Azərbaycanın dövlət sərhədini pozduqlarına görə saxlanılan 6 Gürcüstan vətəndaşı, o cümlədən, 3 erməni azadlığa buraxılıblar. Bunu Ermənistanın Gürcüstandakı səfiri Ovanes Manukyan “Panorama.am”a açıqlamasında deyib. Səfirin sözlərinə görə, ermənilər artıq evlərindədirlər.
Ovanes Manukyan deyib ki, üç erməni, iki gürcü və bir azərbaycanlı (səfir belə desə də, saxlanılanların siyahısında azərbaycanlı yoxdur) sentbyarın 23-də Candar (Ağgöl) gölündə balıq tuturlarmış. Lakin hava şəraiti üzündən onlar gölün Azərbaycana aid hissəsinə keçiblər və sərhədçilər tərəfindən saxlanılıblar. Səfirin sözlərinə görə, insidentdən dərhal sonra Ermənistanın Gürcüstandakı səfirliyi bu ölkənin müvafiq xidmətləri ilə əlaqə yaradıb. Onlar isə Azərbaycan tərəfi ilə insidentin təfərrüatlarının araşdırılmasına başlayıblar.
Xatırladaq ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Ağstafa rayonu ərazisindəki Ağgöl gölündə dövlət sərhədini pozmuş 6 Gürcüstan vətəndaşını sərhəd pozucusu qismində saxlayıb. Gürcüstan vətəndaşları 1 ədəd rezin və 1 ədəd dəmir qayıqla dövlət sərhədini pozarkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
İlkin araşdırma zamanı sərhəd pozucularının Gürcüstan vətəndaşları – 1962-ci il təvəllüdlü Xixityaşvili Zurab Konstantinoviç, 1954-cü il təvəllüdlü Qoqilyadze Nodar Sergeyeviç, 1976-cı il təvəllüdlü Zabiyev Valeri Kiktaroviç, 1943-cü il təvəllüdlü Arzumov Eduard Martinoviç, 1948-ci il təvəllüdlü Lexandiyan Sergey Suriyanoviç və 1948-ci il təvəllüdlü Sarkisyan Mişa Haykoviç olduğu müəyyənləşdirilib (ans press).