(Parisdən Azərbaycan düşüncələri)
Bilirəm ki, indi ölkəmizdə bircə maraqlı mövzu var – Gülər Əhmədovanın videosu. Elşad Abdullayevi sevməyə bilərsiniz, amma o bu video ilə Azərbaycan üçün böyük bir iş gördü. Həqiqəti kimin açmasının önəmi yoxdur. Bu video əla sübutdur, hamının bildiyi acı doğrulara gözəl şahiddir, ölkədəki siyasi idarəçiliyi çılpaqlığı ilə aça bilir.
Əliyevlərin Azərbaycanı necə bədbəxt etdiyini göstərir. Bəlli olur ki, xalqımızın balalarına kor diplomlar paylayıb qazandığı pulları oğru hakimiyyətin müxtəlif statuslu quldurlarına yedirdən bu adam özü də bədbəxt olub. Yenə heç olmasa sonda bu hakimiyyətə də layiqli bir diplom verdi. Həmin videonu siyasi korrupsiya fakültəsinin diplomu saymaq olar.
Normal ölkədə bu görüntülər böyük siyasi nəticələr doğurardı. Bəlkə parlament də buraxıla bilərdi. Elə biz Parisdə ikən xəbər almışdıq ki, Gürcüstanda məhbuslara verilən işgəncəni göstərən videonun yayılması iki nazirin istefa verməsinə səbəb olub. Parisdə də bizi maraqlı istefa mövzusu qarşıladı. Düzü ürəyimdə narazı idim ki, niyə gündəlik qəzetləri qoyub bizi “Le Canard enchaine” (“Zəncirli ördək”)ÿhəftəliyinin əməkdaşı ilə görüşdürürlər. Lakin çox maraqlı keçən görüşdən sonra Xarici Işlər Nazirliyinin işçilərini yaxşı anladım.
Haşiyə: Nazirlik işçilərinin ucuz kafesi
Bir halda ki, söhbət Fransa Xarici Işlər Nazirliyinin əməkdaşlarından düşdü, xırda bir haşiyəyə çıxmalı olacağam. Ilk gündən biz nahar etmək üçün uyğun bir yer soruşduq. Nazirlik işçisi olmayan bələdçimiz söylədi ki, Xarici Işlər Nazirliyinin ətrafında ucuz kafelər var. Qiymətlər çox münasibdir, yeməkləri də yaxşıdır. Izah da etdi ki, bəs Fransada nazirlik işçiləri daha az qazanırlar deyə, bir qayda olaraq ucuz kafelərdə nahar etməli olurlar. Odur ki, bütün nazirliklərin inzibati binalarının ətrafında qiyməti münasib olan babat kafelər tapmaq olur.
Bizdə isə əksinədir, çox qazanan onlardır. Böyük korrupsiya qazanından ən kiçik məmura da qırıntı düşür və bu da onlara ən yaxşı restoranlarda gün keçirməyə, eyş-işrət qurmağa imkan verir.
“Nə Fransaya pisdir, bizə yaxşıdır!”
“Le Canard enchaine” – şərti olaraq “Ördək” qəzetinin redaksiyanın giriş otağında bizi əcaib karikaturalar qarşılayır. Burada prezidentlərin hamısının karikaturaları divara çəkilib. Şarl de Qolun isə əyriburun heykəlciyi var. Baş əyən kişilərin arxası görünən karikaturanın önündə dərhal foto çəkdirdim. Ölkəmizdəki yaltaqlığa etiraz olaraq.
Soruşuram: “Belə rəsmlərə görə sizə tərbiyəsiz demirlər?”.
Cavab: “Əksinə, bizi sevir və qəzetimizi alırlar”.
Zamin Hacı satirik həmkarı Bricit Rossinyodan qəzetin nədən yazdığını soruşur. Yenə cavab konkret olur: “Nə Fransaya pisdir, bizə yaxşıdır!”.
