Gülər Əhmədova qurban verilir?

Elşad Abdullayevin deputatla bağlı yaydığı material “yuxarılar”da müzakirə olunub

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin millət vəkili Gülər Əhmədova ilə bağlı Baş Prokurorluğa müraciəti Prezident Administrasiyasında yüksək səviyyədə müzakirə olunub.
Bu barədə “Azadlıq”a etibarlı mənbədən məlumat daxil olub. Məlumatda deyilir ki, müzakirənin yekunu kimi E.Abdullayevin müraciətini tamamilə kənara atmağın mümkün olmayacağı qənaətinə gəlinib.
Mənbənin sözlərinə görə, vəziyyətdən çıxış yolu kimi belə bir mümkün variant üzərində dayanılıb ki, E.Abdullayevin millət vəkili haqda müarciəti onun özünə qarşı qaldırılmış cinayət işinə birləşdirilsin.
Məlumatda vurğulanır ki, bu məsələ ilə hökumət düşərgəsindən verilən açıqlamalar Gülər Əhmədovanın müdafiə üzərində qurulmamalı, obyektivlik nümayiş etdirilməlidir. Müzakirələr nəticəsində etiraf edilib ki, mətbuat və sosial şəbəkələr artıq öz işini görüb. Bu baxımdan Gülər Əhmədovanı müdafiə etmək hakimiyyət üçün əlavə başağrısına çevrilə bilər. Xüsusilə Elşad Abdullayevin yeni videolar yayma ehtimalının nəzərə alınması qeyd edilib.
Məlumata görə, məhz bu müzakirələrdən sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun açıqlaması yayılıb. Əli Həsənov həmin açıqlamada bu məsələnin araşdıralacığını bildirib. Araşdırmaların nəticəsinə gəlincə, “yuxarılar” düşünür ki, əgər bu məsələ daha da dramatik xarakter alsa, yəni Elşad Abdullayev açıqlamalarını, videoları yaymaqda davam etsə, o halda Gülər Əhmədova qurban verilməli, yox mövzu gündəmdən düşərsə, araşdırmalar sonsuzluğa qədər uzadılmalıdır.

Informasiya şöbəsi