Araz Əzimovdan sensasiyalı bəyanatlar

“Qarabağ danışıqları getmir; Əsas prinsiplər deyilən sənəd torpaqları qaytarmır”

“Dağlıq Qarabağ münaqişəsinin həllinə dair əvvəllər verilmiş təklif layihələri Ermənistan tərəfindən rədd edildi və yaranmış durğun vəziyyətdən çıxış üçün heç bir təklif verilmədi”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov verib.

O, Azərbaycanın münaqişənin nizamlanmasına dair aparılan dialoq prosesində tutduğu mövqeyi açıqlayıb: “Azərbaycanın yanaşması belədir – biz 2004-cü ildə müzakirələr apardıq və bu müzakirələr çərçivəsində hansısa anlayışlara nail olduq. Aydın olan məsələlər var, müvafiq prinsiplər var. Bu kifayət edir ki həmin anlayışlar əsasında bilavasitə praktiki məsələləri həll etmək üçün konkret “Yol xəritəsi” hazırlayaq. Və bu “Yol xəritəsi!” artıq müəyyən addımlar atmaq üçün əsas olsun. Lakin əgər biz əvvəl əsas prinsipləri razılaşdıraraq, sonra prinsipləri instrumental, praktiki bir məcraya salmaq, daha sonra praktiki addımlara çevirmək üçün yenə də müzakirə aparacağıqsa, daha sonra bu müzakirələr nəticəsində sülh sazişi əldə etmək istəyiriksə, o zaman məncə bu proses daha 20 il çəkər. Azərbaycanın nə bu qədər vaxtı, nə bu qədər səbri var. Ona görə mənim öz təklifim ondan ibarətdir ki, konkret anlayışlar mövcuddur, əsas beynəlxalq hüququn əsas norma və prinsiplərinə istinadlar var. Bu, həmin anlayışlar və istinadlar əsasında “Yol xəritəsi” hazırlamağa kifayət edir. Amma yəqin ki, bizim səbrimizi sınağa çəkmək kiminsə marağına cavab verir”.

Araz Əzimov bildirib ki, hazırda müzakirələrə təkan vermək üçün problemə yanaşmanı konkret dəyişdirmək lazımdır: “Prinsiplərin üzərində işləmək heç bir nəticə verməyəcək. Çünki vaxtı udmaq niyyətində olan Ermənistan, işğal faktordan istifadə edən Ermənistan bu prinsiplərin müzakirələrini sonsuzluğa qədər davam etdirməkdə maraqlıdır. Bu prinsipləri praktiki dilə çevrilmək lazımdır. Özümüzü aldatmayaq, əsas prinsiplər deyilən sənəd torpaqları qaytarmır. Digər tərəfdən, siyasi baxımından məsələnin əhəmiyyətini azaldır, münaqişənin guya bitdiyi barədə yanlış fikir yaradır”.

Nazir müavini hazırda münaqişə ilə bağlı danışıqların getmədiyini də bildirib: «Mən mətbuatda tez-tez Dağlıq Qarabağ münaqişəsi ilə bağlı «danışıqlar» ifadəsi ilə rastlaşıram. Amma danışıqlardan çoxdan söhbət getmir».
Onun sözlərinə görə, hərdən ayrı-ayrı vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müvafiq səviyyədə görüşlər keçirilir: «Amma konkret zaman çərçivəsində, gündəlik əsaslarda, eyni çərçivədə konkret məsələləri həll etmək üçün aparılan müzakirə prosesi hal-hazırda mümkün deyil. Ona görə də həmsədrlərin səfərləri təsirli ola bilməz. Onlar Azərbaycana gəlib burda mövqeyi öyrənirlər, Ermənistana da gedirlər, sonra isə beynəlxalq təşkilatlar çərçivəsində – BMT-də, ATƏT-də görüş keçirib müzakirənin davam etdiyini deyirlər. Bu istiqamətdə bir inkişaf əldə olunmadığına və vakuumu doldurmaq üçün həmsədrlər müxtəlif etimad qoruyucu tədbirlərdən danışırlar. Azərbaycanın da bəzi təşəbbüsləri olmuşdu, lakin Ermənistan bunlara mənfi cavab verib. Bəzi təkliflər isə vəziyyətə uyğun gəlmir. Çünki işğal davam etdiyi bir vəziyyətdə münaqişə zonasında məhz yerli əhalini əhatə etməklə hansısa təşəbbüsün həyata keçirilməsi mümkün deyil».
Nazir müavini xatırladıb ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü təklifi məhz Ermənistan tərəfindən rədd edilib: «Ona görə burda həm Ermənistan, həm də həmsədrlər tərəfindən müvafiq dərəcədə spekulyasiya müşahidə edirəm. İmkanlara uyğunlaşdırılmış təkliflər verilməlidir».
Bu günlərdə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ehtimalı ilə bağlı sualı şərh edən A.Əzimov deyib ki, belə bir görüş nəzərdə tutulmayıb: «Görüş keçirmək asandır, əsas gözlənilən nəticədir».
Araz Əzimov ermənilərin sentyabrın sonunda Xankəndi aeroportunu istifadəyə verəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib: «Ermənilər hər bir andan istifadə edirlər ki, vəziyyəti daha da gərginləşdirsinlər».
Onun sözlərinə görə, Ermənistanın beynəlxalq hüququ pozması yenilik deyil: «Azərbaycan bu cür məsələlərdə yenə də beynəlxalq hüquq normalarını əsas götürəcək və öz mövqeyində dayanacaq. Bu hava limanının istifadəsi hazırkı şəraitdə qeyri-qanunidir. İşğal altında olan ərazilərdə infrastrukturun dəyişdirilməsini, hava məkanımızın qanunsuz şəkildə istifadəsini Azərbaycan tərəfi heç vaxt qəbul etməyəcək. Bu, beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə aid olan məsələdir».