Qocalmışıq, yoxsa…

Gürcüstandakı hadisələr həm maraq doğurur, həm də narahatlıq. Amma bir detal mübahisə doğurmur ki, cəmiyyət işgəncə faktlarına münasibətini izhar etməli idi. Düzdür, bunun seçkinin lap ərəfəsində baş verməsi bir qədər bizi də narahat edir. Amma, doğrusu, bəzən mənə elə gəlir ki, Gürcüstanın özü də daha fəal və daha çevik müxalifətə ehtiyac duyur.
Bu etirazlar həm də bu səbəbdən maraqlıdır ki, seçkinin saxtalaşdırıla bilməsi ehtimalını azaldır. O ki qaldı başqa məsələlərə, onlar ikinci dərəcəlidi. Cəmiyyət canlı varlıq kimi özünü vaxtaşırı büruzə verməlidi. Insan təəccüblənməyi, təəccübləndirməyi bacarmalıdır, əks təqdirdə o soyuq heykəl təsiri bağışalyır, lap buz heykələ bənzəyir. Mənə elə gəlir ki, gürcülərdən fərqli olaraq bizlər çox soyumuşuq.
Bu yaxınlarda növbəti antiNobel mükafatları haqda oxudum. Təxminən 91-ci ildən verilən və həqiqi Nobel mükafatına parodiya olan bu mükafatın çox maraqlı şüarı var. Orada deyilir ki, bu mükafat əvvəlcə bizi güldürən, sonra isə düşünməyə vadar edən nailiyyətlərə görə verilir. Elə bu vaxta qədər bir neçə nəfərə təqdim olunan mükafatların siyahısına baxanda bunun həqiqət olduğuna əmin olursan. Ümumiyyətlə, mənim əvvəldən hər şeyə öz uşaqlıq marağını saxlayan insanlardan xoşum gəlir. Hətta bununla bağlı qənaətim var. Israil dünyada adambaşına düşən nəşrlərin sayına görə birinci yerdədi. Mən bunu məhz bu marağın təzahürü hesab edirəm. Başqa ölkələrdə isə bu o qədər də hiss olunmur. Xüsusən son illərdə azərbaycanlıların təəccübünə səbəb olmaq, onları nə iləsə təəccübləndirmək çox çətin olub. Bəzən mənə elə gəlir ki, bizdə orta yaş həddi rəsmi statistikada göstəriləndən çox-çox böyükdür, düşünürəm ki, biz bir qədər qocalmışıq. Həyata bağlı olmaq, ona təəccüblənmək tamam başqa şeydir. Azərbaycandakı vəziyyət haqqında isə düşünən zaman mənim bir tamaşanın personajı yadıma düşür. Həmin adam qəzeti o tərəfə, bu tərəfə çevirir, başlıqları oxuyur və bircə kəlmə ilə özünün münasibətini izhar etməyə çalışırdı: “nooolsun?”. Vəssalam. Xüsusən də siyasi və ictimai fəaliyyət sahəsində vəziyyət bərbaddır. Mənim sorğu təşkil etmək və ya buna bənzər nəsə etmək imkanım yoxdur. Əsas vasitəm təkcə söhbətdir. Söhbət etdiyim adamlar isə olduqlarından müdrik görünməyə və öz fikirlərini təlqin etməyə çalışırlar. Deyəndə ki, nə vaxtsa bizi “Azadlıq” meydanı maqnit kimi çəkirdi, qayıdırlar ki, o, oldu və ötüb keçdi. Soruşanda ki, nədən siyasətlə maraqlanmırsınız, elə dəlillər gətirirlər ki, hətta özün də başlayırsan siyasətdən soyumağa. Amma mən bunları normal bir hal hesab etmirəm. Güman etmirəm, biz dünya millətlərinin hamısından irəli getmişik və yaxud da hamısından çox bilirik. Sadəcə dərsini oxumaq istəməyən uşaq bunu əsaslandırmaq üçün nə qədər dəlil gətirirsə biz də öz tənbəlliyimizi və ətalətimizi gizlətmək üçün o qədər sübut-dəlil gətiririk. Məsələn, əgər seçki fəallığını götürsək, bütün dünyada bu problem var. Bizdə bu problem başqa formada təzahür edir. Amma insanlar hər şeyi öz adı ilə adlandırmaq və ona çarə tapmaq istəmirlər. Bir dəfə metroda bir tanışıma rast gəldim. Deyirdi ki, çıxış yolu tapmaq haqda düşünmək lazımdır. Prinsipcə, o haqlı idi. Amma o bir şeyi qəbul etmək istəmirdi: çıxış yolunun bu vaxta qədər bəlli olanlardan fərqi olması vacib deyil, başqa yerlərdə insanlar necə edirlərsə, biz də məhz elə etməliyik. Indi nə edək ki, insanlar, bəşəriyyət bu vaxta qədər təcrübədə demokratiyadan yaxşı bir siyasi sistem tapa bilməyiblər? Burada istənilən qədər “bəraət” düşünmək olar, amma onların heç biri bizim hər birimizin öz həyatı və başqalarının həyatı üçün məsuliyyətsizliyini ört-basdır etmək və əsaslandırmaq iqtidarında deyil. Indi gürcülər etiraz edir. Bu, o deməkdir ki, bu cəmiyyətdə dinamizm var, cəmiyyət bir statik vəziyyətdə qalmır, o daim axtarışdadır. Burada pis nəsə varmı? Güman etmirəm…

