KXCP-dəki fraksiyadan növbəti etiraz

Fikrət Cəfərov: “KXCP-nın Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında təmsilçiliyi qeyri-qanunidir”

“Klassik Xalq Cəbhəsi Partiyasının Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında təmsilçiliyi partiya sədrinin istəyi ilə həyata keçirilib. Bu məsələdə partiyanın Nizamnaməsinin tələblərinə riayət olunmayıb. Partiyanın hərəkatda iştirakı məsələsi kollegial şəkildə razılaşdırılmayıb”.
Bunu APA-ya KXCP sədrinin müavini, “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərov deyib. O bildirib ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) fəaliyyəti və KXCP-nin burada təmsilçiliyi məsələsi partiyanın iradəsindən kənardır:”Ümumiyyətlə partiyanın birliklərdə iştirakı məsələsi Mirmahmud Mirəlioğlunun şəxsi təşəbbüsü ilə həyata keçirilib. Yalnız partiyanın Ictimai Palatada təmsilçiliyi barədə qərar kollegial şəkildə qəbul olunub. Sonradan isə sədrin Ictimai Palatada təmsil olunmaqdan imtina etməsi ilə qərar əhəmiyyətini itirib?.
F.Cəfərov KXCP-də fraksiya yaradılması təşəbbüsünün DCUMH Idarə Heyəti tərəfindən xüsusi xidmət orqanlarının fəaliyyəti kimi dəyərləndirməsini də əsassız adlandırıb:
“Bu məsələlərlə bağlı partiyanın ”Demokratik Birlik” fraksiyasının açıqlaması olacaq”.
F.Cəfərov KXCP-nin qərargahı ilə bağlı səslənən bəzi fikirlərlə bağlı da danışıb:”KXCP-nin qərargahını kimsə mənimsəyə bilməz. KXCP-nin qərargahı partiyanın mülkiyyətidir və bir çox üzvlərin bu yerin alınmasında iştirakı var. Biz kapital qoyub, həmin yeri almışıq. Partiyanın qərargahının yerləşdiyi məkan özəl mülkdür, o cümlədən burada mənim də kapitalım var. Bunu deməkdə məqsədim odur ki, bəziləri bu məsələ ilə bağlı əcaib fikirlər səsləndirməsinlər”.