“Avropaya inteqrasiya hakimiyyətin arzusu ilə olmayacaq”

vefa quluzade2“ABŞ Cənubi Azərbaycan məsələsini qabartmaqla İranı daxildən sarsıtmaq istəyir”

ABŞ konqresmeninin ardınca “The New York Times” qəzeti də Cənubi Azərbaycan məsələsini gündəmə gətirərək yaxın gələcəkdə vahid və böyük Azərbaycan dövlətinin yarana biləcəyini gündəmə gətirib. Irana hərbi müdaxilə ilə bu regionda, hətta indiki Türkiyədən də güclü bir yeni Böyük Azərbaycan dövlətinin yarana biləcəyini yazan qəzetdəki məqalənin müəllifləri Frank Cakobs və Parag Khanna qeyd ediblər ki, bu hadisənin baş verməsi realdır. Həm bu həm də gündəmin başqa mövzuları ilə bağlı suallarımıza politoloq Vəfa Quluzadə cavab verir:

– Bu mövzunun gündəmə gəlməsi təsadüfi deyil. Burada əsas məqsəd Irandakı indiki rejimi yıxmaqdır. Cənubi Azərbaycanın hazırda müstəqil olan Azərbaycan dövləti ilə birləşə biləcəyi ideyalarının ortaya atılması da bu niyyətdən qaynaqlanır. Bu mövzunu gündəmə gətirən və böyük xəritə dərc edən qəzet də Amerika nəşridir. Yarana biləcək Azərbaycanın gücünə görə Türkiyə dövləti ilə müqayisə olunmasına gəlincə isə, Türkiyə əsrlər boyu bu qüdrətə çatıb. Türkiyə həmişə döyüşkən dövlət olub. Türklərin ilk uğuru Osmanlı Imperiyası olub, daha sonra isə Türkiyə Cumhuriyyətini qurublar. Indi biz elə inkişaf yolu tutmalıyıq ki, geridə qalmış Cənubi azərbaycanlılarla, hələ də istədiyi dövləti qura bilməyən Şimali azərbaycanlılarla birləşərək ciddi güc ortaya qoysunlar. Bu ideya Iranın əleyhinə ciddi təxribatdır. ABŞ Irana hərbi müdaxilə etməyəcək. Ona görə bu cür daxili provokasiyalar ilə Iranı daxildən parçalamaq istəyirlər.

– Zaman-zaman Cənubi Azərbaycanın müstəqilliyi və böyük Azərbaycan dövlətinin yaradılması gündəmə gəlib. Bu dəfə bu ideyanın gündəmə gəlməsi nəylə yekunlaşa bilər?
– Bilirsiniz, Amerikanın ağlı Irandakı şah rejiminə gedib. Onlar elə düşünrlər ki, hazırkı Iran rejimi də şah dövründəki kimi zəifdir. O zaman şah dövründə azərbaycanlılar bir neçə dəfə ayğa qalxmışdı. Bu rejimin zəifliyindən irəli gəlirdi. Irandakı hazırkı rejim isə totalitar xarakterlidir. Bir də ki, ABŞ 40 milyonluq ikinci türk dövləti yaratmaqda maraqlı deyil. Belə bir dövlət yaransa və o da Türkiyə ilə sıx əlaqələrə başlasa, ABŞ çətin onlara nəzarət edə bilər. Yaxın Şərq hazırda parçalanmış vəziyyətdədir. Iraqda artıq faktiki bir neçə dövlət fəaliyyət göstərir. Liviya və Suriyada parçalanmaq ərəfəsindədir. ABŞ Yaxın Şərqi və Orta asiyanı tam nəzarətində saxlamaq üçün ortada kiçik dövlətlərin olmasını istəyir. Iri dövlətlərin mövcudluğu ABŞ-ın maraqlarına uyğun deyil. Səddam Hüseyn Küveyti ərazisi elan etdi və özünə birləşdirmək istədi. Amma ABŞ proseslərə müdaxilə etdi. Düşünmürəm ki, ABŞ 2-ci böyük türk dövlətinin yaradılmasınada maraqlı olsun. Cənubi Azərbaycan məsələsinin hazırda qabardılması daha çox Iran məsələsinin fonunda aktualdır. ABŞ Iranın əleyhinə özünə müttəfiqlər yığmağa çalışır.

