Elşad Abdullayev Gülər Əhmədova ilə söhbətinin görüntülərini yaydı
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasındakı rüşvət qalmaqalı davam edir. Xatırladaq ki, bir necə gün əvvəl E.Abdullayev mediaya müraciət yayaraq, 2005-ci ilin parlament seçkiləri ərəfəsində deputat seçilmək üçün G.Əhmədovaya 2 milyon dollar verdiyini və əlində bunu sübut edən videomaterial olduğunu açıqlamışdı.
E.Abdullayev dünən redaksiyamıza vəd etdiyi videomaterialın bir hissəsini aşağıdakı məktubla birgə göndərib:
“Hörmətli redaksiya!
Mətbuat üçün bəyanatımı tam dərc etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Bəyanatla əlaqədar əks tərəfin – Azərbaycan Respublikası Prokurorluğunun və Gülər Əhmədovanın nə reaksiya verəcəklərini gözlədiyim üçün bəyanatda söhbət açdığım video və audio yazıları kütləvi informasiya vasitələrinə təqdim etməmişdim. Bəyanatın dərc olunmasından bir neçə gün keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir səs çıxmadı, yəqin ki, çıxa da bilməzdi. Çünki onlar həmin video və audio yazılarla tanışdırlar. Bu bir neçə gün ərzində bəyanatla bağlı gedən müzakirələrlə tanışam və bəzilərinin ümumiyyətlə, video və audio yazıların olmasına şübhə ilə yanaşdığını bilirəm. Bu şübhələrə son qoymaq üçün Gülər Əhmədova ilə danışığımızın video çəkilişindən bir fraqmenti sizə göndərməklə saytınızda yerləşdirməyinizi xahiş edirəm. Gülər Əhmədovanın məndən rüşvət alması barədə video və audio yazıların tam həcmini özüm yaxın günlərdə “youtube.com” saytında yerləşdirəcəyəm”.
Videokadrda nələr var?
“Azadlıq”a göndərilmiş kadrlarda Elşad Abdullayevin kabinetində sabiq rektorun Gülər Əhmədova və Sevinc Babayeva ilə birgə söhbəti öz əksini tapıb. Danışıqların məzmunundan belə anlaşılır ki, Elşad Abdullayev Gülər Əhmədova və Sevinc Babayeva ilə deputat seçilməsi üçün ondan istənilən məbləğin mübahisəsini aparır. Orada 500 min və 1 milyon söhbətinin getdiyi açıq eşidilir. Belə məlum olur ki, Elşad Abdullayev ondan deputat seçilməsi üçün əvvəlcə 500 min istənildiyini və bu məbləği Sevinc Babayevaya verdiyini israr edir. Sevinc Babayeva da bunu təsdiqləyir. Gülər Əhmədova da öz növbəsində məbləğin 1 milyon olmalı olduğunu deyir…
Gülər Əhmədovanın cavabı…
E.Abdullayevin məktubu və videogörüntü redaksiyamıza daxil olandan sonra Gülər Əhmədova ilə əlaqə saxladıq. Müraciətimizə deputatın köməkçisi Əhməd Şahidov cavab verdi: “Videoya baxandan sonra Gülər xanım xatırladı ki, həmin kadrlar 2005-ci ildə Beynəlxalq Universitetdə çəkilib. Orada heç də Elşad Abdullayevin iddia elədiyi kimi 2 milyondan söhbət getmir. O zaman Gülər xanım Yasamaldan millət vəkili idi. Ona 50-yə yaxın Yasamal sakini şikayət ərizəsilə müraciət eləmişdilər. Onların arasında Beynəlxalq Universitetin tələbələri, onların valideynləri, müəllimlər də vardı. Onlara Elşad vəzifə söz vermişdi. Şikayətçilər arasında Lüdmila adlı qadın da vardı, ona prorektor vəzifəsi vəd eləmişdi. Bu adamlardan külli miqdarda – 520 min pul yığmışdı. Bu insanlar şikayətlə Gülər