Bir quru salama layiq görülməyənlərin Parisi «fəth etməsi» barədə…
Sentyabrın 18-də Ilham Əliyevin Paris səfərilə bağlı diaspor təşkilatlarının yaratdığı hay-küyün uğultuları hələ də səngimək bilmir. Bu uğultular onu göstərir ki, “diaspor” deyiləndə Rusiyadakı bazarlardan başqa bir şey düşünməyən Prezident Administrasiyasının məsul şəxsləri özlərini bu yolla həm də Ilham Əliyevin gözündə qaldırmaq istəyirlər. Zatən Administrasiyada diaspor üzrə sektor rəhbəri Qafar Əliyev olanda başqa bir şey düşünüləsi deyil ki…
Bu Qafar Əliyev həmin o Qafar Əliyevdir ki, zamanında “Azadlıq” radiosuna qarşı yaradılmış oyuncaq “Azad Azərbaycan” radiosunun rəhbəri idi. Eyni zamanda, “Azad Azərbaycan” adlı bir maklaturanı idarə edirdi. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun qohumu olduğuna görə Sədərəkdən sadə müəllim postundan diasporla iş sektorunun rəhbəri vəzifəsinə qədər gəlib çıxa bilən Qafar bəy, indi də diaspora “xaç atalığı” edir. Vaxtilə demokratiyaya, azad mətbuata qarşı vuruşan birinin indi dünyanın demokratik ölkələrindəki diasporu rəsmən idarə etməsi nə qədər ironik olsa da, realdır…
Onu da qeyd edim ki, Neft Şirkətinin sponsorluğu ilə baş tutan 18 sentyabr Paris aksiyası zamanı öncə xəbər yaydılar ki, guya, ermənilər Fransadakı səfirliyimizə hücum edəcəklər. Sonra isə xəbər yayıldı ki, bəs Ilham Əliyev şəxsən aksiyaya qatılacaq. Nəticədə bir çoxları da hakimiyyətə xoş gəlmək üçün aksiyaya yollandılar.
Maraqlısı budur ki, iş günü başa çatandan sonra – saat 18-də Ermənistanın Parisdəki səfirliyinin önünə yığılaraq şüarlar hayqırdılar. Bağlı səfirlik önündə hayqırılan şüarları kimin dinlədiyi bəlli olmasa da, təşkilatçının hakimiyyət olduğunu nəzərə almaqla, bu aksiyanı normal saymaq olardı. Zatən Qafar Əliyev tərəfindən idarə olunan diaspor təşkilatlarından bundan artıq nəsə gözləmək mümkünsüzdür. Lakin o anormaldır ki, bu qədər insanın (hansı niyyətlə getməklərindən asılı olmayaraq – F.H.) Parisə getməsinin qarşılığında Ilham Əliyev və xanımı Azərbaycan səfirliyinin önünə çıxıb bu adamlara bir quru təşəkkür belə etmədilər. Sadə bir əl yelləmək belə olmadı.
Mən aksiyayla bağlı narazılıqlara toxunmuram. Heç onu da yazmıram ki, Almaniyadan gedənlərin oteldə qalmasının, 30-50 avro arası cib xərcliyi almasının qarşılığında Hollandiya və Belçikadan gedənlərin bundan mərhum olması narazılıq yaradıb. Ancaq dəhşət budur ki, insanlar gün ərzində 14-15 saat yol qət etmələrinə rəğmən bir salama belə, layiq görülmədilər. Çünki hakimiyyət diaspora da oyuncaq kimi baxır. Yəni, “nə zaman istəsək, pulunu verib istədiyimiz yerdə istədiyimiz havaya oynada bilərik” düşüncəsilə yanaşırlar. Onların bu cür düşünməsinin səbəbi isə elə diaspor adlanan azərbaycanlılardır. Zamanında ən müxtəlif problemlərdən Avropaya pənah gətirənlərin dünənindən, oturum alan zaman verdiyi müsahibədən utanmadan yenə rejimi dəstəkləmələri onların oyuncağa çevrilməsinə gətirib çıxarır. Oyuncağa isə təbii ki, salam verməzlər. Həm də öz vətənində mitinq keçirmək, söz demək haqqı olmayanların Avropanın mərkəzində etiraz mitinqi keçirmələrinə Ilham Əliyev başqa necə münasibət bəsləməli idi ki?..

Diaspor Parisi “partlatdı”
•