“Azərbaycanda keçirilən parlament seçkilərində istər müxalifət olsun, istər iqdidar nümayəndələrinin rüşvət yolu ilə mandat əldə etməsi qeyri-mümkündür”
“Mən bu günlərdə Bakıda deyildim. Gülər Əhmədova ilə bağlı məlumatları mətbuatdan bu gün oxumuşam. Əlbəttə, mən heç cür inanmaq istəmirəm ki, belə bir hadisənin doğruluğu sübut olunsun və bu fakta inanmıram”. Bunu “Qafqazinfo”ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı partiya və deputat həmkarı Gülər Əhmədovanın rüşvət videosu ilə bağlı açıqlama verərkən deyib. O, bu videonun yayılmasında iki variantın olduğunu düşünür: “Bu ya şantajdır, ya da doğru informasiyadır. Belə şantajlar, təxribatlar, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə çox olur. Hər iki halda hesab edirəm ki, bu qurma bir iş olsa da hüquq-mühafizə orqanları bu işlə bağlı ciddi araşdırma aparmalıdır. Heç bir vətəndaşa qarşı böhtan olmamalıdır. Bu istər sadə vətəndaş olsun, istərsə də hansısa bir vəzifəli şəxs və ya siyasətçi fərqi yoxdur. Bizim cəmiyyətimiz də, hüquq-mühafizə orqanlarımız da birmənalı olaraq buna etirazını bildirməlidir. Düşünürəm ki, hər iki halda hüquq-mühafizə orqanları obyektiv və dərindən araşdırma aparmalıdır”.
M. İbrahimqızı deyib ki, Azərbaycanda rüşvətlə deputat seçilmək mümkün deyil: “Dövlətimiz neçə illərdir korrupsiyaya qarşı mübarizə aparır. Azərbaycanda keçirilən parlament seçkilərində istər müxalifət olsun, istər iqdidar nümayəndələrinin rüşvət yolu ilə mandat əldə etməsi qeyri-mümkündür. Azərbaycanda belə bir fakt olmayıb”.
Millət vəkili dünya təcrübəsində belə halların olduğunu da vurğulayıb: “Dünyanın istənilən ölkəsində baş verməsindən asılı olmayaraq, bu hal sübuta yetirilsə həmin məmur və ya həmin siyasətçi o dəqiqə isetafa verməlidir. Hesab edirəm ki, istefa verməklə də, onlar öz günahını yüngülləşdirmiş olur” .