İran Yaxın Şərqi yanan tonqala çevirə bilər

– Amma məsələ burasındadır ki, Cənubi Azərbaycan, elə Iranın özündə də Qərbə qarşı antipatiya mövcuddur. Yəni bu ideyanın Qərbdən gəlməsi onun Cənubi Azərbaycanda qəbulunu bir qədər problemli edir. Siz bu barədə nə düşünürsünüz?
– Bəli bu belədir. Əgər ABŞ Irana əsgəri müdaxilə etsə, bütün orada yaşayan azərbaycanlılar Amerikaya qarşı müharibəyə qalxacaq. Azərbaycanlılar vətənlərini son qədər müdafiə edəcəklər. Irana əsgəri müdaxilə onu sıx birləşdirəcək. Iranda çoxlu millətlər yaşayır və onların arasında ziddiyyətlər ola bilər. Amma müdaxilənin qarşısında Iran sıx birələşəcək. Məhz bu üzdəndir ki, ABŞ hər dəfə təyyarə daşıyan gəmilərini Irana yaxınlaşdırsa da sonradan geri dönürlər. ABŞ-ın bir zərbəsi Iranı sarsıda bilər. Amma Iran Yaxın Şərqi yanan tonqala çevirə bilər. ABŞ bunu istəmədiyinə görə Irana hərbi müdaxilə etməyə tələsmir. Bu üzdən hazırda seçilən taktika Iranı daxildən parçalamağa hesablanıb. Amma bu ideyanın tam oturuşması üçün gərək Irandakı milli azlıqların siyasi təşkilatları olsun. Iran totalitar dövlətdir. Belə bir dövlətlərdə heç bir siyasi partiya ola bilməz. Yalnız bir partiya möcud ola bilər. Iran keçmiş SSRI-dir. ABŞ SSRI-yə müdaxilə edə bildimi? Xeyr. Amma bacardığı qədər SSRI-ni daxildən sarsıtdı və sovet imperiyası öz içini yeyərək dağıldı.
Qərbin maraqları Almaniyanın birləşməsini tələb edirdi. Bunun üçün sosialist Almaniyasının yıxılması gərək idi. Amma Azərbaycanın birləşməsi Amerikanın maraqlarında deyil. ABŞ Iranın hazırkı rejimini yıxmağa və orada əvvəlki şah qurluşu kimi rejim yaratmağa çalışır.

Hakimiyyət Çöhrəqanlını İrana görə Azərbaycana buraxmır

– Böyük Azərbaycan dövlətinin yaradılmasına region dövlətlərinin, xüsusilə Türkiyənin münasibəti necə ola bilər?
– Böyük Azərbaycan ideyası yaxın gələcəkdə gerçəkləşməsi real deyil. Uzaq gələcəyi isə proqnozlaşdırmaq çətindir. Uzaq gələcəkdə ciddi siyasi dəyişiklik, hətta Qərbdə böyük təlatümlər yaşana bilər. Dünyada pasionar və textonik siyasi təkanlar olur. Bu təkanlar hətta ABŞ kimi dövləti də çökdürə bilər. Bu üzdən proseslərə region dövlətlərinin necə münasibət bəsləyəcəyini yalnız proses reallaşmağa yaxın olduğu zaman qiymət vermək olar.

– Baş verənlərinin fonunda Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı bildirib ki, Azərbaycan hökuməti baş verənlərə aktiv münasibət bəsləməlidir. Siz necə düşünürsünüz rəsmi Bakı hansı addımları ata bilər?
– Mən bir neçə dəfə Çöhrəqanlı ilə görüşmüşəm. O, hazırda ABŞ-da yaşayır. Amma düşünmürəm ki, Çöhrəqanlı Iranda baş verənlərə sərt təsir göstərə və ya Azərbaycan hökuməti bircə onun sözüylə hərəkətə keçə bilər.

