“Gülər Əhmədova sıradan bir insan deyil”

Fəzail Ağamalı: “Kifayət qədər şok yaradacaq görüntüdür”

Deputat Gülər Əhmədova ilə bağlı yayılmış video araşdırılır. Nəticələr bəlli olan kimi ictimaiyyətə məlumat veriləcək. Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sentyabrın 27-də “Azadlıq” radiosuna belə deyib.
İsveçdə yaşayan Rahim Sadıqbəyli televiziya və kino sahəsində 25 illik təcrübəsi olduğunu deyir. O bildirir ki, bu videoda nə montaj, nə də dublyaj əlamətləri var. Rejissor hesab edir ki, normal ölkələrdə bu cür fakta görə deputatla bağlı cinayət işi açılmalı idi.
Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçiləri rəsmi araşdırmaların nəticələrini gözlədiklərini, yalnız bundan sonra şərh verəcəklərini deyirlər.
İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə baş verənlərə belə münasibət bildirdi: “Kifayət qədər şok yaradacaq görüntüdür. Bununla bağlı yəqin ki, araşdırmalar aparılır. Ancaq baş verən hadisə və onun ətrafında müzakirə məndə təəssüf doğurur. Hər halda yaxşı deyil, Gülər xanım sıradan insan deyil, neçə ildir millət vəkilidir, Milli Məclis var, millət vəkilləri var, onların adı var, imici var. Bu, düşündürücü məsələdir. Bir daha deyirəm ki, bu, təəssüf doğuracaq hadisədir”.
“Bu məsələ parlamentdə gələn həftə qaldırıla bilərmi?”. Bu suala cavabında F.Ağamalı deyib: “Mən bilmirəm. Şəxsən mən bunu qaldırmaq niyyətində deyiləm. Araşdırma qurtarsın. Hər kəsə hər şey bəlli olacaq. Bir az səbir etmək lazımdır”.