bağlı ABŞ-ın Nyu York şəhərində olan İranın xarici işlər nazirinin sözçüsü Ramin Mehmanpərəst otelin həyətində gəzərkən bir qrup etirazçının hücumuna məruz qalıb. Qəzəbli etirazçılar Mehmanpərəsti küçədə təqib edərək onu vurmağa cəhd ediblər.
Bəzi etirazçılar isə Mehmanpərəsti itələyib yıxmağa çalışıb. Hadisə anı həvəskar çəkilişlə anbaan qeydə alınıb. Bir qədər sonra vəziyyətin fərqinə varan təhlükəsizlik qüvvələri dərhal etirazçılara müdaxilə etməyə çalışıb.
Mehmanpərəst polisin nəzarəti altında hadisə yerindən uzaqlaşdırılıb. Hazırda Mehmanpərəstin vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib. Şahidlərin sözlərinə görə, bir nəfər hətta ona xəsarət yetirməyə imkan tapıb. İnsidentlə bağlı İran rəsmiləri də hələlik açıqlama verməyib.