Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi oldu. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclas xoş ovqatla başladı. Belə ki, Əvəz Zeynallı məhkəmə zalına daxil olan hakimə üzünü tutaraq “Ramella xanım, üzünüz gülür, deyəsən Siz də videoya baxmısınız (Elşad Abdullayevin ”Azadlıq” qəzetinə göndərdiyi videonu nəzərdə tutur – red). Hakim “Başımız yaman qarışıqdır. Hələ heç nəyə baxmamışıq” cavabını verdi.
Bu xoş ovqatdan sonra şahidləri məhkəmə zalına dəvət etdilər. Xətai rayon Icra Məmurları Şöbəsinin rəis müavini Fuad Nəbiyev şahid qismində dindirildi. O ifadəsində qeyd etdi ki, 2003-cü ildən Nərimanov rayon Məhkəməsində icra məmuru işləyib. 2010-cu ildə məzuniyyətdə olan rəisini əvəz edərkən media ilə bağlı icra materiallarını hesabat üçün toplayıb. Həmin materialların arasında “Xural” qəzeti ilə bağlı çıxarılmış bir neçə məhkəmə qətnaməsinin icra olunmadığını görüb. Əvəz Zeynallını çağıraraq məhkəmə qərarlarını icra etməsini xahiş və tələb edib. Əvəz Zeynallı redaksiyanın maliyyə imkanları olmadığına görə məhkəmə qərarlarını icra edə bilmədiklərini ona deyib.
Şahid dedi ki, 2011-ci ildə onu istintaqa çağırıb “Xural” qəzetinin hələ də məhkəmə qərarlarını icra etmədiyinə görə cinayət işi başlandığını bildiriblər və ondan şahid kimi ifadə alıblar.
Məhkəmədə elan olundu ki, çağırılmış şahidlər məhkəməyə gəlməyib. Hakim dindirilməmiş 19 şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul etdi. Baş redaktor deputat Gülər Əhmədovanın da həmin siyahıda olub-olmadığını soruşdu.
Hakim:
– Gülər Əhmədova gəlib və ifadəsini verib. Ona görə də qanun onun məhkəməyə məcburi gətirilməsini tələb etmir.
Əvəz Zeynallı:
– Necə yəni qanun tələb etmir? Mənim ona suallarım var. Mən ona suallarımı verməmişəm. Istintaq hazırda iki sübut üstündə tanıyır. Gülər Əhmədova deyir ki, guya səsimi yazıb, xahiş edəcəyəm ki, onu da dinləyək. Ikincisi də guya ki, bizim telefondan mesaj gedib-gəlib. Ittiham aktı bu iki saxta sübutun üstündə dayanıb. 5 aydır burda deyirəm ki, mən sifarişlə tutulmuşam, Ramiz Mehdiyev tutdurub, Gülər də burda vasitəçidir. Mən həmin telefonlarla və həmin mesajlarla Gülər Əhmədovaya gələn mesajların və gələn zənglərin kimlərdən gəldiyini və kimlərdən getdiyini bilmək istəyirəm. Çünki son vaxtlar bir daha məlum olur ki, Gülər Əhmədova bunların işlərini görür. Bunların parlamentlərinə Gülər Əhmədova deputat təyin etdirir. Gedin, Elşad Abdullayevin yaydığı videoya baxın.
Hakim:
– Bu, bizim məhkəməyə aid məsələ deyil.
Əvəz Zeynallı:
– Necə yəni? Birbaşa bizim məhkəməyə aid olan məsələdir. Mənim səsimi gəlib otağımda xəlvətcə yazan və mənasız bir sübutu gətirib bura çıxardan adam açıq-aşkar deyir ki, deputat seçilmək üçün 1 milyon verməlisən. Indi cənab prokuror deyir insan hüquqları-filan, Gülər Əhmədovanın birbaşa Əli Həsənovla SMS alveri olub.
Şahidlər olmadığına görə məhkəmə hazırlıq iclasında Əvəz Zeynallının və onun vəkillərinin verdikləri vəsatətlərə münasibət bildirdi… və heç birinin təmin etmədi.
Əvəz Zeynallı ibtidai istintaqdakı şahid ifadələri ilə tanış olmaq üçün bütün ifadələrin surətlərinin ona verilməsini tələb etdi.
Hakim “iş cildlərini surətini verə bilərik ki, siz ordan lazım olan ifadələrdən çıxarış edəsiniz. Ancaq qanun bütün ifadələrin surətlərini Sizə verməyə icazə vermir” cavabını verdi.
Bu dialoqdan sonra məhkəmə bu gün saat 14:00-a qədər təxirə salındı.
Ramin DEKO