xanıma müraciət eləmişdilər. O da millət vəkili kimi, onların şikayətlərini sistemləşdirib hüquq-mühafizə orqanlarına müraciət edəcəkdi. Bundan xəbər tutan Elşad Abdullayev Gülər xanımla əlaqə yaradıb, görüşə dəvət edib. Gülər xanım da ərizələri götürüb gedib onun yanına ki, aldadılan insanların pulunu qaytarmaq lazımdır. Elşad Abdullayev Gülər xanıma deyib ki, sən heç yerə müraciət eləmə, mən onların pulunu qaytaracağam – 90 min manat. Gülər xanım da hesablayıb görüb ki, ona müraciət eləyənlərə dəyən ziyan 520 mindir. Deyib ki, sən nə danışırsan, 90 min nədir? Insanların hamısının pulunu qaytarmaq lazımdır. O da yalvarıb, Gülər xanımdan 3 gün vaxt istəyib ki, heç yerə müraciət eləmə, 520 mini mən verəcəyəm. Zərərçəkmişlər arasında evini satan, maşınını satan adamlar vardı. 3 gündən sonra Elşad Abdullayev görüş təyin edib. Əvvəlcədən otağında kamera quraşdırıb. Gülər xanım köməkçisi Sevinc xanımla bu məsələ ilə əlaqədar gedib onun yanına. Elşad Abdullayev qəfildən söhbət əsnasında başlayıb deputat seçilməkdən, qardaşından danışmağa. Gülər xanım da təəccüblənib ki, sən nə danışırsan, biz tələbələrin pulunu qaytarmaq barədə danışmışdıq, sən də 3 gün vaxt istəmişdin, mən də gəlmişəm. Sən indi niyə hansısa nazirin, dövlət xadiminin adını çəkirsən? Gülər xanım etiraz eləyib çıxmaq istəyəndə Elşad Abdullayev onu saxlayıb, başlayıb ki, bu il seçki ilidir, mən deputat seçilmək istəyirəm və s.
Yayılmış görüntülərə mütəxəssislər də baxıb, təxminən 10 yerdə montaj olunmuş videodur. Həmin videoda Elşad Abdullayev Gülər xanımın onun məsələyə dəxli olmayan söhbətlərinə etirazları olan hissələri çıxarıb. Ona görə izləyicilərdə belə rəy yaranır. Amma görürsünüz ki, ortada heç bir pul yoxdur. 2 milyon söhbəti ümumiyyətlə yoxdur. Söhbət 500-520 mindən gedir ki, bu da aldadılmış şəxslərə dəymiş ziyanın məbləğidir”.
Ə.Şahidov onu da bildirib ki, gizli şəkildə insanların səsini yazmaq, çəkiliş aparmaq kobud qanun pozuntusudur. Qanunvericiliyə istinad edən Ə.Şahidov Cinayət Məcəlləsində şəxsi həyatın toxunulmazlığını pozma, şəxsi və ailə sirri olan məlumatları, sənədlərin, video və səs yazılarını yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulduğunu xatırladıb.
***
Videokadrlarda Gülər Əhmədovanın dilindən səslənən bəzi fikirləri təqdim edirik:
– Sən nə danışırsan, mən gedib camaatın prezidentdən keçən siyahısını pozdurmuşam;
– Mən Ramiz Mehdiyevə heç nə vermirəm, heç o, kimdənsə pul alan adam da deyil, pulu mən alıram, mən Gülər Əhmədova. Verirsən ver, vermirsən, özün bilərsən;
– O qədər deputat olmaq istəyən var ki…;
– Sən dedin 500, mən də 500 verdim (Elşad Abdullayev). O rəqəm dörd ay bundan qabaq deyilib (Gülər Əhmədova);
– Bu siyasətdir, nala-mıxa vurmaq olmaz. Alverdə nala-mıxa vura bilərsən, siyasətdə olmaz. Bunun cəzası ağır olur. Əli Insanov, Fərhad Əliyev kimi adamlar bunun cəzasını gördü. Nə sən onlardan artıqsan, nə mən. Nə sənin pulun onlardan çoxdur, nə mənim;- Bu, siyasi məsələdir, hakimiyyət məsələsidir…
Informasiya şöbəsi