(Parisdə Azərbaycan düşüncələri)
Ötən həftə bir qrup jurnalistlə Parisə getdik. Bu cür səfərlər dünyanın ən müxtəlif ölkələrindən olan media işçilərinin Fransa ilə tanışlığı üçün təşkil edilir və sadəcə bir gəzinti proqramı deyil. Bizim də maraq dairəmiz nəzərə alınaraq səfər proqramına çoxlu görüşlər, müzakirələr və tanışlıqlar salınmışdı. Şəxsən mənim üçün çox maraqlı idi, xeyli yeni məlumatlar ala bildim, olduqca ciddi təəssüratlarla geri döndüm. Təbii ki, əvvəldən axıra kimi də Azərbaycanın demokratikləşməsi üçün vacib olan məsələləri qaldırdım, ölkəmizdəki gerçək durumu çatdırdım, mövcud siyasi rejimin bizə hansı zillətlər yaşatdığını və gələcəyimiz üçün necə əngəllər yaratdığını söylədim. Fransanın bizim rejimlə müəmmalı isti münasibətlərini qınadım və bu yöndə müxtəlif suallar verdim. Təbii ki, bu iş təkcə mənim öhdəmdə deyildi, tanınmış həmkarım Zamin Hacı ilə suallarımız, etirazlarımız əsasən üst-üstə düşürdü.
Dərhal xatırladım ki, bura doğrudan da azadlıqlar ölkəsidir, nəyisə müzakirə etmək, nəyəsə etiraz etmək, ən əcaib sualı vermək normal sayılır. Bunu nəzəri olaraq bilirdik, canlı da şahid olduq. Özünüz nəticə çıxarın, təkcə Xarici Işlər Nazirliyinin mətbuat xidmətində 100 nəfər çalışır. Məsələ adamın sayında da deyil hətta, onların gördüyü işin mahiyyətindədir. Hər gün operativ şəkildə jurnalistlərin suallarına cavab verilir, həmin suallar və cavablar da qurumun saytında yerləşdirilir ki, hamı tanış ola bilsin. Həftədə bir gün isə canlı mətbuat konfransı olur. Bir gün öncədən bu tədbirə hazırlaşan diplomatların dizləri əsir. Bunu açıq deməkdən də çəkinmirlər. Onlar bütün həftə boyu düşünürlər ki, hansı suallar ola bilər, hansı “yaramaz jurnalist” hansı “əclaf sualı” verə bilər. Əvvəlcədən hazırlıq gedir ki, onların pişiyini ağaca dırmaşdırmağa gələn jurnalistləri razı sala bilsinlər.
“Yaramaz jurnalist” və “əclaf sual” kəlməsi mənə məxsusdur, siz isə cəmiyyətin sual təmsilçisi olan mətbuata diqqətli münasibətə baxın. Bütün nazirliklər, bütün dövlət qurumları mətbuata bu cür sayğı və diqqət göstərməyə borcludur və göstərirlər də. Məmurlar səhər işə gələndə qəzetləri həyəcanla oxuyurlar ki, birdən onların barəsində Eyfeli başlarına uçuran bir yazı gedər. Məmurlar mətbuatdan açıq şəkildə qorxurlar.
Siz elə bilməyin ki, bu adamlar oğru və rüşvətxor odluqları üçün qorxurlar. Nə də onlar Azərbaycandakı kimi xalqdan oğurlanmış pullardan konvertdə əlavə maaş alırlar. Özəl sektorda çalışanlardan az maaş alan bu insanları qorxudan bircə səbəb var. Birdən onların yanlış addımı, bacarıqsızlığı ortaya çıxar, gördükləri iş xalqı qane etməz. Odur ki, gecə-gündüz çalışır, yaxşı nəticələr əldə edir və mətbuata yaxşı məlumatlar vermək istəyirlər. Bilirəm deyəcəksiniz ki, fransızlar belə bir idarəçiliyi olan dövlətləri ilə fəxr etməlidirlər. Hər yanda şəffaflıq, hər yanda məsuliyyət, hər yanda əhaliyə yüksək diqqət var. Bu, ən yaxşı idarəçilikdir. Bizdə hətta aşkar oğru məmurlar mətbuatdan və xalqdan çəkinmir, min dəfə yazsan da oğurlamaqda davam edirlər, amma orada gecə-gündüz xalq üçün çalışanlar xalqın rəyində qorxurlar. Elə bir dövlətlə fəxr etməzlərmi? Düşünürsünüz ki, edərlər…
Amma yanılırsınız. Fransızlar həmişə narazıdır. Həmişə etiraz edirlər. Həmişə tələb edirlər. 20 ildir Fransa vətəndaşı olan bir gəlmə bunu belə ifadə etdi: “Narazı olmaq, etiraz və tələb etmək fransızların milli idman növüdür!”.
Bunu eşidəndə yadıma bilirsinizmi nə düşdü? Azərbaycanı talayan bir rejimə bizim ölkədəki mədhiyyələr. Məgər yaltaqlıq da bizim milli idman növüdür? Biz nə üçün belə yaşamalıyıq? Hətta etirazçı kəsimdən olan adamlar birdən Ilham Əliyevə təşəkkür edirlər bu ölkədə. Hətta tutaq ki, bir yaxşı iş görüb. Hər yandan təşəkkür və təbrik başlayır. Bunlar guya ədalətli insanlardır, ağa ağ, qaraya qara deyirlər. Borcu yaxşı işlər görmək olan hakimiyyətə və idarəçilərə təşəkkür etmək bir ənənə olaraq tarixdən silinib. Normal cəmiyyətlərdə buna görə adama pis baxarlar. Deyərlər ki, rəhbərə təşəkkür normal niyyətlə edilə bilməz.
Ondan-bundan da maraqlandım ki, insanlar prezidentin addımına görə ona təşəkkür edirlərmi. Hər dəfə də sualı verdiyimə görə utandım. Belə şey olar?! Bu ölkədə yaxşı işlərin üzərində dayanmırlar. Yaxşı iş görüblərsə, burada təəccüblü nə var, borclarıdır bunu etmək! Yaxşı işin mükafatı odur ki, onu pisləmirsən. Amma Fransada hətta yaxşı işi tənqid edirlər – bundan daha yaxşı ola bilərdi deyə. Əgər cəmiyyətdə debatlar gedərsə, sən hakimiyyətin mövqeyini dəstəkləyərsənsə, sadəcə bunun yanlış olmadığını deyirsən, debat dərin olsa, onda bu mövqeyin düzgün olduğunu deyirsən. Təşəkkürün əvəzinə insanlar gedib həmin partiyaya və ya liderə yenidən səs verir, seçildikləri halda da “sənə səs vermişəm” minnəti ilə ondan tələb etməyə başlayır…
Bu barədə ən maraqlı mülahizələri isə ötən il bir naziri öz araşdırması ilə istefaya yollamağı bacaran jurnalistdən eşitdik.
Mövzunun davamı olacaq…