Millət vəkili Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin onunla bağlı yaydığı məlum videoya münasibətini açıqlayıb. Xəbər portallarında dərc etdirdiyi açıqlamada millət vəkili bildirib ki, E.Abdullayev rəhbərlik etdiyi universitetdə baş verənlərlə bağlı ona kifayət qədər müraciət edənlərin, onda çoxlu sayda belə materialların olduğunu bilir, bu səbəbdən də qisas alır.
G.Əhmədovanın sözlərinə görə, o, eyni situasiyanı sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən sonra da yaşayıb: “Əli İnsanov həbs olunandan sonra Elşad Abdullayev məni 3 dəfə məhkəməyə verib. O bilirdi ki, mən 2002-ci ildə uşaq alveri ilə bağlı məsələ qaldırmışdım. Bundan yayınmaq üçün ona başa salmışdılar ki, məni indidən məhkəməyə verib, ona şər atdığımı iddia etsin. Yəni bu mənim üçün ilk hadisə deyil. Bu halı bir dəfə yaşamışam. Bu da ikinci hadisədir. Mənim üçün fərqi yoxdur. Mən materialları da yayıram, göndərirəm. İndi belə etməklə özü başa saldı ki, hansı dərəcədə günahkardır. Mən güman edirdim ki, o, bəlkə camaatın pulunu qaytaracaq. Çünki evi əlindən alınan, döyülüb gözü çıxarılan, intihar edən gəlinlər olub orada. Bunların hamısını açıqlayacağıq. Elşad Abdullayev nə edirsə etsin, dəxli yoxdur”.
Deputat deyib ki, onun Elşad Abdullayevə bəzi sualları da var: “Birinci, onda bu qədər pul hardandır? Əgər bu pulları leqal biznesdən qazanıbsa, onda vergisi hanı? Orqan mafiyasının başçısı daha neyləməlidir ki?”.
G. Əhmədova görüntüləri izləyib-izləməməsi, hansı hissəsinin montaj olduğu barədə suala isə belə cavab verib: “Əsəbimdən əməlli-başlı baxa bilməmişəm. Bircə başlıqları oxuya bilmişəm. Bütün gecəni isə bizdə olan materialları toplamışam. Ən çox baxdıqlarım sosial şəbəkələrdəki statuslar idi”.
Deputat video görüntünün çəkildiyi vaxtla bağlı suala konkret cavab verməyib: “Bir ayın içində mənim 40-50 cür video və foto görüntülərim ola bilər. Bu video isə neçə il əvvəlin görüntüsüdür. Bəlkə haradasa olanda çəkilib, yaxud da montaj olunub. Bu məsələləri hələ özüm araşdırmamışam. Bunları araşdırandan sonra bu suallara bir-bir cavab verəcəyəm. Mən heç vaxt suallardan qaçmıram. Onun danışıqlarından belə başa düşürəm ki, orda deputat seçkiləri-filan deyir, qardaşı ilə bağlı danışır. Yəqin, 2000-ci illərin əvvəllərindən söhbət gedir”.
G.Əhmədova artıq prokurorluğa müraciət etdiyini və E.Abdullayevlə bağlı materialları göndərdiyini deyib.
Deputat üzvü olduğu partiyadan və Milli Məclisdən bu görüntülərə hansı reaksiyanın verildiyi barədə suala isə qısa cavab verib: “Mənə heç kim heç nə deməyib”.
Gülər Əhmədova prokurorluğa müraciət etdi
•
•