Müstəqillik günü ilə bağlı prezidentə müraciət olundu

«18 oktyabr qeyri-iş günü olmalı və dövlət səviyyəsində qeyd olunmalıdır»

Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri  Hacıbaba Əzimov Dövlət Müstəqilliyi Gününün qeyri-iş günü statusunun bərpası və dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsi ilə bağlı rəhbəri olduğu partiyanın adından prezident Ilham Əliyev və Milli Məclisin bir qrup deputatına məktubla müraciət edib.
Məktubda qeyd olunur ki, Azərbaycan xalqının apardığı ağır, lakin şərəfli mübarizə sayəsində 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin gün – 18 oktyabr Dövlət Müstəqilliyi Günü dövlət bayramı statusu alaraq uzun illər ərzində istirahət günü olaraq qeyd edilib. Lakin 2006-cı ilin dekabrın 8-də Milli Məclisin sosial-siyasət komissiyasının sədri H.Rəcəbli Milli Məclisin iclasında Dövlət Müstəqilliyi Günü və müstəqilliklə bağlı digər dövlət bayramlarının iş günü edilməsi təklifi ilə çıxış edib: “O, həmin vaxt belə məlumat vermişdi ki, guya Türkiyədə, Finlandiyada, Norveçdə, Ruminiyada, Ispaniyada, Ingiltərədə, Italiyada, Fransada da həmin dövlət bayramları iş günüdür. Hadı Rəcəbli onu da demişdi ki, Dövlət Müstəqilliyi Günü və digər dövlət bayramlarının iş günü edilməsi xalqın rifahına və milli-mənəvi dəyərlərə xidmət edir. Beləliklə Hadı Rəcəblinin təqdimatı və təklifi ilə  Milli Məclis Dövlət Müstəqilliyi Günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü dövlət bayramlarının iş günü olması və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilməsi haqqında antikonstitusion qərar qəbul edib”.
Məktubda təəssüflə bildirilir ki, hazırda Azərbaycanda hətta bəzi peşə bayramlarının da təntənəli şəkildə qeyd olunmasına baxmayaraq, Dövlət Müstəqilliyi Günü dövlət səviyyəsində qeyd edilmir və bu dövlət bayramına həqarətli münasibət davam edir: “Halbuki,  bütün dünyada, o cümlədən postsovet ölkələrində dövlət müstəqilliyi günü əsas dövlət bayramı olaraq yüksək səviyyədə qeyd edilir və bayram günləri qeyri-iş günləridür. Üstəlik Azərbaycandakı mövcud antimilli rejim dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində dəyərli xidmətləri olan istiqlalçı deputatları müxtəlif təqib və repressiyalara məruz qoyurlar.
VAMBP hakimiyyət orqanlarını Dövlət Müstəqilliyi Günü ilə bağlı 2006-cı ildə Milli Məclisin qəbul etdiyi qərarın təxirəsalınmadan dəyişdirilməsinə, bu bayramın qeyri-iş günü statusunun bərpa edilməsinə və 18 oktyabr – müstəqillik gününün hər il ümumxalq bayramı kimi dövlət səviyyəsində geniş qeyd olunması üçün zəruri tədbirlər görməyə çağırır.