Siyasətin daha bir cəhəti haqda…

Ölkələr nə qədər qəliz olursa, onların siyasəti də bir o qədər mürəkkəb olur. Amma siyasətə baxışda ümumi detallar və oxşar cəhətlər də tapmaq elə də çətin məşğuliyyət deyil. Çox yerdə siyasətə oyun kimi baxırlar. Amma mən
ona fikir vermişəm ki, əksər anlayışların bir məişət mənası olur, bir də ciddi elmi mənası.
Oyun da belədir. Riyaziyyatçı üçün siyasət, iqtisadiyyat, hətta demokratiyanın özü də riyazi oyundur. Onun üçün bunlar, sadəcə, cəmi sıfır olan (C.fon Neyman) və yaxud sıfırdan fərqli olan (C.Neş) oyun modeli kimi təzahür edir. Amma məsələnin bu aspektinin dərinliklərinə varmaq bizi çox uzaqlara, kütləvi müzakirələr üçün məqbul olmayan formalara və adicə publisistika çərçivələrini aşan mətləblərə aparıb çıxara bilər. Ona görə də mən məsələnin o tərəfinin müzakirəsini dayandırır və keçirəm siyasətdə oyunun adi məişət mənasına…
Bəs insanlar “Siyasət oyundur!” deyəndə nə nəzərdə tutur? Bunun açıqlaması rusca çox gözəl səslənir. Buna “teoriya zaqovora” deyirlər. Bəzən “konspirologiya” sözündən də istifadə edirlər. Mənası sadədi: siyasət bizim üçün qapalı dairələrdə müəyyən edilir! Bizsə bu oyunda hansı havanı oynadığının fərqində olmayan rəqqaslara bənzəyirik…
Çox qəribədir. Insanların istənilən siyasi prosesə ilk reaksiyası məhz belə olur: oyundur! Bəzən onlar haqlı olur, bəzən də səhv edirlər. Nə vaxt haqlı olur, nə vaxt isə yanılırlar – bunu birmənalı şəkildə iddia etmək çətindir. Amma demək olar ki, əsasən qapalı siyasi sistemlərdə siyasət konspiroloji çalarlar kəsb edir, adi insanların gözündə oyun təsiri bağışlayır. Bir də görürsən ki, kimsə deyir: “Sən demə, mən on illərlə adi bir siyasi oyunun qurbanı olmuşam”. Nə demək olar? Şəffaflıq olmayanda çox şey ola bilir və hər şey qaranlıq otaqda qara pişiyi və ya qara qutunu axtarmaq qədər qəliz və mürəkkəb görünür. Bəs bizim öz təcrübəmiz nə deyir? Mən burada birmənalı mülahizələr irəli sürmək istəməzdim, amma…
Keçmişə və bu günə ötəri baxış…
Bəri başdan qeyd edim ki, bu, həm də sosial-psixoloji məqamdır. Insanlar üçün hanısısa siyasi prosesin oyun olduğunu iddia etmək heç də asan başa gəlmir. Bu, bəzən mənəvi sarsıntılar, böhranlar yaradır, cəmiyyətdən təcrid olunmağa və sosial fəallığın azalmasına gətirib çıxarır. Axı necə etiraf edib deyəsən ki, sən hansısa bir prosesdə uzun illər robot olmusan, onun-bunun dediklərinin fərqinə varmadan onları icra etmisən, ən başlıcası, inanmısan və bütün varlığınla bu prosesə bağlı olmusan! Lakin bir gün bəlli olub ki, bu, sadəcə, bir oyun olub…
Siyasətçilərin özlərinin buna reaksiyası birmənalıdır. Onlar dərhal qayıdıb deyir ki, siz nə danışırsınız, nə oyun-filan?! Lakin bu məqamda mən bir detalı xatırlayacağam. Ə.Elçibəy hakimiyyəti H.Əliyevə təhvil verərək ucqar Kələkiyə çəkilmişdi. Amma bizi uzun illər vadar etdilər ki, H.Əliyevin adının əvvəlində prezident sözünü işlətməyək. Indi bu, gülməli görünür, amma o vaxt kimsə H.Əliyevin adının əvvəlində prezident sözünü işlədirdisə, onu dərhal Əliyevə “işləməkdə”, əsl “qanuni hakimiyyət”in maraqlarına xəyanət etməkdə və öz təşkilatının siyasi prinsiplərini pozmaqda suçlayırdılar.
Bunu deməklə mən heç də keçmiş üçün peşmançılıq hissi keçirmirəm. Qətiyyən! Mənim o vaxt və indi H.Əliyevin adının əvvəlində prezident sözünü işlətməməyimin və ya yazmamağımın özəl səbəbləri vardı. Prezidentlik seçkili institutdur. Amma mənim H.Əliyevin vaxtında keçirilən seçkilərin düzgünlüyünə həmişə böyük şübhəm olub. Fəqət, digər insanlar da belə düşünürdümü? Bilmirəm.
Bəs belə oyunlardan özünü necə hifz etməli? Necə etməli ki, on ildən sonra dizinə vurub ağlamayasan ki, bəs, mən ömrümü necə bir faydasız işə həsr etmişəm?
Başqasının havasına oynamamaq üçün…
Hə, siyasətin nəyi olmasa da, öz qanunları var, bunu gərəkdir ki, etiraf edək.
Siyasətdə hamı bir-birindən istifadə edir, biri çox, biri az! Siyasətdə hamının və hər bir adamın prinsipi olur. Təbii ki, bu prinsiplər uzlaşmayanda ümumi oyuna girmək çətin olur. Lakin hər bir prinsip bir dairə cızır. Sənin prinsipin də bu dairələrin içində olmalıdır ki, oyuna qoşula biləsən. Sadəcə, əvvəldən nəyə getdiyini, öz məqsədini bilməlisən. Adi bir misal deyim. Iyirmi dörd ilin ərzində mənim çoxlu “siyasi titullarım” olub. Amma mən mətbuatda, başqa bir yerdə heç vaxt onların adını çəkməmişəm, özümü həmişə müstəqil şəxs kimi təqdim etmişəm. Ona görə ötən illər üçün peşmançılıq yoxdur. Ən pis halda, heyfslənmək var. Bir səbəbdən ki, mən istədiklərimin çoxunu həyata həyata keçirə bilmədim, arzuladığım cəmiyyəti görə bilmədim… Amma mən öz oyunumu oynadım.
Çalışın, sizin də öz oyununuz olsun. Onda uğursuz nəticələr sizi üzməyəcək, “başqalarının oyunu”na düşdüyünüz üçün kədərli anlar, peşmanlıq dolu saatlar yaşamayacaqsınız, keçmişi anmaq sadəcə, bir ruhi rahatlıq gətirəcək sizə…