Kimdir müqəssir?

Tez-tez fikirlər səslənir ki, səbəb başlamağa macal tapmadan bitirdiyimiz müharibədir. Mən də bu fikri tamam təkzib etmək niyyətində bulunmuram.  
Bəlkə də belədir. Hər halda mən bu arqumenti çox tez-tez eşidirəm: bizləri müharibə sındırdı, müharibə bizi bu günə saldı! Və bir daha qeyd edirəm ki, nəsə başqa, tamam fərqli bir şey demək iqtidarında deyiləm. Mən də onunla razıyam ki, müharibə bir çox bəlaların səbəbkarıdır, xüsusən məğlubiyyətlə bitən müharibə. Lakin hər şeyi onun üzərinə yükləmək düz deyil, ən azı ona görə ki, biz heç əməlli-başlı müharibə də apara bilməmişik – ya bu, “lazım gəlməyib”, ya da “istəməmişik”. Burada yenə tanış misal çəkmək istəyirəm. Israili götürün. Yarandığı gündən bu vaxtadək müharibə şəraitindədir. Lakin parlamenti də var, hökuməti də, seçkisi də, o ki qaldı siyasi partiyalara, bu haqda heç danışmağa dəyməz. Biri var, azlıq və ya müəyyən qism təqiblərə məruz qalır, amma o xalq yüz illərin ərzində bütövlükdə təqibə məruz qalıb, amma sınmayıb. O gün oxuyuram ki, təkcə 2005-2011-ci illər ərzində Israilin altı alimi Nobel mükafatına layiq görülüb. Nəticə budur! Buna can atmaq və belə olmaq lazımdı, amma biz… Hətta Ermənistandan misal gətirə bilərəm. Güman edirdik ağır sosial-iqtisadi vəziyyət onları sındıracaq və Ermənistan gec-tez neft gəlirləri sayəsində çiçəklənən və varlı Azərbaycanın qapılarını döyəcək. Amma gəlin etiraf edək. Belə olmadı. Bu insanlar da sınmadılar. Hətta deyərdim ki, onlarda bizim inkişafla bağlı hər hansı bir həsəd və qibtə hissi yoxdur, özlərini olduğundan da artıq dərəcədə tox tuturlar. Amma biz nə kasıbların cərgəsində yer tutduq, nə də varlıların, hələ də mədəmizin və tamahımızın sifarişlərini yerinə yetirməklə məşğuluq…