Bəs Gülərin özünün necə deputat olduğu haqda video hanı?

Yeni nə baş verdi? Demək olar ki, heç nə. Olsa-olsa, biz mandat bazarlıqlarının kiçik bir epizodunu izləyə bildik. Bu qədər.
Aşırı təəccübə nə ehtiyac var? Azərbaycanda parlamentin seçkili orqandan təyinatlı orqana çevrildiyi təzə xəbər deyildi ki…
Mən hələ “seçki”dəki saxtakarlıqları, karuselləri bir yana qoyuram. Elə seçkidən əvvəl biz hansı hoqqaların, oyunların şahidi olmuruq?
Məsələn, hər “parlament seçkisi” öncəsi nə qədər iş adamı, biznesmen düşür ortaya, yollar çəkir, körpülər təmir edir, binalar üzləyir, namizəd olduğu dairədən kiminsə təhsil pulunu, kiminsə işıq, qaz, su pulunu ödəyir, kimisə işə düzəldir, sonra da qəfil, peyda olduğu kimi də yoxa çıxır, namizədliklərini geri götürür, daha doğrusu, buna məcbur edilirlər. Bəyəm bunun necə baş verdiyini bilməyən var? Belələrini əvvəl həvəsləndirib, mandat sözü verib ortaya atır, onlara babat pul xərclətdirir, ara yerdə camaatdan özlərinə bolluca “sağ ol” qazanır, sonra da “çəkil geri, əl-ayağa dolaşma!” düyməsini basırlar. Və bu olur seçki!
Bəli, Azərbaycanda seçkinin komediya filmi olduğu çoxdan hamıya aydındır, indi biz sadəcə, həmin filmdən kiçik, ötəri bir kadra baxırıq, üstəlik, ordakılar özləri də epizodik rollardadır. Məsələn, videodakı Seva kimdir guya? Bu ölkədə Seva adında korrupsioner tanıyan varmı?
Ya da Gülər Əhmədova özü. Guya hakimiyyət istəməsə, onun özü deputat ola bilərmi bu ölkədə? Tutaq ki, onun kimisə pulla deputat etmək istədiyi barədə videonu gördük, axı indi əsas sual bu olmalıdır: bəs Gülərin özünün necə deputat olduğu haqqında video hanı? O video varsa, orada kim var, kimlər var?
Yaxşı, lap deyək ki, Gülər Əhmədova halallıqla deputat oldu, bəs onun 99 faiz “vozvrat”la çıxan qəzetinin suyu hansı dəyirmandan gəlir? Üç-beş nüsxəsi satılan o qəzet hansı pullarla çıxır? Hakimiyyətin oğurladığı pulların qalıqları ilə!
Bəli, məhz hakimiyyətin! Və yazının məğzi də məhz bunda gizlidir – Seva kimdir, Gülər kimdir, Elşad kimdir, onları hədəfə almağın, onlara yüklənməyin, onlara fokuslanmağın mənası nədir? Tək cinayətkar var – o da rejimdir! Guya, bu videodan sonra lap Gülər cəzalandırılsa, nə baş verəcək? Rejim qaldıqca, vintlərin, vintciklərin dəyişməsi heç nəyi həll edə bilməz.
Şəxsən mənim üçün məlum video bir əyləncədir. Baxdım və kef elədim. Orada sadəcə, mırt tutmaq üçün yaxşı söhbətlər vardı: “Sən nə danışırsan, mən gedib camaatın prezidentdən keçən siyahısını pozdurmuşam”, ya da “Bu siyasətdir, nala-mıxa vurmaq olmaz. Alverdə nala-mıxa vura bilərsən, siyasətdə olmaz” kimi.
Vəssalam. Mənim üçün o video dəyərini, əhəmiyyətini burdaca itirir.
Yoxsa həmin kadrlarla bağlı gözləntilər, ciddi nəticələr, köklü dəyişikliklər xəyalı içərisində olmaq – bu, artıq filfilodur. Axı o videodakılar kimdi bu rejim üçün? Heç kim. Onları itirmək sanki rejim üçün çoxmu ağırdır? Rejim üçün onları başqaları ilə əvəzləmək sanki çoxmu çətindir? Bu ölkədə “Gülər” olmaq istəyənlər azdırmı, sanırsınız? Bu ölkədə nə qədər adam indi özünü “Seva”nın yerində təsəvvür edir, bilirsinizmi? Nə qədər qibtə ilə baxır onlara, fərqindəsinizmi?
Bu rejimin hər “Gülər”in yerinə nə qədər “Gülər”i, hər “Seva”nın yerinə nə qədər “Seva”sı var. Lap “O olmasın, bu olsun” prinsipidir. Vaxtı gəlibsə, əvəzləyərlər, olar-bitər.  
Məsələ budur: bəs biz nə istəyirik? Sadəcə, vintlərin dəyişməsinimi? Bugünkü qurbanların öz yerini gələcək qurbanlara verməsinimi? Bununla kifayətlənməkdirmi niyyətimiz? Bəs rejim özü nə olacaq, rejim özü?!
Lap elə Gülərin sözü olmasın, Əli Insanovlar, Fərhad Əliyevlər qurbanlıq seçildi, nə dəyişdi? Aydın olmadı ki, rejim qaldıqca, onun vintlərinin dəyişməsi əslində, heç nəyi dəyişmir, ya da dəyişir – daha pisə doğru!
Əslində, indi də bu baş verməyəcəkmi guya: Güləri başqa bir “Gülər”lə dəyişəcəklər, ara yerdə isə deputat mandatının qiyməti bir az da artacaq.
Elə rejimin ömrü də…