– Deməli, siz Fransanın düşmənlərinin dəyirmanına su tökürsünüz?
– Fransaya pis olan, ona görə bizə yaxşıdır ki, biz bu haqda yaza bilirik. Istəməzdik belə olsun, amma şansı da əldən verə bilmərik. Işimiz budur.
Daha sonra xanım Rossinyo qəzetdən danışır. Bu qəzet xəbərləri də satirik dildə yazır. 600 min, bəzən iki dəfə böyük tirajla çıxırlar. Yeganə qəzetdir ki, reklam almır. Ağ-qara çıxır, internet versiyası yoxdur. Bütün Fransa bu qəzetin yeni nömrəsini səbirsizliklə gözləyir. 100 ildən çox yaşı olan qəzet Ikinci Dünya müharibəsindən sonra adını dəyişib və “Ördək” olub. “Ördək” qəzetçilər arasında yeni yayılan xəbər mənası verən jarqondur. Bu söz rus dilindən bizə də keçib – bəzən “utka vermək” kəlməsi işlədirik. De Qolun vaxtında məmurları boğaza yığdığı üçün adının yanında lələk şəkli olan “Ördək”dən çox şikayət edirlərmiş. O da deyirmiş: “Ördəyi ovlamaq olmaz”. Amma özü də hər həftə köməkçilərinə tapşırırmış: “Gətirin görüm, o lələkli yaramazlar indi nə qaynadıblar!”.
Lələkli yaramazlar isə hələ qaynatmaqdadırlar. Satirik qəzet olsa da, burada jurnalist araşdırmalarına böyük önəm verilir. Bizimlə görüşən jurnalist Bricit Rossinyo ötən il öz araşdırması ilə xarici işlər naziri Mişel Allio-Marini istefaya yollayıb. Mətbuat Fransanın Tunis inqilablında niyə ləng hərəkət etməsi haqda çoxdan yazırdı. Fransa sanki hakim rejimin yanında idi. Bricit isə araşdırması ilə sübut etdi ki, xarici işlər nazirinin diktator Ben Alinin ətrafı ilə yaxınlığı olub, hətta Yeni il tətilini öz əri ilə Tunisdə bir biznesmenin hotelində keçirib.
“Lələkli yaramaz”la söhbətdən
– Araşdırmanızdan sonra Sizə təzyiq oldumu?
– Təbii ki, yox.
– Sizin erotik videonuzu yaymadılar ki?
– Əlbəttə, yox. Həm də bu kimə maraqlıdır ki?! Mən siyasətçi və ya məmur deyiləm.
– Sizə heç rüşvət təklif olunub, satın almaq istəyiblərmi?
– Uzun illər öncə kiçik hədiyyə vermək istəmişdilər. – Elə olurmu ki, redaktor yazınızı buraxmasın?
– Əgər yazı dolğun deyilsə, orada səhv məlumat varsa, mümkündür. Amma bu hallar olmur…
– Senzura kimi yazıdan nəyisə kəsmirlər ki?
– Heç vaxt!
– Daxili senzura necə, varmı sizin əməkdaşlarda?
– Yalnız yalan yazmamaqla bağlı.
– Hakimiyyət sizə təzyiq edirmi?
– Onlar sadəcə ürəklərində bizi sevmirlər.
– Amma nəsə edirlərmi?
– De Qol deyib ki, ördəyi gülləmək olmaz…
– Siz necə, nə vaxtsa hakimiyyətdəkiləri sevmisinizmi?
– Heç vaxt. Divardakı rəsmiləri gördünüz. Onların hamısını tənqid edirik. Fransa daha yaxşı idarəçilərə layiqdir.
– Siz solçusunuz?
– Bəli.
– Sol hakimiyyətləri də tənqid edirsiniz?
– Bəli.
Amma biz başqa bir görüşdə dövlətin hər il ölkə qəzetlərinə 1 milyard 200 milyon avro yardım etdiyini də öyrəndik. Mövzunun davamı olacaq.