«Bu məsələ həll olunmasa, qarşıdurma qaçılmazdır»
Dünən həbsdə olan gənc fəal Nigar Yaqublunun hüquqlarını müdafiə komitəsi təsis olunub. Müsavat Partiyasının qərargahında baş tutan təsis toplantısında ölkənin tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər.
“Hakimiyyət bu inadkarlığından əl çəksin”
Müsavat başqanı Isa Qəmbər N.Yaqublunun həbsinin cəmiyyətdə şok effekti yaratdığını, ölkənin az qala, bütün tanınmış vəkillərinin gənc fəalın müdafiəsinə qoşulduğunu bildirdi: “Cəmiyyətin müxtəlif kəsimləri Nigar xanımın həbsinə etirazlarını bildirib. Proses gündən-günə güclənir. Gözləntilər var idi ki, hakimiyyət Nigar Yaqublunun həbsi kimi yanlışlığı aradan götürəcək. Amma gördük onların belə bir niyyəti yoxdur. Ona görə də cəmiyyətin müxtəlif kəsimləri ilə məsləhətləşərək Nigar Yaqublunun hüquqlarını müdafiə komitəsi yaratmaq qərarına gəldik. Müdafiə komitəsində təmsil olunmaq istəyənlərin sayı-hesabı yoxdur. Burda iştirak etməyən şəxslər də komitənin işində iştirak etmək niyyətində olduqlarını bildiriblər. Eldar Namazovun, Gültəkin Hacıbəylinin müdafiə komitəsində təmsil olunmaq istəyini mənə xəbər verdilər. Qərara gəldik ki, komitənin işini daha güclü qurmaq üçün cəmiyyətin müxtəlif kəsimlərindən ibarət heyət müəyyənləşdirək. Məsləhət belə oldu ki, müdafiə komitəsinə rəhbərliyi tanınmış ziyalımız, yazarımız Mehriban Vəzir üzərinə götürsün. Mehriban xanım təklifimizi qəbul etdi. Mehriban Vəzirə bu işdə bir sıra dostlarımız kömək edəcək. Müdafiə komitəsinin işinin hüquqi tərəfi üçün Vaqif Hacıbəylinin sədr müavini kimi köməyindən istifadə edəcəyik. Gənclərimiz beynəlxalq əlaqələrlə bağlı yaxşı fəaliyyət göstərirlər. Tanınmış ekspert Leyla Əliyeva komitənin beynəlxalq məsələlərlə bağlı işində sədr müavini kimi fəaliyyət göstərəcək. Komitənin işində gənclərin də fəaliyyətini sistemləşdirilməsi üçün Tural Abbaslı da müavin kimi çalışacaq. Yəqin ki, yaxın müddətdə Mehriban xanımın rəhbərliyi ilə iclas keçirib dəqiq iş bölgüsü aparacaqlar. Biz də bu prosesdə tam gücümüzlə iştirak edəcəyik”.
I.Qəmbər N.Yaqublunun həbsinin mənfi nəticələr doğuracağını bildirdi: “Istərdik ki, hakimiyyət bu inadkarlığından əl çəksin və bir an öncə düzgün qərarlar qəbul etsin, təsadüfi qəzadan siyasi rəqiblərinə qarşı qisas üçün istifadə etməsin. Bu çox pis presedentdir. Hakimiyyətlə cəmiyyət kifayət qədər qarşıdurmadadır. Bu qarşıdurmadan cəmiyyət kimi, hakimiyyət də xeyir görməyib. Bu məsələ həll olunmasa, cəmiyyətlə qarşıdurmanın qaçılmaz olduğunu hər kəs başa düşür”.
Müdafiə Komitəsinin sədri M.Vəzir N.Yaqublunu hakimiyyətin girovluğundan çıxaracaqlarını bildirdi: “Lazım olan işləri görməliyik ki, nəticə əldə edək”.
“Bu həbs Nigar Yaqubluya qarşı siyasi qisasçılıqdır”
AXCP sədri Əli Kərimli baş verənləri N.Yaqubluya qarşı siyasi qisasçılıq kimi qiymətləndirdi: “Baş verənlər bir qəzanın nəticəsi olsa da, Nigar siyasi məhbusdur. Azərbaycanın məhkəmə təcrübəsində bu tip hadisəyə görə heç kim həbs olunmayıb. Məhkəmə həbs-qətimkan tədbiri seçməyib. Bu Nigar xanıma qarşı siyasi qisasçılıq deməkdir”.
Müsavatın Mərkəzi Icra Aparatının sədri Arif Hacılı bildirdi ki, avtomobil qəzasına görə kiminsə istintaq müddətində həbsdə olduğunu eşitməyib: “Ona görə də Nigar Yaqublunun siyasi məhbus olmasına heç bir şübhə olmamalıdır. Nigar Müsavat Gənclər Təşkilatının sədr müavinidir və uzun illərdir ciddi siyasi fəaliyyətlə məşğuldur. O son illərdə keçirilən etiraz aksiyalarının önündə gedib. Hakimiyyət bunu fürsət bilərək Nigar Yaqublunu həbsə saldırdı”.
“Azərbaycanda köklü bir dəyər sıradan çıxarılır”
DEVAMM sədri Hacı Ilqar Ibrahimoğlu isə qeyd etdi ki, cəmiyyət tək hüquq yox, həm də ictimai əxlaq normaları ilə idarə olunur: “Siyasətlə məşğul olan ailələrin qadın üzvləri ilə bağlı qırmızı xətlər var. Azərbaycanda köklü bir dəyər sıradan çıxarılır. Bunun arxasınca başqa şeylər gələcək”.
AXCP sədrinin müavini Gözəl Bayramlı isə çıxış edərək N.Yaqublunun aksiyalarda fəallıq göstərməsindən danışdı.
Müsavat Partiyasının Qadınlar Şurasının sədri Vəfa Cümşüdlü N.Yaqublunun həbsə salınması bu hakimiyyətini mahiyyətinin göstəricisidir: “Şərəf məsələsini ortaya qoyurlarsa, bundan o yanası yoxdur”.
Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı diqqəti baş prokurorun müavini Rüstəm Usubovun N.Yaqublu ilə bağlı verdiyi açıqlamasına çəkdi: “O Nigarın təqsirli olduğunun sübut edildiyini deyib. Bu təqsirsizlik prizumpsiyasının pozulmasıdır. Məhkəmənin qərarı olmadan kimisə təqsirləndirmək olmaz”.