Vəziyyətdən çıxmaq istəyən rektor, özünü dolaşdırdı
“Azərbaycan Dillər Universitetində sifariş əsasında yoxlama aparılması ilə bağlı bəzi KIV-də yayılan məlumatların əsası yoxdur. Bu məlumatlar tamamilə cəfəngiyatdır”. Bunu “Amerikanın Səsi” radiosuna Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov bildirib.
O şəxsən özünün Hesablama Palatasına yoxlama aparılması üçün müraciət etdiyini deyib. “Mənim şübhələrim var idi. Bu səbəbdən də bu ilin mayında Hesablama Palatasına yoxlama aparılması üçün müraciət etdim və araşdırma nəticəsində müəyyən faktlar ortaya çıxdı. Təbii ki, bunun əsasında cinayət işinin qaldırılması qanunauyğundur”, – rektor qeyd edib.
Xatırladaq ki, Hesablama Palatası Azərbaycan Dillər Universitetində apardığı yoxlamalar ciddi maliyyə pozuntuları aşkarlayıb. Qurum topladığı materialları Respublika Prokurorluğuna göndərib. Öz növbəsində, Respublika Prokurorluğu Azərbaycan Dillər Universitetində baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, bütün bunların arxasında Səməd Seyidovun “vurulması” prosesinin başlanması dayanır. “Azadlıq” da bu istiqamətdə bir neçə məlumat dərc edib. Səməd Seyidovun yoxlamanı sifariş əsasında aparıldığını inkar etsə də, hakimiyyətdəki mənbələr yayılan məlumatların əsassız olmadığını bildirir. Rektorun açıqlaması isə vəziyyətdən çıxmaq cəhdi kimi dəyərləndirilir. Əslində Səməd Seyidovun yoxlama aparılması ilə bağlı Hesablama Palatasına müraciət etməsi barədə söylədikləri inandırıcı görünmür. Əvvəla, Səməd Seyidovun bu fikri Hesablama Palatasının fəaliyyət planına ziddir. Yəni, sözügedən qurumu audit şirkəti deyil ki, şəxsi müraciətlər əsasında yoxlamalar aparsın. Ikincisi, Səməd Seyidov doğru deyirsə belə, bəs nədən Hesablama Palatası yoxlamanın nəticələrini ictimailəşdirib? Məntiqlə rektorun adına ləkə gətirən bu hay-küy baş verməməli idi. Biz hələ onu demirik ki, Hesablama Palatası topladığı materilalları Respublika Prokurorluğuna göndərib. Bu qurum da dərhal faktla bağlı cinayət işi başlayıb…
Hikmət