–  Çox zaman Azərbaycan hökuməti müstəqil siyasət yürütdüyünü bəyan edir. Amma Çöhrəqanlı dəfələrlə müraciət etməsinə baxmayaraq onu Azərbaycana buraxmırlar. Bu addım Irandan qaynaqlana bilərmi?
– Əlbəttə ki, bu Irandan qaynaqlanır və Azərbaycan Iranın təzyiqinə görə Çöhrəqanlını Azərbaycana buraxa bilmir. Əgər Azərbaycan Çöhrəqanlını yüksək səviyyədə qarşılasa Iran buna sərt reaksiya verə və eyni addımı Azərbaycan  müxalifətçilərinin timsalında edə bilər.

Bəşər Əsədi “gəzən meyit”dir

– Dövlət başçısı Ilham Əliyev səfirlərlə keçirdiyi görüşdə Azərbaycanın heç bir beynəlxalq təşkilata qoşulmayacağını bəyan edib. Bu təşkilatların isə Avropa Birliyi və NATO olduğu vurğulanır. Bu nədərəcədə düzgün yanaşmadır?
– Dövlətlərin bir taktikası, bir də strategiyası olur. Düşünürəm ki, Azərbaycanın rəhbəri belə bəyanat verməklə heç də NATO ilə əməkdaşlıqdan imtinanı nəzərdə tutmur. Azərbaycan Avropa Birliyi ilə də əməkdaşlıq edəcək. Sadəcə olaraq Azərbaycanın bunu açıq formada bəyan etməsi Iran və Rusiyanı qıcıqlandıra bilər. Ona görə bu iki dövlətin reaksiyasından yayınmaq lazımdır. Strateji baxımdan Azərbaycan Avropa Birliyi, NATO-ya inteqrasiyaya etməlidir. Bu yalnız Azərbaycan rəhbərliyinin arzusundan asılı olman məsələ deyil. Bu məkana inteqrasiya Azərbaycanın inkişafı, siyasi və iqtisadi faktorların möhkəmlənməsi deməkdir.

– Suriyada demokratikləşmə uğrunda mübarizə artıq uzun müddətdir ki, davam edir. Suriyada proseslərin bu dərəcədə uzanmasının səbəbi nədir?
– Suriyadakı proseslər Amerikadakı seçkilərə görə uzanır. ABŞ-da seçkilər zamanı Obama aktiv müharibəyə girişsə, bu Respublikaçıların əlinə əlavə imkanlar verə bilər. Obama üçün hazırda gündəlikdə birinci məqam öz kürsüsünü saxlamaqdır. Ona görə Suriya məsələsində Obama bir qədər ehtiyatla davranır. Seçki bitdikdən sonra Obama seçiləcəyi təqdirdə əlbəttə ki, Suriya problemini daha da sürətləndirəcək. Amma hazırda dünyada elə dövlət yoxdur ki, Bəşər Əsədi “gəzən meyid” adlandırmasın. Əsəd rejiminin gələcək taleyi həll olunub. Amma hələlik ona ciddi girişmirlər.

– Eyni regionda daha bir diqqət çəkən hadisə PKK ilə bağlıdır. Hazırda PKK məsələsi Türkiyə gündəmini zəbt edib. PKK-nın yenidən aktivləşməsi və Türkiyəni rahat buraxmamasında kimin rolu var? Hansı qüvvələr bunda maraqlıdır?
– Rusiya Türkiyənin Suriyadakı siyasətindən narazıdır. PKK-nı Rusiya alışdıra bilər. Bu üzdən Rusiya bu addımları ilə Türkiyəyə bir mesaj verə bilər. Rusiyanın belə addımları vaxtaşırı olub və bu dəfə də istisna deyil.

Xəyal